Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

160 syf.
5/10 puan verdi
·
25 saatte okudu
Gəlin söhbət edək, Adagio dinləyək.
Sabaha farmakologiya dərsim var, oxunacaq 56 səhifəlik material. Sadəcə o da deyil, təbii ki. 60 səhifə patoloji anatomiya; 60 səhifə ümumi cərrahiyyə; digərlərini isə ümumiyyətlə, saymaq istəmirəm, düşüncəsi belə yorur. Və bütün bunlara rəğmən, indi burada bu şərhi yazma qərarına gəlmişəm. Çünki yazmasam, ağlımdakı digər yazılar kimi şüurumun dərinliklərində itib batacaq. Öncəliklə, kitabın hələ ilk səhifələrindən etibarən film təəssüratı yaratması, hadisələrin ədəbilik qatılmadan, dümdüz nəql edilməsi məni təəccübləndirmədi. Müəllif rejissorluq fakültəsini bitirib, kitabın üstündə də bir rejissor kimi çalışıb. Güclü bir qələmi yoxdur yəni. Təbii ki, bu düşüncəyə gəlib çıxmağımda rol oynayan tək nüans bu deyil, başqa nüanslar da var. Bu yazımda onlardan bəhs etməyə çalışacağam. Fikirlərimi tam çatdıra bilməsəm, vaxtınızı almağımdam dolayı üzrlü sayın. Baxmayaraq ki, professional şəkildə yazılmamış əsərləri nəşr etdirib oxucunun vaxtını alan "yazıçı"lar oxucularından üzr istəmir, mən belə bir ehtimala qarşı əvvəlcədən tədbirimi alım. • Həvəskar yazıçıların əsərlərində hər zaman sezdiyim bir məqamı qeyd etməklə başlayıram : həddən çox, gərəksiz açıqlama. Məsələn, tutaq ki, valideyninizlə masa arxasında əyləşib nahar edirsiniz. Gündəlik etdiyiniz bir şeydir bu. Və hər gün birlikdə yemək yeməyinizə baxmayaraq valideyniniz birdən-birə bütün həyat hekayənizi adi bir dialoqda nəql etməyə başlayır. Sanki bunları onsuz da bilən sizə yox, hansısa auditoriyaya danışır. Sizcə də süni alınmır? Qeyd edim ki, bu sünilik sadəcə əsərlərə yox, filmlərə də xasdır. Belə yazıları oxuyanda ağlıma yeşilçam filmlərində kürəyini həmsöhbətinə çevirib pəncərəyə doğru gedən və üzü izləyiciyə tərəf danışmağa başlayan obrazlar gəlir. Təbiilikdən eyni dərəcədə uzaqdırlar. • Həmçinin bəhs etdiyim həvəksar yazıçılar öz "fəlsəfi" fikirlərini obrazların dialoquna, mövzuya dəxli oldu-olmadı daxil etməyi sevirlər. Əslində öz fikirləri sayılmaz belə, çünki əksəriyyəti şablon düşüncələr olur. Spesifik bir fikir, ideya nadirən ortaya qoyulur. Bizi təəccübləndirməyən, ara-sıra hər birimizin düşünmüş olduğu fikirlərin təkrarlanması hansısa oxucuya, bəlkə də, xoş gələr, amma mənim üçün əsərin keyfiyyətini aşağı salır. Əgər bir əsər mənə yeni bir baxış aspekti qazandıra bilməyəcəksə, ondan zövq almağım çətin məsələdir. • Üçüncü məqam isə yazıçının obrazlar arasında üstü pərdəli bir şəkildə olsa da, kəskin xarakter fərqləri yaratmasıdır : ya pis var, ya da yaxşı. Əsasən, yaxşı. Ancaq hamımız bilirik ki, real həyatda tamamilə qüsursuz və ya tamamilə qüsurlu insan yoxdur. Biz insanıq, səhv etmək və bu səhvləri düzəltmək üçün gəlirik dünyaya. Buna görə də bəhs etdiyim monoton, əsasən də qüsursuz olan bu obrazlar mənə olduğumuz insandan çox özümüzü eləymiş kimi göstərdiyimiz insanları xatırladır və təbii gəlmir. Ümumiyyətlə, spesifik, xarakteri dərindən təhlil edilmiş, özündə ziddiyyətli cəhətləri birləşdirmiş obraz yaratmaq çətindir. Oxucunun real həyatda əsla empatiya qura bilməyəcəyi insanlarla əsərdə empatiya qura bilməsinə nail olmaq isə, fikrimcə, əsl nailiyyətdir və təbii ki, bunu hər yazıçı bacara bilmir. Bəlkə, mən də yazıçı olsam, mən də bacarmaz, öz yaratdığım obrazları mənfi cəhətlərlə ləkələməyə qıymazdım, kim bilir? Elə ona görə yazıçı deyiləm, böyük ehtimalla. • Həvəskar şəkildə yazılmış əsərlər oxucunu düşündürmür, hər şey necə varsa, elə də anladılır. Sətiraltı mənalar, söz oyunları, hadisələr aramla irəliləyərkən oxucunu sarsıldacaq kəskin dönüş nöqtələri - bu tip nüanslara rast gəlinmir. • Bu tip əsərlərdə təsvirlər sadədir, obrazların üslubu isə, demək olar ki, bir-birindən seçilmir. Bol-bol dialoq var, bu da belə kitabları axıcı edir. Lakin süni təsir yaradan hissələr çox olduğu üçün əsər oxucuya dərindən təsir etmir (ən azından mənə). Əslində toxunacağım məqamlar daha çox, rəyin ağlımdakı ilk versiyası daha geniş idi, amma üstündən zaman keçib deyə ixtisara salmalı oldum. Paylaşmamaq da bir seçim idi, amma əsəri oxumaq istəyənlər üçün istiqamətləndirici nəsə yazmaq istədim. Əgər yuxarıda qeyd etdiyim fərqləndirici məqamlara əlavəniz olsa, rəy qismində yazarsınız, mənim üçün də maraqlı olar (əslində isə bu rəyi az insan oxuyacaq və lap az insan bu qismə gəlib çatacaq). Nəticə olaraq, əsər mənim üçün vaxt itkisi oldu. Mənə nəsə qazandırmadı. Yenə də "Adagio" mahnısının ön plana qoyulması xoş idi, əsəri oxumaq üçün diqqətimi cəlb edən əsas cəhət bu olmuşdu. Yazıçı gəncdir, ola bilsin ki, gələcəkdə ortaya daha professional işlər qoyacaq. Yəni sadəcə bu əsərinə görə önyarğılı davranmaq lazım deyil. Bir rəyin daha sonuna gəldik. Əgər əsər mövzu olaraq hələ də diqqətinizi çəkirsə, bilin ki, oxumaqla nəsə qazanmayacağınız kimi, nəsə itirməyəcəksiniz də. Yazıçıya uğurlar, sizə isə xoş oxumalar. (Yeri gəlmişkən, əsərdə haqqında bəhs edilən "Adagio"nu dinləmək istəsəniz : t.me/cincinazi/282)
Adagio
AdagioFəridə Məmmədova · 20172 okunma
·
271 görüntüleme
Samirə Abbasova okurunun profil resmi
İlk öncə sabahkı dərsiniz üçün, Allah zehin açıqlığı versin🥲 Çox maraqlı bir şərh yazmısınız və çox gözəl nüanslara toxunmusunuz, əllərinizə sağlıq.
İnci Zadə okurunun profil resmi
Təşəkkürlər <3
Tinuviel okurunun profil resmi
Bura yazmağı unutmuşdum, ama müasir Aze ədəbiyyatının bu çatışmazlıqlarından danışmışdıq sənlə həmin vaxt :) Həqiqətən, o qədəər süni aparırlar ki. Bu xanım kimi tanınmayanı da elə edir, Rövşən Abdulla kimi kitabları 1 günün içində təkrar nəşrə göndəriləni də. Klassik detektiv romanlarında cinayətkarın adamı öldürmək, o məkandan qaçmaq kimi seçimləri kənara qoyub, polis ya başqa adam gələnə qədər bir neçə saat dayanmadan öz hekayəsini, cinayət səbəbini danışması kimi... Realda mümkün olmayan, absurd, gülünc səhnələr... O dəxlisiz fəlsəfi fikirlər. Heç bir təsvirin olmaması. Məna dərinsizliyi dndndn. Dialoqlar üzrə qurulmuş, ssenari mətninə bənzəyən əsər. İrad bildirə biləcəyim hər məqama toxunmusan, əllərinə sağlıq, diamant💜
İnci Zadə okurunun profil resmi
Rövşən Abdullaoğlu heç də 😂. Müasir yerli ədəbiyyata bu yazdığım və yazdığın səbəblərdən az müraciət edirəm bax. İstisnalar çox az olur...
Rüstəm Əzimov okurunun profil resmi
Başda özüm olmaqla bütün həvəskar yazıçılar üçün "checklist". Çox maraqlı məqamlara haqqlı olaraq toxunmusunuz, oxuyanda utandım).
İnci Zadə okurunun profil resmi
Əstəğfürullah, inşallah yazının faydası dəyər, uğurlar sizə 🌻
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.