Yalqızlığın faciəsi
10/10
·104 syf.··
Beğendi
·
2021 19. kitabı
·
6 günde okudu
·
Okunma: 28 Eylül 2021 20:28
Spoiler Kafka dəlixanasına xoş gəlmisiniz. Bura Zamzanın otağına bənzəyir, elə K.-nın çatmaq istədiyi qəsrə də oxşatmaq olar. Künc tərəfdə çirkli bir yataq var. Zamza isə yatağın ortasında öz kiçik ayaqlarını nizama gətirməyə çalışır. K. öz kreslosunda oturmuşdu, qara şlyapasını dizinə qoyaraq ensiz barmaqları ilə onu təmizləyirdi. Yozefsə stolda əyləşmiş, əllərini birləşdirərək çənəsinə dayamışdı və nəsə fikirləşirdi. Yaxşı, bəs yatağında eşələnən o eybəcər əslində kimdir? Ədəbiyyat tarixinin ən çox danışılan əsərlərindən biri - Çevrilmə həcm olaraq kiçik olsa da, başa düşmək bir o qədər çətindir. Absurd - həyatın əksidir, ya tam olaraq özü? Bu suala cavab tapmaq istəyən Kafka bütün əsərlərində bunu araşdırır və ədəbiyyatda absurdizmi yenidən oyadır. Elə Kafka ilə ilk tanışlığım olan Qəsr kitabından başlayaq. Düzdür, bu kitabı bəyənməmişdim, daha doğrusu, anlaya bilməmişdim. Lakin ağlımda dolaşan bir sual var idi: "Nədir bu qəribəlik?" Niyə hamı qəribə hadisələrə belə olmalı imiş kimi baxır, niyə heç kim heç nəyə təəccüblənmir? Kafka qeyri-adiliyi də bununla başlamışdı. Çevrilməyə qayıtsaq, Fransın həşəratı yenə bizi təəccübləndirmir. Zamza bütün əsər boyu özünə niyə böcəyə çevrildiyini, bu vəziyyətdən necə çıxa biləcəyini soruşmur. Sanki, bu belə olmalı idi və belə oldu. Bu suallar haqda isə düşünməyə dəyməz, çünki absurd dünyada məntiqli bir cavab axtarmaq qeyri-mümkündür. Və kitabın məntiqsizliyi sizi buz dağının gördüyünüz hissəsindən görmədiyiniz hissəsinə atır, oxucunu dəliyə çevirir. Kafka dəlixanasına xoş gəlmisiniz. Və burada məntiqli hərəkətlər gözləmiyin, absurd sizə bəsdir. "Çevrilmə"nin fəlsəfəsi nədir bəs? Təkcə böcəyə çevrilmək, ya cəmiyyətdən bir anda kənara atılmaq? Başdan başlayaq. Zamzanın öz metamarfozu ilə ilk tanışlığı sonrasında düşündüyü ilk fikir: "İşə necə çatacağam?" Təkcə bu fikir belə mexanikləşmiş dünyada işə düşməyən mexanizmin faciəsini göstərir. Faciə, ya reallıq? Bəs yeni Zamzanın ailəsi ilə tanışlığı necə? Öz oğullarını pul mənbəyi kimi görən valideynlər artıq işlərinə yaramayan Qreqordan imtina edirlər. Onun hansısa xəstəliyə tutulması, yardıma ehtiyacı olması fikri heç kimi düşündürmür. Bu, tamamilə məntiqə sığmayandır. Lakin, Kafka bizə başa salır ki, məntiqsizliyə doğru getdikcə həqiqətə çatırıq. Öz müdiri üçün işləyən qarışqadan fərqi olmayan Zamza bütün insanlıqdan uzaqlaşaraq öz otağında sonsuz faciəsinə çəkilir. Bəs daxili dünyanın əksi, yaxud da monoloqlar? Yox, Kafka belə şeyləri sevmir, o bizi düşündürməyə davam edir. Bu hadisələrdən sonra Farengeyt 451 kitabındakı #135153997 sitatı hər şeyi izah edir. Öz dövründə insanların robot kimi eyni şeyləri təkrar etmələri, hələ bununla belə "ideal" ünvanını qazanmaları Kafkanı narahat edir. Həyatın yemək, işləmək və yatmaqdan ibarət olmadığını düşünən Kafka "Çevrilmə" əsərində bu sistemə qəti şəkildə etiraz edir. Sən cəmiyyətin istədiyi kimisənsə hörmətin bol olacaq, amma yatağın altında bir böcək olaraq heç kimin işinə yaramırsansa, sənə baxmağa belə qorxacaqlar. Sən "xəstə" olacaq qədər qayğı görməyəcəksən. Etdiyin çox yaxşılıqlar yerinə yetirmədiyin bir iş günü ilə böcək kimi qırağa atılacaq. İnsanlar səni görəndə qaçacaq, səni qaranlıq otağında məhkum edəcəklər. Çünki insanlar üçün sənin kim olmağından çox, nə etdiyin önəmlidir. Daxili dünyan səninlə birlikdə həşərat kimi yalnız zibilliyə layiqdir. Bu böyük mexanizmi qırmaq üçün öz qəhrəmanını böcəyə çevirən Kafka öz əsəri ilə bütün insanlığa etirazdır. Öz fikirlərini kənara ataraq cəmiyyət necədirsə elə olmaq üçün çabalayan insanlara, ideal adlandırılan "insan"lara qarşı etirazdır Zamzanın böcəyə çevrilməsi. Çünki, bu kitaba anlayanlar bilir ki, Zamza böcək deyil, zəncirlərini qırmış əsl insandır. Və cəmiyyətin istəmədiyi əsl insan sadəcə ölməyə layiqdir, eynilə kitabın sonunda olduğu kimi idi. Biz isə heç vaxt Zamza kimi ola bilməyəcəyik. Onun faciəsi ilə yanaşı öz etirazındakı həzzi heç vaxt hiss etməyəcəyik. Çünki, hər birimiz mexanikləşmiş dünyada "ideal" olmağa çalışırıq. Niyə, bəlkə bu dəfə elə böcək olaq? İndi isə gözlərinizi yumaraq böcəyə çevrildiyinizi xəyal edin. Və soruşun: "Mənə nolub görəsən?"
Edebiyat
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2025268,1bin okunma
·
100 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.