Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

Savaş dönemini anlatan güzel bir şiir..
- Ay nənə, bir nağıl da de!                 - Ömrüm-günüm, yat daha, Hamısını indi desəm, nağıl qalmaz sabaha. - Can nənə, de birini də.                 - Ağrın alım, sözə bax. Evimizdə səndən savay, gör, heç varmı bir oyaq? Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan; Taxt üstündə məstan pişik, odur yatıb bayaqdan. Ört üstünü, dərdin mənə,  bax, eşikdə yel əsir... - Qar yağırmı?                 - Elə yağır... sazaq qılınctək kəsir... Belə yağsa, qar sübhəcən yolu-izi örtəcək; Kirpiklərin lap qovuşub, cırtdan bala, yat görək.   Nənə yığır düyünçəyə iynəsini, sapını, Külək hərdən taqqıldadır pəncərəni, qapını. Körpə çəkir təzə, güllü yorğanını üzünə, Gözlərini yumur... amma yuxu getmir gözünə. - Ay nənə, o kimdir elə pəncərəni bərk vurur? - Heç kim deyil, yat, ay bala, yeldir, qarı sovurur... - Bir gizilti duyur uşaq vücudunda bu ara, Həsrət qonan gözlərini zilləyərək divara, Çarpayının baş ucunda öz əliylə asdığı Şəklə baxır, fikrə gedir, qucaqlayır yastığı...   - Bəs ay nənə, atam indi haradadır, görəsən?! - Bıy, başıma nələr, oğul, yatmayıbsan hələ sən?! - Axı, nənə, heç demirsən atam haçan gələcək, İndi onu səngərdə bəs üşütmürmü qar, külək? - Ömrüm-günüm, körpə quzum, qurban olum adına, Niyə köks ötürürsən o düşəndə yadına? Atan yazır: hələ xoşdur bu tərəfdə havalar. Deyir oğlum darıxmasın, görüşərik bu bahar. Bağçalarda çiçək açar gülöyşə nar, yasəmən, Qaranquşla bir zamanda qayıdaram kəndə mən... Heç darıxma, dərdin alım, atan gələr, o zaman Sənə çoxlu nağıl deyər əsgərlikdən, davadan! Di yat, indi gecə keçir...                                 - Onda, nənə, ay nənə! Qoy kəsməyək ağ toğlunu, qalsın atam gələnə. - Yaxşı, bala, qoy bağlarda çiçək açsın nar, ərik, Sağlıq olsun, ağ toğlunu atan üçün kəsərik. Mən eyvana xalı sallam, anan evi bəzəyər, El qaydası süfrə açar, qohum-qonşumuz gələr. Sən atanı qucaqlayar, üz-gözündən öpərsən, Qoca baban saz kökləyib, nağıl deyər sübhəcən...   Körpə güldü... həsrət qonan gözlərindən uçdu qəm, Öpdü onun xəyalını indi özgə bir aləm: Qaranquşlar uçub gəldi, açdı çiçək, güldü yaz... Qucaqladı atasını, sonra kimsə çaldı saz... Körpə özü hiss etmədən, onu yuxu apardı, Çöldə isə bütün gecə külək tufan qopardı..   Ehmed Cemil
·
96 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.