Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

80 syf.
7/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Palçıqlı qonaqlar
Spoiler Tolstoy kimi böyük rəsmlərin kiçik detalları bəzən xəzinələrlə dolu ola bilir. Ədəbiyyatda yetərincə yer tutan şeytan mövzusunu Tolstoy da sınaqdan keçirib və ortaya kiçik, novella tipli bir xəzinə çıxıb. Bu kitabda Tolstoy cəmiyyətin görünməyən tərəflərini, illərin dəyişməyəcəyi bir mövzunu işıqlandırıb. Əslində, hər şey Tolstoyun kitabın başında apardığı mühafizəkar - novator müqayisəsində izah olunur. Amma birinci hadisələrdən danışmalıyıq. Yevgeni gənc, enerjili, dəliqanlı bir gəncdir. Şəhərdə yaşadığı müddətcə rus intelligensiyasına qarışan Yevgeni yaşıdları arasında gördüyü mədəniyyəti mənimsəyir və belə yaşamağa başlayır. Lakin Yevgeninin atası vəfat etdikdə birdən-birə əkinlərin və heyvanların arasında düşür. Bütün bunlar onun üçün problem deyil, problem şəhərdə tutduğu mövqeni burada əldə edə bilməməsidir. O öz aristokrat mədəniyyətini unutmaq qərarına gəlir və yenidən başqa leqallaşmış bir mədəniyyəti - ata-babasından gələn mühafizəkar mentaliteti özünə götürür. Bütün dram da elə buradan başlayır, Yevgeni özünü bu iki mədəniyyətin içərisində itirir. Əsər şeytan mövzusunu kişi-qadın münasibətlərində işıqlandırır. Elə buna görə də Yevgeni şəhərdə yaşadığı qadınlarla münasibəti kənddə də qurmaq istəyir. Buna da layiq olur: Stepanida ilə yaxınlaşır. Vicdanını isə tək bir cümlə rahatladır: "Sağlamlığım üçün edirəm". Həqiqətən, bəzi məsələlərdə insan beyni lazımsız bəhanələr uydura bilir və özünü buna tam inandırır. Çıxış yolunu isə hər an əlaqəni kəsməkdə görür. Və burada biz insanların problemlərin həllində istifadə etdikləri heyrətamiz məntiqi görürük: Yazdığın səhvdirsə, cır vərəqi. Zaman beləcə keçir, Yevgeni hələki öz zövqləri üçün yaşayır. Amma o da hər insanda olan duyğuları yaşamaq istəyir, kimisə bədəninə görə yox, şəxsiyyətinə görə sevmək istəyir. Burada ortaya Liza çıxır və hər şey sanki yaxşılığa doğru getməyə başlayır. Amma gün gəlir və Stepanida peyda olur. Onunla birlikdə isə Yevgenin qəlbinə yeni bir qonaq gəlir. Bu qonaq onda köhnə şəhvət hisslərini oyadır, onu gəncliyinə geri qaytarır və əslində bir neçə günlük çəkməli olan duyğular Stepanida kimi onu tək buraxmır. Yevgeninin bundan sonra yaşadıqlarını isə ancaq kitabı oxuyanlar başa düşür, çünki hər birimiz bir dəfə belə olsa bu cür situasiyaya düşürük. Əsərin bizim üzümüzə necə güzgü tutduğunu bu hissələrdə görürük. Və hərdən pis bir həqiqət qapımızda dayanır: xəyanət duyğusu. Öz fikirləri ilə öz arvadına xəyanət etdiyini düşünür. Mütləq onunla əl-ələ gəzməli, ya da gününü onunla keçirməyi vacib deyil, beynində hər an onun xəyalının canlanması, köhnə həzzverici münasibətlərin təkrarlanma istəyi şüurunda fırlandıqca Yevgeni özündə rahatlıq tapmır. Silahı götürür və əvvəlcə arvadına, sonra Stepanidaya, axırda özünə tuşlayır. Hansı daha doğrudur? Arvadını öldürüb vicdan ağrısı ilə tək yaşamaqmı, Stepanidanı öldürüb xəyanət duyğusu ilə arvadının gözünə baxmaqmı, yoxsa ruhunu ələ keçirmiş şeytanı özü ilə birlikdə yoxa çıxarmaqmı? O ən məntiqli qərarı seçir və böyük bir rahatlıqla bu çirklənmiş dünyadan gedir. Bu bataqlıqda isə heç nədən xəbəri olmayan saf insanlar qalır. "Şeytan" hər nöqtəsi ilə bizim güzgümüzdür. Öz ibtidai instinktlərimizlə müasir fikirlərimizin toqquşması ilə yaranan dərin bir çuxura biz Şeytan adını verdik. Və illər keçir, o boşluğa hər dəfə yeni insanlar, yeni Yevgenilər düşərək bu palçıqdan uzaqlaşırlar. Bizsə hər dəfə qışqırırıq: "Lənət şeytana". İndi isə gəlin qışqıraq: "Şeytan, ya insan? Bax budur məsələ, hansı daha şərəflidir?"
Şeytan
ŞeytanLev Tolstoy · Qanun Nəşriyyatı · 04,398 okunma
·
103 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.