·72 syf.··Beğendi
···Okunma: 30 Aralık 2021 22:34 Peterburqda skamyada oturub çərəz yeyə-yeyə qarışqa kimi qaynaşan insanları seyr edərkən Akaki Akakiyeviç kimin yadına düşüb, görəsən?
Akakiyeviç də o insan kütləsinin içində qaynaşan adi bir adam idi. Adi sözünü necə başa düşürsünüz? Hamının hər gün etdiyini edən və bunu dəyişməyən? Yox, onda Akakiyeviç adi adam deyil, o hər birimizdən fərqlidir. Peşəsi sənədlərin üzünü köçürmək olan Akakinin çox sadə yaşayış stili var: işləmək, yemək yatmaq. Dövrün insanlarından fərqli olaraq əyləncələrə getmir, şampan içərək keflənmir, ya da gecəni kart stolunda keçirmir. Peşəsi də bir o qədər çətin deyil: üz köçürmək. Hətta ona başqa iş təklif edilsə də, dediyimiz kimi, Akakinin həyatı fərqli olduğundan o bundan imtina edir. Bununsa səbəbi qorxaqlıq deyil. Akakiyeviç özünü tanımış insandır; bilir ki, öz sükanını yaxşı saxlaya bilir. Sadəcə öz rahatlığını düşünür, ona artıq pul lazım olmadığından özünə əziyyət vermir. Peşəsi isə özü kimi qeyri-adi deyil: bir çox adam elə bu işlə məşğuldur, peşəsi bu olmasa belə.
Əsərin hadisələri çox sadədir. Ona görə bu haqda danışmağa dəyməz. Amma Qoqolun bizə çatdırmaq istədikləri var. Və bütün tarix boyu həll edilə bilməmiş problem: Cəmiyyət. Cəmiyyət idarə edilməz qüvvədir. Onun üçün həqiqət lazım deyil, əsas öz həqiqətinə inanan çox adam olsun. O hər zaman özünü əyləndirməyə çalışır, hərdən qəddar da ola bilir. Bütün gün ədalətdən danışır, lakin ona kimisə daşlamaq üçün balaca nöqsan kifayət edir. Xeyirxahlıqdan danışır, amma kiminsə çətin vəziyyətinə sadəcə susaraq cavab verir. Hə, bunlar pis hərəkətlərdir, amma bunu ona sübut edə bilərsən? Ya da ona zidd hərəkət edə bilərsən? Mümkün deyil. O hər zaman öz həqiqətinə inanacaq. Və səni öz dairəsindən kənara atacaq. Akaki kimi. Cəmiyyəti inkar edən bu balaca adamı hər yolla lağa qoyurlar, əzirlər. Amma bir gün Akaki özünə təzə şinel tikdirir. Aha, burada cəmiyyətə xoş gələcək bir şey var: təzə bir şeyə olan pərəstiş. Akakiyə qarşı bütün münasibət dəyişir. Köhnə paltosuna qoyulmuş addan şəxsiyyətinə olan hörmətə qədər. Hətta onu öz məclislərinə də dəvət edirlər. Amma bura Akaki üçün sıxıcıdır. Oradan çıxır və sonra məlum hadisələr. Və əsərin bu hissəsindən sonra cəmiyyəti görmürük. Çünki onlara çətin vəziyyət lazım deyil. Və əsərin digər bir tragediyası: yuxarılar və aşağılar. Vəzifəsinə görə insanları sinifləndirmək, onları buna görə hörmət qoymaq bu dövrün reallığıdır. Hətta insanlara kiminsə adı o qədər də vacib deyil, əsas vəzifəsini bilsin. Və sonda cəmiyyət öz son üzünü göstərir: bir insanı illər boyu tanı, amma o bir gün yoxa çıxsa, buna reaksiya göstərmə. Maraqlıdır.
Qoqol düzgün yazıb. Vaxtında rus aristokratiyası bunu bəyənməsə də, o göstərdi ki, cəmiyyətə güvənmək axmaqlıqdan başqa bir şey deyil. Görəsən, Qoqol fikirləşib ki, 200 il keçəcək, amma bu cəmiyyətin yalnız şineli dəyişəcək.
Dostoyevski də düzgün deyib. Onların hamısı Qoqolun paltosundan çıxdı. Biz isə çıxa bilmədik. O çirkli, cırıq və qara paltoya oxşayan cəmiyyətin içindən çıxıb azad ola bilmədik.