Gönderi

"Qüsursuz Tako" eşqinə!
10/10
·432 syf.··
Beğendi
·
2023 33. kitabı
·
34 günde okudu
·
Okunma: 14 Temmuz 2023 00:00
Məyusluq və heyrət içində əlimdəki qatlanmış, bükülmüş, əzilmiş, yüyürmüş, sürünmüş, qanadlanmış, yıxılmış, indi isə ayağa durmuş kitaba baxırdım. Hər səhifəsi, hər küncü, ağac əcdadlarından miras qalan hər zərrəciyi fasiləsiz Bandaloop rəqsi etmiş və indi yorğun bir şəkildə mənə gülümsəyən kitaba. Bir həftəlik səyahətdə onunla bərabər karqo ilə gələn digər kitablar da vardı, təbii ki. Yerləşdirildikləri qutuda sözəbaxan bir şəkildə sahiblərinə çatacaqları günü gözləmiş, yerlərindən tərpənməmiş, bir kitab necə davranmalıdırsa, o şəkildə davranmışdılar. Cildləri qüsursuz, səhifələri dinc və vəhdət halında idi. Vərəqlədikcə kağızların biri digərindən ayrılmaq istəmir, bu vaxta qədərki toxunulmazlıqlarını bərpa etmək adına tezcə birləşməyə can atırdılar. Bu arada hərflərin yuxusu dərin, nəfəsləri sabit idi. Aralarında azca təngnəfəs olanlar da vardı, xüsusən də cildin üstündəkilər. Digər hərflərin üzərini üstdəki qatın hərfləri örtdüyü üçün onlar ətraf mühitdən xəbərsiz şəkildə, şad-xürrəm yaşamaqda idilər, amma ən üstdəki hərflər bu qədər şanslı deyildilər (ya da tam əksi; əgər gerçəkliyi dərk edib inanclarından qopmaq şans sayılarsa). Bir an olsun yerində durmayan "Bandaloop"çu yoldaşlarına həsəd aparmış, onlara qoşulmaq istəmiş, fəqət ilk etirazlarındaca üstündə tullanıb düşdükləri cildin kənarı xəfifcə əzilmiş, hərflər də düz dünyalarının kürə halına gəlməsindən qorxaraq geri çəkilmişdilər. "Bandaloop"çunu yola gətirmək heç də asan olmadı, hər vərəq ayrılıqda azadlıq tələb edir, hərflər Kudranın gümüş çaydanındakı su qabarcıqlarıtək qaynayırdı. Dostum dəhşət içində idi. Kitabın vərəqlərini oxşayır, əvvəlki hallarına qayıtmayacaqlarını bildiyi halda yola gətirməyə çalışırdı. Sonda anidən (əslində anası ilə telefonda danışdıqdan sonra; amma hər problemi təkbaşına həll etməyə qadir yetkin bir fərd olduğunu düşünəsiniz deyə "anidən" olduğunu fərz edəcəyik) anladı : kitabın qəhrəmanları ilə bərabər buxar vannası qəbul etmədən bu kiçik, inadkar anarxistlər də doğru yola gələsi deyildi. Çaydanı qaynaması üçün qışda gücləndirilmək əvəzinə zəiflədilmiş qazın alovlarına əmanət etdi, gözlədi və yenə gözlədi, çoxdandır axtarılan bir kitabı (qətiyyən "Bandeloop"çu olmayan) daha axtarılmasın deyə skan etdi, sonra yenə gözlədi və təbii ki, bir az da gözlədi, ən sonda mətbəxdən Panın fleytasının səsini batıracaq fit səsi gələndə vaxt itirmədən əlindəki üsyançını buxar paradına doğru apardı. Hərflər dartındı, vərəqlər çırpındı, cəbhələr yarıldı, qatlanmış künclər məğrur başlarını aşağı saldı. Alobar güzgüdən "müjdə"sini aldı, Priscilla əlindəki qabı yerə saldı, başında arılarla Bingo Pijama keçdi, Marcel LeFever maskasını çıxarıb çuğundurla baxışdı. Bir anda kitabdan nəfis ətir yayıldı. Dostum razı bir şəkildə gülümsədi, əslində kitab əvvəlkindən lap az yaxşı idi, amma yenə də gülümsədi, əgər qızarmağı bacaran bir cildə sahib olsa, qızardığını da görə bilərdi, amma bu durumda gördüyü işdən məmnun qaldığı üçün gülümsədiyini düşünüb kitabı məsum bir şəkildə mənə təslim etdi. Əlbəttə, ilk baxışdan adi bir kitab olmadığını anlamışdım. Hələ əlimə almadan aylar öncə, məndən kilometrlərlə uzaqda, bir kitab rəfində, iki qonşusu arasında ölümsüzlük xülyaları ilə çırpınıb durarkən diqqətimi balaca işıqlı qutuya həbs olunmuş (günümüzdəki bir çox məhbus kimi) görüntüsü ilə cəlb edə bilmişdi. İndi masamın üzərində taleyi ilə barışmış bir şəkildə dayanır, zərərsiz görünməyə çalışır, ara-sıra dəvətkar baxış atıb məni yoldan çıxara biləcəyini sanırdı. Guya tələsinə düşəcək, qarşı qoya bilməyəcək, sözlərinin sehrinə qapılacaqmışam. Məftun edəcəkmiş məni. Hah! Əlbəttə... Əlbəttə, oyunbaz olduğu qədər dürüst imiş də. Dayanmadan gülsə də (arada kəskin keçi qoxusunu duyanda qəhqəhənin haradan gəldiyini anlamaq çətin olurdu əslində), üstümə çuğundur atsa da, yanılmırmış. Başlanğıcda qonağının mövqeyini təyin edib ona əsasən özəl günlər üçün gizlətdiyi şirniyyatları ortalığa çıxarıb çıxarmayacağına qərar verən bəzi ev sahibləri kimi məsafəli və diqqətli davrandı. Hərtərəfli ölçüb biçdi, yaddaşımı ard-arda obraz və məkan adları ilə sınağa çəkdi. Maraqlı əhvalatlar danışıb hansıları ağlımda tutmalı olduğumu qeyd etmədi. Durduq yerə dəxlisiz personajlardan sitat çəkib onsuz da nə oxuduğumu sorğulayarkən daha da çaş-baş saldı. Amma bir yerdən sonra mənə qanı qaynadı. Daha doğrusu, mən elə düşünürəm. Bir ay boyunca çantamda gəzməzdi yoxsa. Düzü, kaprizli idi bir az. Baş-başa qalmasaq, əsəbiləşirdi. Ortalıq yerdə qaldığım yerdən davam edəndə qısqanıb qarışdırardı sözləri. Anlamağıma imkan verməz, yarıda qalan iri abzaslarla beynimin arasına girərdi. Fəqət o qədər də narazı deyildim. Açığı, bir az bağlanmışdım desəm yalan olmaz (zamanla bağlanmaq adətimdir onsuz da). Həm çəkdiklərimin mükafatsız qalmayacağının da fərqində idim. Arada yeni kitablarım məni acıqlı-acıqlı süzür, köhnə kitablarımsa onlara cəmi bir-iki gün ayırmış olduğum üçün inciyirdilər. (Açıq-aşkar haqsızlıq idi bu. Wren də Alobar üçün daha özəl idi, amma hərəmindəki digər qadınlar bundan incimirdi. Bəs mənim "hərəm"imin bu dəymədüşərliyi nə idi belə? Axır-əvvəl öz "Wren"imi növbəti krala təslim etməli olduğumu bilə-bilə? Hansı biri "Kudra" olacaqdı mənə?) Şikayətləri, əlbəttə, eşitməzlikdən gəlir, ölümsüz olsam, bütün dünya üzərindəki kitabları oxuyub bitirmək üçün neçə il lazım olduğunu hesablayırdım. Bəzi kitabları 20-30 ildən bir təkrar oxumaq istəyəcəyim nəzərə alınmalı idi. Bəzi kitabları isə oxumadan əbədiyyətə qovuşmaq daha məqbul idi. Bir anda kitabların tükənməsinin insan nəslinin tükənməsindən daha çətin olduğunu düşündüm. Hər il yeni kitablar yazılır, köhnə kitablarsa olduğu yerdə qalır, insanlar kimi o biri dünyaya getmirdi (qızınmaq naminə və ya qadağan edildiklərinə görə yandırılan nüsxələri saymasaq). Ölümsüz olsam belə, bütün kitabları oxuyub bitirəcəyim hər hansı bir gün mümkün deyildi, çünki siyahımda üstündən xətt çəkdiyim hər kitabın əvəzinə onlarla yeni kitab gələcəkdi. Bu hesablama məni bir az məyus etdi. Ölümsüzlük fikri artıq o qədər də cazibədar deyildi. Dünyaya kral namizədi kimi gəlməyəndə, ya da böyük bir imarətdə yaşamayanda insanın ölümsüzlük haqqında fikirləri də azca fərqli olur. Böyük həyatlar böyük fikirlər, böyük fikirlər böyük arzular yaradır. "Mənim sadəcə ürəyim böyükdür. O da əleyhimədir" deyə düşündüyüm anda əlimdəki inqilabçı ruh birdən-birə parladı, işıq qoxuya, qoxu alova, alov torpağa, torpaq havaya, hava suya qarışdı. Hər kəlmə, hər cümlə tapmacaya döndü, açması da bir kəlmə idi : "Xatırla!" (Ən azından "Erleichda!" deyildi.) Adlar qarışdı, şəhərlər yaxınlaşdı, keçmiş və gələcək indiyə çevrilib tək bir fəslə toplaşdı. Maskalar taxıldı, şüşələr qırıldı, balıqlar sərxoş oldu, arılar yuva qurdu, iplər Gepettonun əlindən çıxdı, Pinokyo evdən qaçdı. Mənsə... Mənim nəfəsim kəsildi. Kimin nəfəsi kəsilməzdi ki? Robbinsin üslubunu kəşf edən hansı oxucunun nəfəsi kəsilməzdi? "Sadəcə bir insanın ruhu bütün tarixi üstələyə, hətta silə bilərdi." Tük qədər xəfif qəlbinizin olması diləyilə, Xoş oxumalar!
Parfümün DansıTom Robbins · Ayrıntı Yayınları · 20196,4bin okunma
·
1.323 Gösterim
7 Yorum
Lütfen giriş yapınız.
Bu necə 10/10-luq bir incələmədir axı?!Oxuduqca oxumaq istəyirsən. Qələmin,düşüncə tərzin hər dəfə məni valeh edir,bir sözlə sən möhtəşəmsən!Hətta bu fikirlərin itib- batmağına icazə verməyib,bir kitabla mütləqdir ki,dəyərləndirməlisən.
İnci Zadə
Gönderi Sahibi
Çox sağ ol 🥹 Görək də vaxt olduqca ndndnd
Qələminizə sağlıq! Necə belə gözəl yazırsınız? Bu sözləri, cümlələri necə belə yerində istifadə edirsiniz? Ümumiyyətlə, ağlınıza necə gəlir? Bu suallar cavab tələb etməyən suallar silsiləsindəndir. Daha çox analizlərinizi gözləyirik.✨
İnci Zadə
Gönderi Sahibi
Çox təşəkkür edirəm! Bu il bir kitab şərhi yazacağıma ümidim yox idi əslində, amma bu kitab tilsimi qırmağa dəyərdi. Tövsiyəmdir, oxuyun <3
Həmişəki kimi o qədər möhtəşəm yazıbsan ki İncii .. Əllərinə sağlıq 💜
İnci Zadə
Gönderi Sahibi
Təşəkkür edirəmm, oxuyan gözlər var olsun <3
Ay İncii, sən tilsimi qırmısan, yoxsa tilsimi yaradanmı olmusan, qərarsız qaldım, düzü. Üslubun budur, deyəsən, başqalarını o "qəfəsə" salıb özünü qurtuluşa yetirmək (seni gidi seni). Heyranlıqla oxudum, əllərinə, əməyinə sağlıq💜
İnci Zadə
Gönderi Sahibi
@Samire_Abbasova əla 😁💜
İnci Zadə
Gönderi Sahibi
Tinuviel , kitabı oxuyandan sonra bu rəy sənə xüsusən ləzzət edəcək ! (Təvazökarlıq səviyyəm)
Reklam
İnci Zadə
Gönderi Sahibi
Aylar sonra tilsimi qırdım. Robbins əsl sehrbazdır!
İnci Zadə
Gönderi Sahibi
Zarafatsız, nə qəşəng rəy yazmışam. Ləzzət elədi, bu kitab üçün dəyərmiş 💜