Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

"Onların, demək olar ki, heç biri sözün indiki mənasında insan deyildi, onlar tam hazır olmayan məhsul, əridilib qəlibə tökülmüş metal idilər, yalnız tarixin qanlı yüzillikləri nə vaxtsa onlardan əsl məğrur və azad insanlar yonub hazırlayacaqdı. Onlar laqeyd, tamahkar və ağlasığmaz dərəcədə xudpəsənd idilər. Psixoloji cəhətdən, demək olar ki, hamısı kölə idi- etiqadın, özü kimilərin, ehtirasların, tamahkarlığın köləsi. Əgər kimsə taleyin hökmü ilə anadan ağa kimi doğulurdusa, yaxud sonradan ağa olurdusa, öz azadlığı ilə nə edəcəyini də bilmir, yenə kölə olmağa- sərvətin, qeyri-təbii ifratçılığın, pozğun dostların, öz kölələrinin köləsi olmağa tələsirdi. Bu insanların böyük əksəriyyətinin heç bir günahı yox idi. Onlar həddən artıq laqeyd və həddən artıq cahil idilər. Köləlik laqeydlik və cahillik aşılayır, laqeydlik və cahillik isə təkrar-təkrar köləlik yaradırdı. Əgər onların hamısı eyni olsaydı, adam ruhdan düşər və heç nəyə ümid bəsləməzdi. Ancaq hər halda, onlar insan idi, ağıl qığılcımı daşıyırdılar. Ona görə də onların arasında, gah orada, gah burada çox uzaq, amma labüd gələcəyin ocağı daim alışıb yanırdı. Heç nəyə baxmayaraq alışırdı. Onların zahiri vecsizliklərinə baxmayaraq. Əsarətdə olduqlarına baxmayaraq. Çəkmələrin altında əzildiklərinə baxmayaraq. Dünyada heç kimə lazım olmadıqlarına və dünyada hər kəsin onlara qarşı olduqlarına baxmayaraq. Ən yaxşı halda, həqarətli, ağlasığmaz bir mərhəmətə ümid bəsləyə biləcəklərinə baxmayaraq... Bu adamlar bilmirdilər ki, gələcək onlardan asılıdır, gələcək onlarsız mümkün deyil. Bilmirdilər ki, keçmişin qorxunc kabuslar dünyasında onlar gələcəyin yeganə reallığıdırlar, cəmiyyətin orqanizminin mayası, vitaminidirlər. Bu vitamini məhv etsəniz, cəmiyyət çürüyər, sosial sinqa¹ başlayar, əzələlər zəifləyər, gözlər işığını itirər, dişlər tökülər. Elmsiz heç bir dövlət inkişaf edə bilməz- qonşu dövlətlər onu məhv edər. İncəsənəti və mədəniyyəti olmayan dövlət özünütənqid qabiliyyətini itirir, yanlış təmayüllərin inkişafına şərait yaradır, hər an riyakar və pozğun adamlar yetişdirir, vətəndaşlarda maddi tələbatı önə çəkmək və özündənrazılıq xüsusiyyətlərini inkişaf etdirir və nəticədə, yenə də daha ağıllı qonşuların qurbanına çevrilir. Kitabsevənləri istənilən qədər sıxışdırmaq, elmi yasaqlamaq, incəsənəti məhv etmək olar, amma gec, ya da tez ayılmaq, istəmədən də olsa, hakimiyyətpərəst kütbeyinlərin və cahillərin nifrət etdiyi hər şeyə yol açmaq lazım gəlir. Hakimiyyətdə olan bu boz adamlar elmə, biliyə nə qədər nifrət bəsləsələr də, tarixi obyektivliyə qarşı heç nə edə bilmirlər- onu ləngidirlər, ancaq dayandırmağı bacarmırlar. Elmə nifrət etsələr də, ondan qorxsalar da, yenə də hakimiyyətdə davam gətirə bilmək üçün onu mütləq inkişaf etdirməli olurlar. Əvvəl-axır universitetlərin və elmi cəmiyyətlərin fəaliyyətinə icazə verməyə, araşdırma mərkəzləri, rəsədxanalar, laboratoriyalar yaratmağa, fikir və elm adamlarından ibarət kadrlar yetişdirməyə məcbur olurlar. Bunlar onlara tabe olmayan, tamamilə başqa psixologiyaya, tamamilə fərqli tələbatlara malik adamlardır. Bu adamlar əvvəlki, aşağı səviyyəli tamahkarlıq, mətbəx maraqları, kor təkəbbür və sırf cismani tələbat mühitində yaşaya, fəaliyyət göstərə bilmirlər. Onlara yeni bir mühit- yaradıcılıq gərginliyi hopmuş ümumi və əhatəli idrak mühiti lazımdır, onlara yazıçılar, rəssamlar, bəstəkarlar lazımdır və hakimiyyətdə olan boz adamlar bu məsələdə də güzəştə getməyə məcburdur. İnad göstərənlər hakimiyyət uğrunda mübarizədə daha hiyləgər rəqibləri tərəfindən məhv ediləcək. Amma güzəştə gedənlər də, nə qədər inanılmaz olsa da, iradəsinin ziddinə olaraq labüd şəkildə özü üçün qəbir qazmış olur. Çünki cahil eqoistlər və fanatiklər üçün xalqın mədəniyyətinin inkişafı, təbiət elmləri araşdırmalarından böyük musiqiyə heyranlıq qabiliyyətinədək, bütün ölçülərdə öldürücüdür... Sonra isə nəhəng sosial sarsıntılar dövrü gəlir, bu zaman elm o vaxtadək görünməmiş bir sürətlə inkişaf edir, cəmiyyətin geniş şəkildə intellektuallaşdırılması prosesi gedir, boz cahillik qəddarlığına görə bəşəriyyəti orta əsrlər dövrünə qaytaran son döyüşlərə girişir, həmin döyüşlərdə məğlubiyyətə uğrayır və artıq istismardan azad olmuş cəmiyyətdə real qüvvə kimi tamamilə yox olur... ______ ¹C vitamininin (askorbin turşusunun) kəskin çatışmazlığı nəticəsində yaranan xəstəlik"
Sayfa 132 - VI FƏSİLKitabı okudu
31 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.