Puan vermedi·96 syf.····Okunma: 19 Şubat 2023 06:21 İlk dəfə idi ki, Tolstoy oxuyurdum. Kitabı həqiqətən bəyəndim, yenidən anlayaraq oxumağa dəyər. Kitabı bəyəndiyim kimi, razılaşmadığım bəzi yerlər də oldu təbii ki.
Əsər "həyatın mənası", "ölüm problemi", "yaşamaq" və "din" mövzuları haqqında yazılıb. İnsanın qarşısındakı ölüm problemini həll etmədən "yaşaya" bilməyəcəyini deyən Tolstoy, insanların bu tək gerçəyi görməzdən gəldiyinə və dünya sərxoşluğu ilə ömrünü necə keçirdiyinə təəccübləndiyini deyir.
Tolstoy, insanların həyatın mənasızlığını yalnız inancla (dinlə) mənalı və yaşanabilən qılına biləcəyini anlamışdı. Əgər bir gün hamımız öləcəyiksə, sevdiklərim, yaxınlarım, mən.. onda bütün bu yaşadıqlarımız, çabalarımız, ruhumuz yoxluğa qərq olacaq, çürümüş cəsədlərimizdən başqa heç nə qalmayacaq geridə...
Bildiyimiz tək həqiqət -ölüm- varkən insanların həyatı necə bu qədər həvəslə yaşadığına heyrət etmişdi. Ölüm probleminə bəşər tarixi boyunca nə insanlar, nə də filosoflar həll yolu tapa bilmişdir.
Epikürçü düşüncə "ölüm varsa, mən yoxam, mən varamsa, ölüm yoxdur" desə də, Tolstoy həyatın ümidsizliyini qavrayıb, onun nemətlərindən ləzzət almağa çalışmağı, yuxarıda əjdaha, aşağıda siçovul və qurdların olduğu bir quyuda asılı qalmış insanın yanındakı budağın yarpaqlarındakı balı yalamağına bənzədirdi.
Bir digər çıxış yolu isə intihardır ki, insanın həyatına son verməsi ilə bu mənasızlıqdan, davamlı ölüm qorxusu və mənəvi əzablardan qurtulacağı iddia olunur.
Bu və buna oxşar seçimlərin həll yolu ola bilməyəcəyini anlayan Tolstoy, həyatın mənasını tapmaq üçün müdriklərdən elm adamlarına qədər hər kəslə görüşmüşdü. Lakin, yenə də onu qane edən bir cavab tapa bilməmişdi.
Xristian olaraq böyüyən Tolstoy, bir sıra səbəblərə görə dindən uzaqlaşmış və inancını itirmişdi. Lakin, daha sonra uzunmüddətli məna axtarışı onu inanca yaxınlaşdırmışdı. Çünki, sadəcə din ölümdən sonrasının heçlik olmadığını və boş-boşuna var olmadığımızı izah edirdi. Əgər, biz həqiqətən həyatımızın bir mənası olduğuna və yaşamalı olduğumuza inanırıqsa, buna dindən başqa əsaslı bir cavab tapa bilmərik.
Kitabın sonlarına doğru yazarın əvvəllər əqlən ziddiyyətlər, xətalar olduğuna görə inanmadığı xristianlıq dininə, həyatına məna qatıb aydınlatdığı üçün inanmağı seçir. Xristianlığın demək olar ki, bütün məzhəblərini araşdırmışdı. Ancaq anlamadığı, izah edə bilmədiyi bir çox məsələlər vardı. Həmçinin keşiş və xristian din adamlarının niyə öz getdikləri yolun doğru, digərlərinin isə yanlış olduğunu izah edə bilməmələri Tolstoy üçün narahatlıq doğuran bir digər problem idi. Ona görə də dinə inanmaqla yanaşı onda bəzi xətaların olduğunu düşünürdü.
Böyük yazarın həyatının sonunda hansı inancda qərar qıldığını dəqiqliklə bilmirik. Ancaq, müsəlman olduğu ilə bağlı bəzi şübhələr var.