·188 syf.····Okunma: 31 Mayıs 2022 19:00 Məğlubiyyətin simvolu olan bir kitab!
Kimə və ya nəyə qarşı məğlubiyyət? Həm özünə, həm də mövcud siyasi, iqtisadi və sosial sistemə qarşı məğlubiyyət.
İki məsələ barədə danışa bilərik:
1. Dostoyevskinin həyatı - məlumatı olanlar bilər ki, 16 şəxsiyyət tipi var və Dostoyevski də "İNFJ" şəxsiyyət tipinə aid edilir. Bu barədə internetdən ətraflı məlumat əldə edə bilərsiniz. Və mənim şəxsiyyət tipim də "İNFJ"-dir. Ona görə də, bu kitabı, Dostoyevskini, Bay Golyadkin -i çox yaxşı anladığımı desəm, yalan olmaz.
Bu kitabı daha öncə də oxumağıma rəğmən, kitabı bu qədər yaxşı anlamadığımı etiraf etməliyəm, ona görə də, sistemli şəkildə, araşdırma edərək oxumağı çox tövsiyə edirəm.
"İnsancıklar" kitabından sonra Dostoyevski rus mütəfəkkirləri arasında böyük maraqla qarşılaşdı. Və bu onu çox sevindirdi. "Öteki" kitabını yazmasının ilk səbəbini (mənə görə) burada qeyd edək: bu səbəbi anlamaq üçün yazarın hiss etdiklərini hiss etməyə çalışmalıyıq.
Yazıçının bu əsəri ilk əsərinin əksinə, heç də rəğbətlə qarşılanmadı. Çünki Dostoyevski çox tələsdi... Onun üçün uğursuzluqla nəticələndi, eyni zamanda, sanki bu kitab onun "uğursuzluğunu" təmsil edir; o gələcəyə səyahət edərək kitabının uğursuzluqla qarşılaşacağını görüb və bunu yazmağa başlayıb, paradoksal bir hadisədir.
Burada yalnız ədəbi personaj Golyadkin'i tanımırsınız, Dostoyevskini də tanıyırsınız. Ona görə də, bu kitabı "İNFJ" şəxsiyyət tipi üçün bioqrafik bir əsər belə hesab edə bilərəm. İlk kitabında özü barədə çox məlumat əldə edə bilmirik, daha çox o dövrün siyasi problemlərin və yoxsulluq üzərinə yazır.
İki kitabında da xüsusilə vurğuladığı bir cümlə var: "Gözəl danışmağı bacarmıram".
Mən də gözəl danışmağı, yazmağı bacarmıram. Ona görə də, kitabı da yaxşı izah edə bilməyəcəyəm.
Bizim ən böyük problemimiz qərarsızlıqdır, özgüvənsizlik, utancaqlıq, qorxu, özünü günahlandırma, peşmanlıq hissi və s.
Golyadkin-i gördünüz, qərarsızlıq onu bu vəziyyətə saldı, özünü günahlandırması belə bir şərait yaratdı.
İkinci Golyadkin ona nə qədər pislik etsə də, gerçək olan Golyadkin, ilk anda onun pisliyinin qarşılıqsız qalmayacağını desə də, çox qısa zamanda özünün yanlış, İkinci Golyadkin-in isə ona pislik etmədiyinin, etsə belə, bunu bağışlaya biləcəyini, yenidən çox yaxın dost ola biləcəklərini düşünürdü. Çünki o özündən çox başqalarına dəyər verirdi, sevirdi, ya da bunları etmək istəyirdi. Sonda isə günahkar o hesab olunurdu, qəribə tərəfi isə, bəzən elə günahın özündə olduğunu özünün də təstiq etməsi idi.
Eyni zamanda bizim bir "ideal"ımız da var, olmaq istədiyimiz insan. Golyadkin və İkinci Golyadkin arasındakı münasibətdən görürük ki, bizim idealımız bizim tam əksimizdir. Özümüzü o qədər küçümsəyirik ki, idealımız belə sonda bizə qalib gəlir. Əslində, bu ideala çata bilərik, amma xarakter məsələsidir. Golyadkin-in bu sözləri - "belə edəcəyəm, bunu deyəcəyəm, buna görə belə oldu" və s. - əsər boyu sadəcə təkrarlanır, heç birini edə bilmir.
2. Mövcud siyasi sistem
Burada isə biz Dostoyevskinin siyasi, sosial sistemə qarşı olan üsyanını görə bilərik.
Müasirləşmənin Rusiyaya gətirdiyi dəyişiklik və yeniləşmələrə qarşı narahatlıq duyurdu. Həmçinin, sənayenin və kapitalizmin inkişafı da mövcud şərtləri çox dəyişdirmişdi. Golyadkin-i feodalizm insanı, İkinci Golyadkin-i isə yeniliyi qəbul etmiş kapitalizm insanı olaraq görə bilərik. Feodalizm və kapitalizm arasında müharibə və sonda kapitalizmin əylənərək, sevinərək məğlub olmuş feodalizmi yola salması... Məncə, əlavə cümlələrə ehtiyac yoxdur.
Son olaraq isə ümumi şəkildə kitabda diqqətimi çəkən bəzi məqamlardan danışmalıyam:
1. Golyadkin-in kitabda tez-tez düşmənləri olduğundan bəhs etməsi reallığı da əks etdirir. Çünki Dostoyevskinin ilk əsərinin uğur qazanması onu qısqananların, paxıllıq edənlərin yaranmasına səbəb oldu və çox güman qorxurdu ki, bu insanlar onun bu uğurunun önündə əngələ çevrilər.
2. Başarısızlığın onun soy-unda olduğunu qeyd edib - burada da çox güman atasını nəzərdə tutub.
3. "Azad düşüncəli" olmadığını da qeyd etmişdir. Burada isə müasirləşməyə məruz qalmış Rusiyada bu müasirləşmənin təsirinə məruz qalmadığını deməyə çalışır.
4. Kitabın bir hissəsində ikisinə zidd fikir səsləndirilir: birinci qeyd edir ki, insanın az da olsa, fransızca danışa bilməsinin vacibliyi, ikinci isə fransız kitablarının insanları əxlaqi baxımdan pozduğunu qeyd edir. Yəni müasirləşmədən sonrası və öncəsi.
5. Son bir nüans isə yazarın "İnsancıklar" və by kitabında türklər barədə söz açmasıdır, bunu niyə etdiyi çox maraqlı gəlir, ümid edirəm, gələcəkdə oxuyacağım bioqrafik kitablarında bu barədə məlumat əldə edə bilərəm.
Və kitab haqqında çox danışmaq olar, lakin düzgün təhlil və düzgün cümlələri seçməyi bacarmaq lazımdır, həmçinin, sistemli bir şəkildə analiz etməyi bacarmaq.
Hər kəsə, xüsusilə şəxsiyyət tipi "İNFJ" olanlara mütləq tövsiyə edirəm.