Müəllifdən oxucuya...
Ölümün olduğu yerdə nəyi ciddiyə almaq olar?!
Bu suala əsrlərdir düşünməyi bacaran bütün insanlar
cavab axtarır. Cavab isə... Yoxdur. Ölüm varsa, qalan
hər şey yalan və boşdur... Bir gün bu dünya özü də
öləcək. Yazılan hər əsər, çəkilən hər rəsm; uzun sözün
qısası, hər şey bir gün yox olacaq. Unudulmaq və ölüm
dəyişməz alın yazımızdı. Gün gələcək məzar daşlarımız
belə torpağa qarışacaq, gün gələcək torpaq özü belə
kainatın boşluğunda boğulacaq, yox olacaq.
Ölüm gələnə qədər isə yaşamaq-gözəl yaşamaq
lazımdı. Heç kimin sözünə qulaq asmadan, heç kimi
dinləmədən... Öz istədiyin kimi... Evlənəcəyin insanı,
işləyəcəyin işi özün seçəcəksən. Kimsə sənin yerinə,
sənin həyatın haqqında qərar verməyəcək. Bu həyat, bu
ömür sənə verilib. Bəli, ancaq sənə! Kiminsə sözü ilə
yaşayasan deyə yox, öz qərarların-doğru və yanlışlarınla
özün yaşayasan deyə.
Mənə nə başqalarının həyatından?! Və, sənə nə
mənim həyatımdan?! Bu iki balaca cümlə son
zamanlarda həyat devizim olub. Baxıram, insanlar ölür,
yaşamadan, yaşaya bilmədən ölür. Ya “başqaları nə
deyər”-deyə istədiklərini edə bilmir, ya da başqalarının
istədiklərini müzakirə edir. Beləliklə, ömür tükənir. Bir
sabah açılır, lakin o sabahda onlar olmur...
İnsanlar kitabları oxumadan, şeirləri dinləmədən,
filmləri izləmədən ölür. Bir dəfə belə yağışın altında
rəqs edə-edə islanmadan, hər kəsi unudub mahnı oxumadan, hər kəsin içində sevdiklərinə sarılıb “səni
sevirəm” demədən ölür insanlar... Doyunca sevmədən,
doya-doya yaşamadan ölür insanlar... Bütün həyatımız
ancaq işləmək, yemək və yatmaq üzərində qurulub.
Daha çox pul qazanırıq, lakin xərcləməyə əlimiz gəlmir.
Məsələn, gözəl paltarlar almırıq, gözəl ətirlərdən istifadə
etmirik, səyahətə çıxmırıq. Ancaq işləyirik və bir gün
film bitir. Çox vaxt əziyyət çəkib tikdiyimiz evdə
yaşamadan ölürük. Gətirib cəsədimizi evin ortasına
uzadırlar ki, heç olmasa, bir gecə tikdiyi evdə gecələsin.
Sizə bu lazımdı?! Şəxsən mənə lazım deyil. Yaşamaq
istədiyim həyat bu deyil.
Bu yazını yazdığım zaman 29 yaşım var. Dosttanış evlənir, ətrafdakılar “evlən-evlən” deyə beynimi
məhv edir, mənsə, bəlkə də kimsənin oxumayacağı
romanlar yazıram. Bu, məni narahat edirmi? Qətiyyən!
Çünki, bu, mənim həyatım, mənim seçimimdi. Ömründə
heç vaxt kitab oxumamış, aşiq olmamış insanların
məsləhəti, sözləri niyə mənimçün önəmli olmalıdır ki?!
“Cəhənnəmə gedən özünə yoldaş axtarır” deyirlər.
Düşünürəm ki, həyatlarını cəhənnəm kimi yaşamış
insanların fikirləri ilə özümü niyə incitməliyəm?!
Cek London, Drayzer, Mopassan çox sevdiyim
dostlarımdır. Hə, bir də axır vaxtlar Jan Pol Sartr adlı bir
oğlanla tanış oldum. Həyat və ölüm haqqında
düşüncələrimiz, demək olar ki, eynidir. O da mənim
kimi daha dünyaya gəlməmiş insanlara sevgini
öyrətmək istəyir. Bax, mənim dostlarım, məsləhət
alacağım insanlar bunlardı...
Bir azdan yeni romanıma başlayacağam. Hələ də
nədən yazacağıma qərar verməmişəm. Nə yazacağımı, necə yazacağımı özüm də bilmirəm, daha doğrusu,
özümə də maraqlıdır. Bəlkə bu dəfə alındı, o çox
istədiyim əsəri yazmağı bacardım... Bəlkə də heç romanı
bitirə bilmədim. Əslində, bütün bunların bir önəmi
yoxdur, mənim vecimə də deyil necə olacağı, nə
olacağı... Əsas olan: mən hal-hazırda yaşayıram və
sevdiyim işlə-yazmaqla məşğulam...
Tural Sahab