Nə yaxşı, tanıdıq bir-birimizi
Bu, bəxtin işiydi, Tanrı buyurdu,
Gəldik bir küçədə üz-üzə biz də.
Mən niyə dayandım? Sən niyə durdun?
Niyə yan keçmədik bir-birimizdən?
Əsdi yarpaq kimi birdən ürəyim,
Bunu səndən qabaq o küçə bildi.
Mən hardan bildim ki, sənsən taleyim?
Sənin bəxtin mənəm, sən necə bildin?
Bir duru, dumduru büllur bulaqda
Daşlar bir-birini tanıyan kimi,
Bir yaşıl, yamyaşıl hündür budaqda
Quşlar bir-birini tanıyan kimi
Nə yaxşı, tanıdıq bir-birimizi...