·200 syf.····Okunma: 14 Ağustos 2022 14:58 Əsərə 6 hekayə daxildir və hər bir hekayə bizi fərqli dünyalara götürüb, ruhumuzu, qəlbimizi aydınladıb, insani dəyərləri yenidən xatırladacaq, yolumuza işıq olacaq.
“İnsana çoxmu torpaq gərəkdir?” kitaba daxil olan ilk hekayədir. Burada Paxomun simasında tamahkar, acgöz insanların acınacaqlı sonu əks olunub.
“İnsanı yaşadan nədir?” hekayəsində isə Mixail obrazı bizə insanlıq haqqında olan 3 həqiqəti açıqlayır. Bəs o həqiqətlər hansılardır? Bu həqiqətləri tapmaq üçün bu 3 suala cavab axtarılır.
1. İnsanlarda nə var?
2. Onlara nə bəxş olunmayıb?
3. O məxluqları yaşadan nədir?
“İki qoca” hekayəsində isə iki qocanın— Yefim Tarasiç və Yelisey Bodrovun Tanrıya ibadət etmək üçün bir araya gəldiyinin şahidi oluruq. İbadət üçün uzun səfərə çıxan qocaların bu yolda başına gələn əhvalatlarından söhbət açılır.
Tanrıya olan borcu yalnız ibadətləmi ödəmək olur? Bu sualın cavabını bir çoxunuz bilirsiniz, amma hekayəni oxuduqdan sonra o cavabı daha yaxşı anlayacaqsınız.
“Tanrı hər şeyi görür, amma səbri böyükdür”.
Günahsız yerə 26 il həbs yatan İvan Dimitriyeviç günahsız olduğunu heç kimə sübut edə bilməsə də, Allahın hər şeyi gördüyünü və onun yeganə köməyinin Allah olduğunu qəbul edir. Bəs 26 illik səbrin sonunda nə olur? Bənzər və ya tamam başqa bir hadisədə yeganə şahidin Allah olduğunu bilsək nə edərik?
Beşinci hekayə olan “İlyas”da isə əsl xoşbəxtliyin nədə olduğundan danışılır. Əlbəttə ki, fərqli insanlar xoşbəxtliyi fərqli şeylərdə tapır. Bu hekayədə siz İlyasın və onun həyat yoldaşı Şam-Şemaginin əsl xoşbəxtliyi nədən gördüyünün şahidi olacaqsınız. Bəs kimlər onlar kimi düşünür?
Nəhayət, sonuncu hekayə olan “Ağa və nökər”də isə ağa və nökərinin yol əhvalatından danışılır. Kitaba daxil olan ən uzun hekayədir. Bəlkə, oxuduğunuz zaman yorula, sıxıla bilərsiniz, amma əsər təxmin ediləndən tamam fərqli bitir. Bu isə sonda “oxuduğuma dəyər” fikrində olacağınıza əminlik yaradır.