8/10
·208 syf.··
Beğendi
·
2021 13. kitabı
·
7 günde okudu
·
Okunma: 20 Ağustos 2021 18:29
Farengeyt 451 antiutopik ədəbiyyatının ən məşhur nümunələrindəndir. 1953-cü ildə yazılmış, həmin dövrün problemlərini ələ alan əsərdir. Lakin bu kitabı "elmi-fantastikanın zirvəsi" adlandırmaq... Bu əsərdəki hadisələr gələcəkdə baş verir və elmi-fantastik olmaması mümkün deyil, amma bir zirvə olacaq qədər element görmədim. Dövrünə görə daha güclü elmi-fantastik yazıçılar və əsərlər tanıyırıq. Məsələn: Herbert Uells "Zaman Maşını", və yaxud da Jül Vernin bir çox əsəri. Bu kitabı isə, sadəcə, uğurlu bir distopik əsər adlandırmaqla kifayətlənirəm. Kitabları yandırmaqla məşğul olan Monteqin başına gələnləri oxuyuruq. Bunun timsalında yazıçı həmin dövrün insanlarını, aradakı əlaqələrin zəifliyinə məharətlə vurğulayıb. Kitabı oxuduqca texnologiyanın insanları real həyatdan necə ayırdığını hiss edirik. Əsərin yazıldığı dövrdə televizorlar geniş yayılmışdı və kitab oxumağı çox sevən Bredberi buna etiraz olaraq Farengeyt 451-i yazmaq qərarına gəlir. Öz dövrünün insanlarının kitabları necə beynində yandırdığını göstərmək üçün. Kitabı oxduqca təəccüblənməmək mümkün deyil. Bredberi sanki müasir dövrün problemlərini yazıb. Mildredin öz kiçik "balıqqulaqlarıyla" real həyatdan qopduğu, "qohumların" insanları öz dünyalarına çəkməyi XXI əsrin hansı problemləri olduğunu oxuduqca anlayırıq. Tənqidləriylə, yaratdığı antiutopiya ilə Rey Bredberi ortaya gözəl bir əsər qoyub, kitablara olan münasibətimizi daha yaxşı anlamaq üçün mütləq oxunmalı bir əsərdir. İlkin rəyim bu qədər, indi keçək daha dərinə. Şiddətli spoiler Əsər yandırmağın verdiyi həzz ilə başlayır. Hər peşə sahibinin öz peşəsinə qarşı hiss etdiyi ləzzəti olur və yanğınsöndürənlərdə yandırmağın ləzzət etdiyini inkar etmirlər. Və Monteqin həyatına qayıdırıq. Kitabın ilk 30 səhifəsində "Burada nə baş verir?" sualını tez-tez veririk. Hadisələr o qədər qəribəliklə təsvir olunub ki, həmin dünyanı beynimizdə canlandıra bilmirik. İlk Klarissa ilə görüş baş verir. Klarissa isə öz dövrünə görə "dəli" adlandırıla biləcək bir gənc qızdır. Onu Balaca Şahzadəyə də bənzətmək olar, ətrafdakı adi hadisələrə maraqla yanaşır. Monteqlə Klarissanın söhbətindən sonra Monteq evə qayıdır. İkinci gecəki ikinci söhbətdən bir neçə gün sonra Klarissanın öldüyünü oxuyuruq. Və beynimdəki bir çox sualdan ilki: "Klarissa hansı sözü ilə Monteqə təsir etdi?" "Niyə əsərdə önəmsiz bir personaj kimi həyatı sadəcə bir neçə gecə ilə məhdudlaşdırılıb?" Klarissanın sözlərində təsiredici sözlər vardı, lakin insanın fikirlərini birdən dəyişəcək bir fikir yox idi. Tutaq ki, belə bir cümlə var idi, lakin biz onu hiss etməmişik. Ən azından, Monteqin daxili fikirlərini əks etdirəcək bir monoloq bizə hər şeyi anlada bilərdi. Bu problem əsərin bir çox yerində var. Monteq bir hadisə görür və fərqli bir reaksiya verir, Monteqin daxili aləmini isə yazıçı bizim öhdəmizə buraxır. Sən isə fikirləşib Monteqin niyə belə etdiyini tapırsan, lakin bu kitabı oxuma sürətini xeyli azaldır, həmçinin əsər çox quru görünür. Daha sonra biz Monteqin yanğınsöndürən həyatını izləyirik. Onlar bir qadının evini yandırmağa gedirlər. Bu hadisə də Monteqə çox təsir edir. Amma niyə və necə təsir etdiyini Monteqin daxili aləmi ilə yenə bizə qalır. Təbii ki əsərdə Monteqin düşüncələri yer alır, lakin bunlar o qədər azdır ki, onunla tam empatiya qura bilmirik. Sonra Monteqin evdə kitab saxladığını öyrənirik. Və növbəti sual: "Bu kitablar nə zaman alınıb?", "Monteq necə oldu ki, həyatında dəyişiklik edib belə təhlükəli addım atdı?". Yenə naməlum. Əsərin bir problemi də ondadır ki, əsər bir az bünövrəsi zəif yazılıb. Oxuduqca bizə elə gəlir ki, sanki, Bredberi Monteqin həyatını əsaslı şəkildə başqa kitabında qələmə alıb və artıq biz bu kitabı oxuduqca Monteqi daha yaxşı başa düşməliyik. Daha sonra biz Faber ilə tanış oluruq. Faberlə Monteqin söhbətində daha tənqidedici fikirlər ola bilərdi, lakin bu, bir neçə cümlə ilə kifayətləndirilib. Sonra Monteq Mildredin dostları ilə mübahisə edir. Burada yenə yazıçı öz əsaslı tənqidlərini dilə gətirib. Daha sonra yanğınsöndürənlər Monteqin evini yandırmağa gedirlər. Bu o qədər tez baş verir ki, sanki hansısa qısaldılmış mətn oxuyursan. Faberlə Monteqin sistemə qarşı mübarizələrini daha da uzatmaq olardı, lakin bu, bir neçə saat sonra bitir. Kitabın bəyənmədiyim üçüncü xüsusiyyəti isə çox qısa yazılmasıdır. Klarissanın söhbəti, Monteqin yanğınsöndürmə işləri, Faberlə mübarizəsini daha da çox və aydın yazmaq olardı. Beləliklə biz bu qəribə yanğınsöndürmə peşəsi ilə, hökümətin iç üzü ilə daha yaxşı tanış ola bilərdik. Bir digər distopik əsər olan 1984 əsərini bu əsərlə qarşılaşdırsaq, buradakı hökümət təsvirlərinin, Uinston və Monteqin daxili dünyalarının fərqlərini açıqca hiss edirik. 1984 yaratdığı dünyanı izah etmək cəhətdən daha dolğun əsərdir. Dediyim kimi, əsər sanki qısaldılmış mətndir. Əsərin qalan son hissələri isə yerində yazılmışdı. Lakin bütün bunlara baxmayaraq, əsərin təsvir gücü çox güclüdür. Bredberi gələcəyi sirli bir dünya kimi təsvir etməyi bacarıb və yaratdığı gələcək modelini süniləşdirməyib. İndi isə Farengeyt 451-in fəlsəfəsinə baxaq. Cahil insanlar daha mı xoşbəxtdirlər? Ağıllı insanlar bir çox fikri ağıllarına salaraq daha mı pessimist olurlar? Xoşbəxtliyin açarı cahillikdədir? Bu kimi suallar kitabı oxuduqca beynimizdə dolaşır. 1984-ü oxuduqca həmin sistemin fəlsəfəsi tez-tez rədd edilir, doğru yolun bu olmadığı deyilir. Lakin Bredberi bu fikrini əsaslandıraraq son nəticəni bizə buraxır. Həmin dövrdəki normal bir insan böyüyür, iş sahibi olur, "qohumlarla" əylənir. Onu məyus edəcək heç bir şey yoxdur. Nə onu ağladacaq kitablar, nə də depressiyaya salan fikirlər yoxdur. Və o, xoşbəxt şəkildə həyatına davam edir. Bu dünyadakı hökümət də xalqının məyus olmaması və daha yaxşı manipulyasiya üçün düşündürücü fikirlərlə dolu kitabları yandırır. Artıq insanlara əsl xoşbəxtlik və əsl məyusluq verən kitablar yoxdur. Beləliklə, hökümət süni şeylərlə öz insanlarına süni xoşbəxtlik bəxş edir. Bu işin pis tərəfi isə düşünə bilməyən bir xalqdır. Düzdür, soruşmaq olar: "Həmin dünyada yaşayan hansısa bir qocaya düşünmək nəyinə lazımdır, o, süni olsa da xoşbəxtdir, məyusluqdan uzaqdır, niyə düşünsün ki?" Lakin bu, bir növ köləlikdir və sənin həyatın kiminsə düşüncələrindən asılıdır, əgər hökümət müharibə istəyirsə və sən düşünüb buna etiraz edə bilmirsənsə, ölməyə məhkumsan. Bütün mənfi xüsusiyyətlərini kənara qoysaq, öz fəlsəfəsi və həyəcanlı hadisələri ilə Farengeyt 451 çox uğurlu əsərdir.
Edebiyat
Farengeyt 451Ray Bradbury · Qanun Nəşriyyatı · 2019108,4bin okunma
·
161 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.