Bəzən insanlar qalın kitablar görəndə biraz tərəddüd edir, oxumağa səbri çatmır və ya yazıçının çox uzatdığını düşünür. Hətta çox vaxt klassikaların ixtisar olunmuş versiyasını oxuyurlar. Məncə qalın kitablardan qorxmaq lazım deyil. Onları oxumaq lazımdır! Səhifə sayı çox olmasına baxmayaraq hər səhifəsi çox dəyərli olan kitablar çoxdur. Düşünürəm ki, Anna Karenina hər səhifəsinin haqqını verən kitablardan biridir!
Tolstoy obrazların hər birinin daxili aləmini bizə bütün çılpaqlığı ilə göstərməyi ilə mənə Dostoyevskini xatırladır. Xüsusilə dövrünün bir sıra xüsusiyyətləri, təhsil, siyasət, seçkilər, kənd təsərrüfatı, torpaq köləliyi, təbəqə və s. kimi sahələrin ətraflı şəkildə qeyd olunması çox təqdirəlayiqdir. Və kitabdakı hər bir obraz bu qeyd etdiklərimin içində müəyyən rol oynayan insanlar olduğu üçün analiz etmək daha rahat olur. Müəyyən bir mövzu haqqında obrazların bir-birləri ilə əlaqəsi olmayan fikirləri müzakirə etməsi və daha sonra obrazların özlərinin də fərqində olmadığı bir yönü ilə təqdim olunması Tolstoyun ustalığını göstərir. Yəni, bir sözlə obrazların analizi möhtəşəm idi...
Kitabın adı "Anna Karenina" olmasına baxmayaraq burada Anna'dan daha çox adı keçən və həyatı əks olunan insanlar, xüsusilə kişilər var idi. Əslində bu kitab sadəcə bir roman deyil, müəyyən bir dövrün ve dövlətin tənqididir. Yəni bu kitaba sadəcə bir qadağan sevgi romanı olaraq baxmaq çox böyük haqsızlıq olar. Məncə Tolstoyu tərifləməyə belə ehtiyac yoxdur. Sadəcə kitablarını oxusanız anlayacaqsınız.
Kitab dünyanın önəmli 125 yazarı tərəfindən "Günümüzə qədər yazılmış ən yaxşı roman" adlandırılıb.
Təbii ki bu fikir insanlara görə dəyişkən ola bilər. Amma əminəm ki, oxusaniz nələrsə öyrənə biləcəksiniz.
Xoş mütaliələr!️