·384 syf.··Beğendi
···Okunma: 03 Mayıs 2023 20:31 "İndiyədək heç kəsə etibar etmədiyim qədər sənə və özü də hər şeyi etibar edəcəyimə ümid bəsləyirəm. Ümid edirəm ki, sən mənə böyük dayaq olacaqsan"
Anna Frank 1929-cu ildə Frankfurtda həyata gözlərini açıb. Atası Otto, anası Edit və böyük bacısı Marqo ilə XX əsrin tutqun havasında, müharibənin fəsadlarının hələ yoxa çıxmadığı dövrdə həyata uyğunlaşmağa çalışdı. 13 ildə öz kiçik dünyasını qurdu, hər bir uşağın etdiyi kimi. Bu şıltaq və xoşbəxt qız öz nağılının şahzadəsi, alimi, səyyahı idi. Onun böyük davranışları, ətrafa qarşı qayğısı və həyata nəşə paylayan gülümsəməsi onu tanıyan hər kəsin ağlında iz qoyurdu. Amma bəzi insanlar qəddar ola bilirlər. Milliyətinə görə 6 milyon yəhudini öldürəcək qədər qəddar...
"Hərdən fikirləşirəm: görəsən, kimsə yəhudi olduğuma məhəl qoymadan məni, sadəcə, azadlıq və xoşbəxtlik istəyən adi bir qız kimi qəbul edib bu nankorluğumu bağışlayardımı?"
Almaniyada hakimiyyətə gələn nasist hökumət bir çox yəhudini, o cümlədən Frank ailəsini də köçə məcbur edir. Niderlandda bir az yaşadıqdan sonra almanlardan gizlənmək üçün sığınacağa köçürlər. Beləliklə, sərhədsiz xəyallarla yaşayan qızın həyatı dörd divarın arasında zindana çevrilir.
"Bir daha küçəyə çıxa bilməyəcəyimizi dərk etmək getdikcə ağır təsir edir"
Burada onlarla bizim tanıdığımız adlarıyla Van Daan ailəsi, bir neçə ay sonra Albert Düssel yaşamağa başladı. Bu kiçik sığınacaqda artıq yeni dünyalarını qurmuşdular. Hərdən bir-biriləri ilə əylənir, söz davası edir, küsür, amma heç vaxt ad günlərində hədiyyə almağı unutmurdular. Bu kiçik dünyanın isə daha böyük sakini var idi: gündəlik. Gündəlik ona ad günündə hədiyyə edilmişdi. Nəhayət, 12 iyun 1942-ci ildə oraya ilk cümlələr yazıldı və Anna Frank təxmin etməzdi ki, bu gündəlik dünyanın ən çox oxunan kitablarından olacaq, özü kimi həssas ürəkləri zəbt edəcəkdi. Yazıçı olmaq istəyən bir insan üçün bu, yəqin ki, ən böyük xoşbəxtlik olardı.
Gündəliyi oxuduqca biz Anna Frankın uşaqlıqdan yeniyetməlik dövrünə keçidini müşahidə edirik. Onun üsyankar xasiyyəti sığınacaq sakinləri tərəfindən xoş qarşılanmırdı. Anna digərlərindən özünə böyük kimi baxmalarını istəyir, bunu almadıqda isə daha da sözə baxmırdı. Məktublarını ünvanladığı Kitti adlı xəyali dostu onu hamıdan çox başa düşür, bu lal sirdaş onun bütün sıxıntılarına həmdəm olurdu. Anna Frank anasından almadığı sevgiyə görə onu qınayır, bacısı Marqonun daha çox diqqət mərkəzində olduğu üçün onu qısqanırdı. Van Daan ailəsinin xanımıyla problemləri, Düssellə arasındakı mübahisələr, atasının onu anlamaması yeniyetmə Annaya təsir edirdi. Həyat arzulardan məhrum, xülyaları dörd divara sığdırılmış bir qızı qəddarcasına ram etməyə çalışırdı. Amma Anna öz gündəliyi sayəsində öz yaşadığı taledən kənarlaşa bilir, çərçivəsiz düşüncələrini sərbəst buraxaraq azadlığın dadını çıxarırdı. Lakin həqiqi azadlığın gələcəyi günü səbirsizliklə gözləyir, bəzən ümidsizliyə qapılır, yenə də böyük qəlbinin incəliyini qoruyub-saxlayırdı. Hətta Anna aşiq də olmuşdu, öz sevgisini verəcəyi birini kəşf etmişdi. Onun Peterə qarşı bəslədiyi şəfqət sığınacağın dumanlı və boğucu mənzərəsini qırmışdı, Anna üçün bir günəş doğmuşdu. Böyüdükcə fikirlərini daha yaxşı ifadə edir, həyatı daha dərindən kəşf etməyə başlayırdı. Öz cinsi və mənəvi kimliyini, ruhunu öyrənməyə çalışırdı. Anna yaşamaq yanğısı ilə alışan bir qız idi. Amma yaşadığı sığınacaqda zaman keçdikcə bütün məfhumlar bulanıqlaşır və öz əhəmiyyətini itirirdi. Hər şeyə baxmayaraq, o bir gün hər şeyin bitəcəyi, yaxşının pisə qalib gələcəyi günün həsrəti ilə yaşayır və inanırdı.
"Yenə də, buna baxmayaraq, səmaya baxanda içim yenidən yaxşının qələbə çalacağı, qəddarlığın yox olacağı və sülhün bərqərar olacağı inamıyla dolur"
Müharibələr təkcə binaları, şəhərləri, ölkələri məhv etmir. Sonda yalnız ölən yüzlərlə insan qalmır. Arzular, xatirələr, düşüncələr silinir. Bir insan deyil, bir mənəviyyat öz kainatını tərk edir. Sevgi və nifrət, təbəssüm və qışqırıq, sevinc və kədər dağıntılar altında qalır. Bəzən bir insanın hirsi, milyonlarla insanın qüssəsinə çevrilir. Bir xəyal bir meyid, bir gələcək bir məzarlıq olur. Keçmiş itir, incə qəlblər qırılır, göz yaşları torpaqları suvarır. Geriyə isə bir ovuc heç qalır.
Anna Frank, ailəsi və sığınacaq sakinləri müharibənin dördüncü ilində yaxalandılar. Əvvəlcə biri məhv oldu, sonra digəri, sonra bir başqası. Annanın təkcə özü yox, kiçik sevgisi, ümidləri, şirin gülümsəməsi müharibənin qurbanı oldu. Onun dünyaya arzuladığı sülh və xoşbəxtliyi qəddar bəşəriyyət özünə çox gördü. Gələcəkdə yaşayacağı gözəl həyat iki mərmi arasında sıxışıb qaldı. İndi isə geriyə dönüb baxdıqda sadəcə utanc görünür. Müharibədən daha böyük bir utanc. Anna bizə bəxş etdiyi dəyərli gündəliyi ilə o günlərin dəhşətini bizə hiss etdirir. Vəhşi insanlığın özünü necə alçaltdığını, öz silahıyla özünü necə yerə sərdiyini göstərir. Amma həm də keçmişdən bizi qucaqlayır və deyir ki, hər şey yaxşı olacaq.
Gündəlik bitdi, müharibə sona çatdı, illər bir-birini əvəz etdi. Biz isə unutduq. Onsuz unutmaqdan başqa nə bacarırıq ki?