Ol vaxtda ki sarsıtdı məni qəm təməlimdən,
Tək bircə xəyalındı gəlib tutdu əlimdən.
Bir gün yğaraq bir yerə, bərk-bərk sıxan olsa,
Tək sən süzülərsən, mələyim, hər qəzəlimdən.
Bilməm ki əyən qəddimi həsrət yükü idi,
Ya ki fələyin çərxi gəlib vurdu belimdən.
Bir başqasını vəsf eləmək istədim , ey gül,
Sözlər ilana çevrilərək sancdı dilimdən.
Eşq atəşinə mən də yanardım gecə-gündüz,
Bir azca külək yarə aparsaydı gülümdən.
Sübhün şefəqindənmi dəniz qırmızı olmuş?!
Ya ki qızarıb gözdən axan qanlı selimdən.
Mütləq canı ol dilbərə qurban eliyərdim,
Fəhmi, qaça bilsəm bu naqafil əcəlimdən.