Kitaba başlayanda kitab haqqında rəy yazacağımı düşünmürdüm. Açığı belə qəşəng əsər gözləmirdim. Çox səlis yazılıb, bir günə bitirə bilərsiniz. Kitab 19-cu əsr Türkiyəsini bizə göstərir. Kitab adından da göründüyü kimi iki gəncin eşq hekayəsidir. Amma “bu eşq mümkündürmü, deyildirmi?” oxuduqdan sonra anlayırıq. Kitab təkcə baş qəhrəmanlar olan Talat və Fitnatın eşqindən deyil, əsərdə olan 2 fərqli eşqdən də danışır. Kitabda bəzən elə bir dərəcəyə çatdım ki, kitabın içinə girib, hər problemi həll etmək istədim. Kitab mənə çox yüksək hisslər yaşatdı.
Baş obrazlarımız bir-birlərini dəli kimi sevirlər. O dövr necə görüb, necə seviblər? sualına cavabı kitabı oxuduqda anlayırsınız. Bu bəsit sevgi hekayəsi deyil..
Burda bir-birlərini görmədən, sevmədən edilən evliliklərin fəsatlarını görürük. Valideyn xətalarını görürük. Ən çox təəssüfləndiyim nöqtə isə kitab 19 cu əsrdə yazılıb, biz isə 21 ci əsrdəyik. Amma hələ də heç nə dəyişməyib. Hələ də bir çox yerdə valideynlər öz qərarlarını verir, sanki özləri evlənirmiş kimi, övladlarını bədbəxtliyə aparırlar. Kaş bütün valideynlər bu kitabı oxuyub, övladın istəmirsə, sevmirsə EVLƏNDİRMƏMƏLİSƏN anlayışına çatsa idilər.
Kitabda bir kişi obrazı qadın kimi geyinib küçələrdə gəzir və qadınların necə çətinlik çəkdiyini öz gözləri ilə görüb, bizə də göstərir. Kaş bu kitabı özünü kişi zənn edib, amma küçədə hər gördüyü qıza söz atan kişiciklərdə oxusa idi. Amma onlarda onsuz kitab oxumağa ağıl olsa idi, bu hərəkəti etməzdilər.
Xülasə, kitabı oxumağınızı şiddətlə tövsiyə edirəm.