Bu kitab, mənə görə, distopya romanlarının ən yaxşıları arasında olmağa layiqdir. Kitabın mövzusu: "Müharibə sülhdür; Azadlıq köləlikdir; Cəhalət gücdür" sloganları üzərində qurulmuş və izahları çox gözəl şəkildə verilmişdir. Bundan əlavə olaraq, əsərdə "ikifikirlilik" adlı düşüncə tərzi haqqında danışılır. İkifikirlilik dedikdə iki bir-birinə zidd olan fikrin beyində eyni anda olması və ikisinin də eyni anda qəbul edilməsi deməkdir. Həmçinin, bu zaman etdiyinin ikifikirlilik olmadığını da qəbul etməlisən. Məsələn, 2+2=4 olduğunu bildiyin halda, əgər sənə cavabın 5; 6; 17; 21 olduğu deyilirsə, bunu düşüncələrində və hisslərində tamamilə qəbul etməlisən. Bundan başqa, romanda iqtidarın əldə tutulması üçün həyata keçirilən daha başqa manipülyasiya tədbirləri haqqında da məlumatlar yer almaqdadır. İnsanların mexanikləşdirilməsi, onların düşüncə sisteminin bir çərçivə içinə salınması hətta yox edilməsi üçün duyğuların məhv edilməsi, sevginin qadağan olunması, ailədə və cəmiyyətdə insanların bir-birinə olan güvən bağlarının qoparılması və daha nələr nələr...
Bütün məqsəd sağlam və azad düşüncədən məhrum, hisslər baxımından bir robota çevrilmiş toplumun bütün enerjilərinin və faydalarının ancaq Partiyanın mövcudluğuna yönləndirməkdir. Partiya insanların beynində hansı fikrin olmasını istəyirdisə, insanlar da məhz o düşüncələri yaşadırdılar. Bunun əksi "Fikir Cinayəti" adlandırılaraq həmin şəxsin buxarlanmasına gətirib çıxarırdı. Partiyanın yaratmış olduğu gerçəklik anlayışına görə, "Var olan tək həqiqət Böyük Qardaş və onun hakimiyyətinin qüsursuzluğudur, başqa heç nə".
Son olaraq bunu demək istəyirəm ki, SSRİ tarixi və onun ictimai həyatda kollektiv toplum üzərində olan hakimiyyəti haqqında heç bir məlumata sahib olmadan bu kitabı oxumaq həmin oxucuya darıxdırıcı və mənasız gələ bilər. Kitabı oxuduqdan sonra onun faydalı və ya faydasız, maraqlı və yaxud tam əksinin olduğunu deyərək doğru analiz etmək üçün əvvəldən həmin dövr haqqında bilmək lazımdır.
Kitabdan alıntılar:
* "Partiyanın sırıdığı bu yalan hamılıqla qəbul edilirdisə və bütün yazılı mənbələr də həmin nağılı təsdiqləyirdisə, bütün bunlar tarixə və həqiqətə çevrilirdi". ( Səh: 50 )
* "Yaddaş pozulmuşdusa, yazılı mənbələr saxtalaşdırılmışdısa Partiayanın insanların həyat şəraitinin yaxşılaşması ilə bağlı iddialarını qəbul etməli idin, başqa yolun yox idi, çünki cari vəziyyətdə tutuşdurmağa, müqayisə etməyə yarayan heç bir standart, heç bir fakt yox idi, ola da bilməzdi". ( Səh: 120 )
* "Müəyyən mənada Partiya öz dünyagörüşünü onu anlamağı bacarmayanlara daha uğurla sırıya bilirdi. Gerçəkliyin ən dəhşətli şəkildə təhrif edilməsini qəbul edə bilirdilər, çünki qarşılarına qoyulan tələblərin miqyasını tam anlamaq iqtidarında deyildilər. Kütlük onları dəli olmaqdan qoruyurdu". ( Səh: 199 )
* "Kütlənin düşüncə tərzinə təsir etmək üçünsə maarifləndirmə yaramır, onu savadsızlaşdırmaq lazımdır". ( Səh: 264 )
1984George Orwell