Müəllifdən
Yağışlı bir iyun səhərində başlayıram yeni romanımı
yazmağa. “Ləman”ı yazmadan öncə roman mənim üçün Qaf
dağı qədər uzaq görünürdü. Sonra “Ləman”ı yazdım və hər
sözü, cümləsi ilə romanın ruhuma nə qədər yaxın olduğunu
anladım.
Hekayələrimi oxuyan hər kəs onlarda olan yarımçıqlığı
hiss edirdi, elə özüm də. Hekayə ilə fikrimi çatdıra bilmirəm.
Həqiqi yazmağı bacaran hər kəs mənim sözümü təsdiqləyər ki,
roman hekayədən asan başa gəlir. Səhv etmirəmsə, Drayzerin
sözləridi: “Öncə şeir yazırlar, alınmır, sonra hekayə, o da
alınmır, bu zaman başlayırlar roman yazmağa. Bu, bütün böyük
romançılara aiddir”.
Yazmaq yaşamaq qədər gözəldi, bunu yazan hər kəs
bilir. Bir yazarın xoşbəxt olduğu anlar öz obrazlarını yaradarkən
hiss etdiklərində gizlidir. Əsər bitdikdən sonra o, artıq yazarın
deyil, oxucunun olur. Əsər uğurlu və ya uğursuz olsun, yazara
şöhrət gətirsin, ya da əlində olanları da alsın; bunun heç biri
yazarın vecinə deyil. Çünki, yazmaq yaratmağın balaca bir
parçasıdır. Yaratmaq- bilinmək, tanınmaq o qədər gözəldir ki,
hətta, Tanrı özü də kainatı; dünyanı, bizləri yaratdı. Sənətkar da
bilinmək istədiyi üçün yazır, yaratmaq istəyir. Ölümsüzlüyün
insanlara deyil də, sözlərə aid olduğunu bilir. Mən öldükdən
sonra düşüncələrim yaşayırsa, deməli, ölümsüzlük şərbətindən
içməyi bacarmışam. Baxın, biz Tanrının özünü görə bilmirik,
ancaq bir yaradıcının varlığını çox insan qəbul edir. Yaradan
görünmür, lakin yaratdıqları göz önündədir.
Gözəl olan dağın zirvəsinə çıxmaq deyil, o yolda
çəkilən əziyyətlərdir. Zirvə son dayanacaq yeridir, ora yanlızlıq,
ora ölümdür...
İnsan həqiqətə çevirəcəyi bir xəyalı qalmadığı zaman
ölür. Zirvə isə bütün xəyalların həqiqət olduğu yerdir. Bir
yazarın zirvəsi şan-şöhrətdir. İndi üçüncü kitabımı: ikinci romanımı yazmağa
başlayıram. Hələ ki, zirvə görünmür; kaş, on roman yazana kimi
də görünməyə. Hər şey ola bilər, mən tanınmış bir yazar da ola
bilərəm, bir səfil kimi də dünyadan köçərəm, ancaq son ana
qədər yazmaqdan əl çəkəcəyimi düşünmürəm.
Mənim kimi insanlar həm güclü, həm də çox zəif olur.
Yazdığı bir roman dünyanı yerindən oynadacaq qədər güclü
olduğu halda, kiçik şeylərdən qorxur. Güc və acizlik birləşdiyi
zaman həyat, kamil insan yaranır.
Gecə və gündüz, kişi və qadın, pis və yaxşı; həyat
dediyin bunlardan yaranır.
Birin olması üçün ikiyə ehtiyac var. Yeni bir insanın
yaranması üçün iki insana- qadın və kişiyə ehtiyac duyuruq.
Gündüz və gecə olmasa gün olmaz, fəsillər olmasa il....
Bu səbəbdən romanın adını “Bir” qoymaq qərarına
gəldim. Bir-birinin əksi olan iki insanın həyat hekayəsini
yazmağa, yuxarıda dediklərimi isbat etməyə çalışacağam.
Mənim yazdığım şəhərlər, kəndlər, hətta, ağaclar belə
xəyalımın məhsuludur. Onları bu dünyada tapmaq olmaz.
Lakin insanlar... Onlar, hər birimizin tanıdığı, hər gün
rastlaşdığı insanlardır. Bəlkə də elə mənəm, sənsən, odur, o
birisidir...
Gecə sabaha qədər yağış yağdı. Bilirsinizmi, həyat
kitablara, filmlərə heç bənzəmir? Çox vaxt qovuşmur sevənlər,
çox vaxt qalib gəlmir doğrular. Bəlkə də elə həyatı maraqlı,
mənalı edən də budur. Nə olur-olsun, çalışıb doğrunun yanında
olmalıyıq... Bir dəfə öləcəyik... Bundan artıq öldürə bilməzlər
bizi.
Tural Sahab