·560 syf.··Beğendi
···Okunma: 25 Temmuz 2021 04:00 Alman yazıçısı olan Erich Maria Remarque əsərlərində Alman xalqının hər iki dünya müharibəsinin səbəbkarı olmasına baxmayaraq daxilində olan humanist’liyi bədii əsaslarla sübut edir. Remark sadəcə Müharibə mövzusunda yazıb yaratmışdır. Spesifik olaraq deyə bilərəm ki, Dünya Ədəbiyyatında müharibə janrında Remark qədər mənəvi sarsıntıları ustalıqla təsvir edən ikici bir yazıçı tapmaq mümkün deyil. Remark əsərlərinin qəhrəmanlarını öz həyatının müxtəlif mərhələlərinin bədii ifadəsinə çevirmişdir. 1933-cü ildə, Nasistlərin hakimiyyətə gələndə, yazıçı, “Zəfər Tağı” romanının qəhrəmanı olan Ravik kimi vətəndən didərgin düşmüş, mühacir həyatının acısını dadmışdır.
1946-cı ildə yazılan “Zəfər Tağı” romanında, Almaniyanı tərk edib Fransada qaçaq həyat keçirən istedadlı cərrah Ravikin mühacir həyatından danışılır. Soyuqqanlılığı ilə diqqəti cəlb edən Ravik bir növ, kapitalizm cəmiyyətinin insana xas özgələşməsinin qurbanıdır. Hər iki Dünya müharibəsinin qurbanı olan Ravik: birinci Dünya qırğını onu daxili mühacirə çevirmişdisə, nasistlərin hakimiyyətə gəlməsi buna xarici mühacirət də əlavə edir. Bununla belə Ravik insanlığını, humanizmini itirmir. Rus mühaciri Morozov, baş həkim Veber kimi sadiq dostlar da qazanır. O, dost yolunda, insan uğrunda, məhəbbət naminə canından keçməyə hazırdır. Peşəkar cərrah olmasına baxmayaraq, hər xəstənin üzərində əsir. Bəlkə də, böyük cərrahlıq istedadının mayası onun humanizmindədir. Ağır zamanlarda, məhəbbət kimi zərif hissi qoruyub saxlaya bilmək bacarığı, elə məğlubedilməz humanizmin təsdiqinə çevrilir. Romandakı bütün hadisələr Ravikin ətrafında formalaşır, onun daxili aləmini açmağa xidmət edir. Bu baxımdan müəllifin təhkiyəsi kitabı oxuyanlarda böyük marağ doğurur. Diqqətlə fikir verdikdə gözə çarpır ki, sanki əsər baş qəhrəmanın dili ilə nəql edilir. Axı Ravik bircə dəqiqə də olsun səhnəni tərk etmir. Bəs məqsəd? Məqsəd aydındır: müəllif üçüncü şəxsi işlətməklə, öz qəhrəmanını insan ləyaqətinin tapdalandığı zəmanədə də ən yüksək, misilsiz varlıq kimi təsdiq edir. Yazıçı əsərdə bir neçə siyasi məqamlara da işarə edir məsələn: Əsərin sonlarında Ravik, müharibəyə hazırlaşan Fransa ordusuna baxarkən öz içindən “Atlar - deyə ürəyindən keçirdi - Atlar! 1914-cü ildəki kimi… Tank görünmürdü. Atlar…” . Fransa birinci Dünya müharibəsindən qalib çıxdığına görə özündən çox əmin idi və orduya biganə yanaşırdı. Fransa ordusu köhnə silah sursat ilə təchiz edilmişdi, Almanlara zəif rəqib gözü ilə baxırdılar. Özlərindən əmin olan Fransızlar ən pis halda Majino müdafiə xəttinə güvənirdilər. Bu biganəlik tək Fransa üçün keçərli deyildi. Bütün qərb dövlətləri Almanyanın supergüc olduğu vaxtda heç bir önləmə etmədilər. Və sonda 70 milyon insan həyatını itirdi. Yazıçının burda vurğulamaq istədiyi nöqtə də bu idi. Son olaraq Remarkın sözləri ilə bitirmək istəyirəm: “Mən öz oxucumu nə inandırmaq, nə tovlamaq, nə də tərbiyə etmək istəyirəm. Mənim mövzum əsrimizdə yaşayan insanın taleyi, humanizm məsələləridir. Mən yalnız qəlbimi riqqətə gətirən hadisələri qələmə alıram… Əqidəm isə fərdiyyətçinin əqidəsidir: azadlıq, dözüm, yumor…”