Puan vermedi·160 syf.····Okunma: 12 Haziran 2022 21:31 “Son kız” kitabından sonra “Huzursuzluk” kitabını oxumağı qərara aldım. İlk çıxdığı zamanlarda oxumuşdum, amma bu qədər düşünməmişdim. Hər iki əsərdən sonra bir az araşdırmalar etdim, sənədli filmlərə, kinolara baxdım. Ezidi xalqının başına gələnlər, İŞİD-in islam dini adı altında törətdikləri vəhşilikləri oxuduqdan, gördükdən sonra, o insanların taleyinə necə deyərlər acıdım.
Livaneli bu əsərində, ezidilərin dini, tarixi haqqında ətraflı məlumat verib. Ezidiləri daha çox şeytana tapan xalq kimi bilirlər. Amma onlar təkcə Allaha və Tovuzquşuna inanırlar. Dini görüşlərinə görə min illər boyunca təqiblərə, əziyyətlərə məruz qalıblar. Minlərlə insan öldürülüb. Yenə tarixləri təkrarlanır, bu dəfə də İŞİD-in zülmüylə qarşı-qarşıyadılar.
Kitabda bir neçə yerdə belə bir cümlə var “ben de bir insandım”. Təəssüf ki, insanlıqdan məhrum olmuş, vicdanını, insani duyğularını itirmiş olanlar, bəzən qarşı tərəfi bu cümləni deməyə vadar edir. Çünki insanlığa sığmayacaq hadisələri oxumaq, bunların real olaraq yaşandığını düşünmək çətindir. İnsanın insana yaşatdıqlarını oxuduqca, dünyanın nə qədər aciz olduğunu görürəm. Nə qədər desək də, “din, irq fərq etməz öncəlik insanlığımızdır”. Amma görürük ki, sən demə, insanlığın da fərqi var imiş. Halbu ki, hamımızın sonu ölümdür. Bundan nə müsəlmanı, nə xristianı qaça bilər. Bunları niyə yazıram? Çünki oxuduqlarım tam da bunlara sirayət edir..
Kiçik həcmli olmasına baxmayaraq oxuduqca bəzi səhnələri, istər istəməz deyirsən bu günlük bəsdir. Oxuduqlarını həzm etməyə çalışırsan. Bir dini görüşə görə, bu qədər ədalətsizlik, vicdansızlıq etmək nə qədər düzgündür? İnsanları seçimlərinə görə yarqılamaq nə qədər düzgündür?
Mövzusu haqqında uzun uzadı nəsə demək istəmirəm. Qısaca olaraq əzidi olan Mələknaz və Amerikada öldürülən Mardinli Hüseynin həyatından bəhs edir. Bütün bu hadisələri isə Hüseynin uşaqlıq dostu olan, jurnalist İbrahim öz araşdırmaları nəticəsində danışır bizə. İŞİD-in Mələknaza və onun kimi bir çox qadına etdiyi əziyyətləri qələmə alıb Livaneli. Sadəcə oxuyun.