Bununla Qaraqanı tamam bitirmiş oluram. Çox yerdə Qaraqanın yazılarının plagiat adlandırıldığının şahidi olmuşam. Və bu kitabı oxuyandan sonra razılaşdım, amma başqalarının yox, öz kitablarının plagiatı. Çünki ikinci addımla demək olar ki, eyni sütuna malik idi. Lakin kitabların xronologiyasına baxdıqdan sonra hər şey aydınlaşdı. Birinci bu kitab, ondan sonra trilogiya yazılıb. Və anladım ki, bu kitabın qadağa olunması təsadüfi deyil. Cümlələrin və mövzunun ağırlığı bir oxucunu çətin hala sala bilərdi. Hətta ard arda alıntılar paylaşarkən bir anda anladım ki, hələ hamı buna hazır deyil. Daha öncədən də dediyim kimi bunları oxumaq üçün gərək bütün bildiklərini cibinə qoyub boş bir qədəhlə başlayasan. Kor koranə hamıya Qaraqan oxuyun deməyimin mənasız olduğunu anladım və geri çəkirəm. Bu kitabda da deyildiyi kimi "əgər kimsə yalanları ilə xoşbəxt yaşamaq istəyirsə oxumasın." İndi bunu oxuyan şəxs, həyatın, həqiqətin, inandıqların səni xoşbəxt edirsə bu yazardan uzaq dur. Etmirsə qoşul bizə.
Təbii ki, bu düşüncələri qadağan kitabda qalmasına razı ola bilmir ardınca birinci addımdan yüngül giriş edib, daha doğrusu öncə oxucunu buna hazırlaşdırıb ikinci addımı yazır və o kitabda da eyni şeyləri daha səliqəli, uşağa başa salarmışcasına yox, daha qeyri-kobud və hörmətli şəkildə qələmə alır. + yersiz sevgi hekayəsi qatmır. Buna görə əgər ikinci addımı oxumusansa şeytanın kitabını oxumaya bilərsən. Çox xoşbəxt hiss elədim ki, birinci ikinci addımı oxumuşam çünki bu kitabla başlamış olsaydım indi hansı boşluğun hansı hissəsində olacağımı təsəvvür belə edə bilməzdim.
İnceleme bu qədər. İstəyirəm son olaraq bir təşəkkür hissəsi ayırım yazara. Çünki minlərlə azərbaycanlı gəncin (eyni həyata, eyni taleyə məxsus fərqli şəxslərin) dəyişimində və inkişafında başdan ayağa kimi əlindən tutduğuna görə buna layiqdir. Birinci hər bir kəsin içində çırpınan üsyanı ortaya qoyar, düşdüyü coğrafiyanın çətinliklərinə, ümumi ədalətsizliklərə, səni heç vaxt anlamayacaq insanlara qarşı olan üsyan (bax: A, Mələk ). Ardınca xoşbəxtlik axtarışı (bax: Birinci Addım). Sonra ən çətin hissə olan həqiqət axtarışı, illərcə gözümüzə salınan pərdənin qalxma prosesi (bax: İkinci Addım). Və həqiqətdən sonra düşülən boşluqdan çıxma cəhdləri (bax: Üçüncü Addım ). Son olaraq da həmin boşluqdan çıxmış azad insan (bax: Art və Xaos ). Bütün bu yolda bizə yoldaşlıq etdiyin üçün sənə minnətdarıq Qaraqan, əlvidalarını paylayıb getsən belə ♥︎