Xoşbəxtliyə qafiyə
8/10
·112 syf.··
Beğendi
·
2022 12. kitabı
Xoşbəxtlik nədir? Çətin sualdır. Ştefan Svayqın zirvə kitablarından biri də Fantastik Gecədir. Bir az melanxoliya, bir az da nihilizm duzu qatılmış əsər Svayqın öz dəsti-xətti ilə yenidən insan ruhuna və məna axtarışına nəzər salır. "Həyat nədir?" sualına cavab tapmaq istəyi, görünür, Svayqda da oyanıb və fantastik bir əsər ərsəyə gətirməyi bacarıb. Əsər şəhər zadəganlarından birinin bir günlük macərasından bəhs edir. Gənc və qayğısız bu adamın həyatdan başqa nə istəyi ola bilərdi? Pul, şöhrət, nüfuz xoşbəxtlik üçün bəs idi. Bədbəxtlik üçün nə lazımdır bəs? Böyük bir qətl , ya kiçik bir oğurluq? "Fantastik Gecə" ədəbi cəhətdən böyük bir əsər olmasa da, ruhunuzu silkələyəcək, kim olduğunuzu düşünməyə vadar edəcək. İnsan kim olduğunu bilməlidir ki, xoşbəxt ola bilsin. Xoşbəxtlik nədir? Qəliz sualdır. Bəzilərimiz xoşbəxtliyi var-dövlətdə görür. Klassik, illərin köhnəltmədiyi cavabdır. Pul hər şeyi bizim üçün əlçatan edir. İstədiyimiz, hətta istəmədiyimiz əşyalar, məkanlar, həmçinin insanlar da sizin üçün mümkünsüz olmur. Xoşbəxtlik hər şeyin olmasıdır? Deyəsən, yox. Axı varlıq sizə həm də acgözlüyü, paxıllığı, qıcqanclığı öz bərabərində gətirir. İnsanları süniləşdirir, sizi həqiqətdən ayırır. Münasibətlər cılızlaşır, simalar itir, gerçəklik yoxa çıxır. Artıq siz, sadəcə, pulsunuz. Yanınızdakı insanlar sizə insan gözü ilə baxmaq istəmir. Beləliklə, ömür xoşbəxt sanılan bir heçlik kimi sona yetir. Hər şey olmaq xoşbəxtlik deyil. Bəzilərimiz xoşbəxtliyi nüfuzda, ad-sanda görür. Siz hamının hörmət etdiyi, həmişə masanın başında oturan, söhbətdə tez-tez adı çəkilən adamsınız. Hamının böyüyü olan bir şəxsiyyət. Xoşbəxtlik böyüklükdür? Siz insan deyilsiniz, siz yaxşı əlaqə, lazımlı bir əşya, hər qapını açan bir açarsınız. Bəziləri üçün şantaj aləti, bəziləri üçünsə Tanrının bir üst səviyyəsisiniz. Bəs sizin insanlığınız kiməsə lazımdırmı? Yəqin ki, yenidən eyni cavab səslənir. Bu ömür də xoşbəxt sonluqla bitə bilmir. Ən yaraşıqlı, ən bacarıqlı, ən peşəkar bir insan olmaq heç də ən xoşbəxt olmaq demək deyil. Bəs nədir xoşbəxtlik? Xoşbəxtlik, mənə görə, insan ola bilmək bacarığıdır. Hamıdan zəngin yox, hamıyla zəngin ola bilmək bacarığı. Hamıdan böyük yox, hamını böyük görə bilmək istedadı. Əsas məsələ budur. Xoşbəxtlik kimdənsə üstün olmağın verdiyi həzz deyil, hamı ilə birlikdə həmahəng yaşaya bilməyin gətirdiyi təbii sevincdir. Bir şam olaraq təkcə yanmaqdansa, digər şamları da işıqlandırmaq onu digər yanan şamlardan fərqləndirir. Bir xüsusiyyət ilə yox, şəxsiyyət kimi fərqlənmək əsl xoşbəxtlikdir. Svayqın qəhrəmanı da öz oğurluğu ilə zənginliyin və şöhrətin gətirdiyi çirkabın necə saf sevincdən tamamilə fərqli olduğunu anlayır. Onun qaranlıq və fantastik gecəsi beynini aydınlığa çıxarır. Və sonda anlaşılır ki, bəzən qəpikləri havaya atmaq onları qazanmaqdan daha xoş ola bilərmiş. İtirərək qazanmaq, qazanaraq itirməkdən daha üstün imiş. Xoşbəxtlik nədir? Vacib sualdır.
Edebiyat
Fantastik GecəStefan Zweig · Qanun Nəşriyyatı · 2020171,7bin okunma
·
108 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.