Əziz və dəyərli yazarımız Zola bu şedevrdə bütün duyğu və düşüncələrimi şaha qaldırıb anidən yerə çırpdı. Son 150 səhifəyə qədər sadəcə sona hazırlıq oxuyuruq. Düşünürəm ki, yazar çox uzun tutub bu hissəni. Lakin sonrası türklər demiş tam bir başyapıt. Yazar, fikirləri alt üst edən, yuxuları qaçıran səhnələri, empatiya hissini alovlandırıb, acıma hissini nifrətlə birləşdirən hadisələri bir anda önümüzə sərir. Bir tərəfdə aclıqdan ölən, rəsmən həyatları faciəyə dönən işçilərin sonunda dayana bilməyib ayağa qalxması, dirənişi, digər tərəfdə isə kimlərinsə vasitəsi ilə o işçilərin qanları ilə qazandığı çörəkləri acgözlüklə yeyən insancıqlar. Biriləri ölərkən, digərlərinin bu fəlakəti anlaya biləcək ürəkləri olmaması, sanki bir filmmiş kimi hadisələrə baxıb bunları rəsmə çəkmə düşüncəsizliyi məni dərindən yaraladı. Reallıqdan o qədər də uzaq deyildi. Ən kədərlisi də artıq yeriyə bilməyəcək qədər xəstə olan illərin əməkçisi adama bir cüt ayaqqabı gətirib, “deyəsən, bu hədiyyə üçün gecdir” kimi zarafatyana edilən həqarətlər dözülməz idi. Ümumilikdə mənəvi olaraq oxunması çox çətin əsərdir.
Dərində bir yerlərdə gizli olan nifrət hisslərini alovlandırıb, bunun vasitəsilə gözəl bir gələcək yaratma ümidlərini artırır. Daha çox şey yazıla bilər. Ən yaxşısı özünüz oxuyun. Oxudun. Təşəkkürlər Zola.