"Ağ bayraqlar" yaşadığımız post-modern dövrün sənət əsəri təbirinə tam uyğundur, çünki əsər haradasa sonsuz cür şərh oluna, mənalandırıla bilər. Amma yenə də müəllifin beyninin qıvrımlarında dolaşmağa çalışa, nəyi niyə yazdığı haqda bir fikir yürüdə bilərik.
Əvvəla əsərin adından başlayaq: Ağ bayraqlar təslimiyyəti ifadə edir, əsər isə iki dostun işləmədikləri bir cinayətlə günahlandırılmaqları ilə başlayır. Bu dostlar Nuhun gəmisindən çıxa bilmək üçün tufanın bitməsini gözləyəcəkmi, yoxsa ağ rəngli təslimiyyət bayrağınımı asacaqlar, bunu əsəri bitirdikdə biləcəksiniz.
Əsərin baş obrazı Zaza həbsxana yoldaşı Şoşianın həbsdən çıxandan sonra "həyatını yenidən qurması", "yenidən doğulması" (səh. 160), yəni öz varlığını özünün yaratması haqda ağız dolusu danışır və bu da təsadüf deyil. Əsərdə Nuh vaxtındakı tufan "qara-qorxu" adlandırılır, çünki Allahın insanı məhv etmək niyyəti olsaydı, Nuhun gəmisindəkiləri də məhv edərdi. Əsərdə Allahın Adəm və Həvvanı cənnətdən qovmaqla onları "əbədi qayğısız və təmin olunmuş həyatın dəhşəti"ndən xilas etməsini "ilk insani iş" adlandıran müəllif əsas obrazının (şərə düşərək günahsız yerə) məhbus olmasını bütün insanları öldürməyi gözə almayan Tanrının - çünki insan olmasa, Tanrının varlığını özündən başqa bilən heç kəs olmayacaq - Nuhun gəmisi ilə bir neçə insanı tufandan qurtararkən digərlərini öldürməsi kimi mənasız hesab edir.
Nəticədə 8 yaşı olmamış atası öldürülən, anası sürgünə göndərilən, Sovet dövründə yaşamış Dumbadzenin həbsin mənasızlığını ifadə etməyə çalışdığı aşkardır. Zazanın anasının oğlu ilə görüşmək üçün nazirdən icazə alarkən nazirlə aralarında keçən söhbət də buna işarə sayıla bilər. Qeyd: Qaqua Zazagilin işini aparan prokurorun adıdır.
(Nazir:)
"- Onda, sizcə, Qaqua öz işini nə təhər qurur?
- Bircə Cinayət Məcəlləsi ilə.
- Məgər bu azdır?
- Azdır! İnsaniyyət və xeyirxahlıq yoxdur, çox azdır!" (səh. 55)
(Əlavə bir nümunə daha. Zaza:)
"- Mən sizin yerinizə olsaydım, bütün məhbusları azad edər və həbsxana pəncərələrindən ağ bayraqlar asardım. Yəqin, elə buna görə də mən sizin yerinizdə əyləşməmişəm..."
Qısa bir nüans daha: Əsərdə digər maraqlı bir get-gəl də yaşanır; Sanki bu suala cavab axtarılır:
Humanizm cinayətkarı həbsə atmaqdır, yoxsa çıxarmaq?
Mənim oxuduğum nüsxə TEAS Press nəşriyyatının 2019-cu il buraxılışından idi.