·112 syf.··Beğendi
···Okunma: 01 Ocak 2022 21:38 Azərbaycan ədəbiyyatında bir çox ad var. Bəziləri öz əsərləri ilə tarixə yazıldı, bəzilərinin isə yalnız bir-iki dəfə adı çəkildi. Bu qızıl ədəbiyyat öz intibahını 100 il əvvəl yenidən yaşadı. Amma çox çəkmədi, çoxu soyuqda üşüdü, qələmləri dondu. Bu adamlardan biri də Hüseyn Cavid idi. Ədəbiyyatın o ağ illərini isə Cavid qara bir personajla bəzədi: İblis.
İblis. Doğrudanmı onun hökmü bir çox insanları öz cızığından çıxarır? Həqiqətənmi onun bir kəlməsinə görə dağılır bu dünya? Ya bəlkə o da bir Allahdır ki, insanlar mələklərdən çox ona qulaq asır?. Məgər bu qədər asandır hər şeyi ona yozmaq?
İblis. Minillərdir mövcud olmuş bu təxəyyülün nağılına ilk qulaq asan Adəm olur. Sonra onun nəsilləri qulaq asır, sonra şahlar, cəlladlar, sonra krallar, sonra generallar, sonra isə biz - hamımız. Hər birimiz hərdən işimizi bir qırağa qoyub ona qulaq asmağı xoşlayırıq. Hər birimiz onun kölgəsində hərəkət etməyi, onun dərdiyi almalardan yeməyi xoşlayırıq. Hər birimiz… bağışlayın, səhv dedim, iblisə biz qulaq asmırıq, o bizi zorla günaha salır. Bizi zorla öz yoluna çəkir. Zorla öz hekayətlərini dinlədir. Halbuki, iblis olmasa, insan mələk kimi saf və təmizdir. Bu uydurmalara necə inana bilirik, görəsən? Özümüzü niyə zəif varlıq kimi göstərməyə çalışırıq? Öz ağlımızı heçə sayıb öz günahlarımızı başqasına yıxırıq. Hətta biz bu anda belə İblisə hörmət qoymağı bacarmırıq. Nə gözəl zəkamız var. Öz savablarımız yalnız və yalnız öz ağlımıza və ülvi duyğularımıza borcluyuq, amma günahlarımız isə heç bir vəchlə özümüz etmirik, bizi məcbur edirlər. Hərdən özümüzə gülməyim gəlir.
Bəs İblis, həqiqətən, kimdir? İblis çox yaxşı dinləyici və oxucudur. O hər gün gəlir yanımıza oturur və bizə qulaq asır. Biz öz günahlarımızı gizlincə törədirik. Bu günboyu davam edir. Amma bu qədər vicdan ağrısı bizə bəsdir, çıxış yolu axtarırıq. Həmin an bizə sakitcə qulaq asan şeytan deyir: "Mən etdim, sən yox." Bizsə dərindən nəfəs alıb deyirik: "Hə, düz deyir, biz etmədik, o etdi." Nə maraqlı adamlarıq. Bir o qədər də qorxaq. Özümüzdən qorxacaq qədər qorxaq. Əgər bu qədər qorxaq olmasaydıq, öz yatağımızda rahat yata bilməzdik. Ömrü müharibə etməklə keçmiş insanlar sakit yaşaya bilməzdilər. Burada nəsə bir sirr var. Elə bir sirr ki, bunu hamı bilir, amma özünü bilmirmiş kimi aparır. Birdən bu sirri tapmaq istəsəniz çox axtarmayın. Günahlarınızı yıxmaq üçün iblisi tapa bilməsəniz, güzgünün qabağına keçin, əsl iblis orada sizi gözləyəcək.
Əsərə gəldikdə isə, Cavid sizə İblisdən danışmır. Onun danışdığı əhvalat sizin haqqınızdadır. Bu dörd pərdənin hər pərdəsində Cavid sizin qaranlıq sandıqlarınızı açır. Sonda sizə İblisin yolunu göstərir, o hər zaman sizin yaxınınızda olacaq. Bəzən daha yaxında. Və bir gün görəcəksiniz ki, oturub öz günahlarını izləyirsiniz, o zaman bilin ki, siz öz İblisinizi tapdınız.