Qeyd: Kitabı alanda arxasını oxumayın
Ümumi məlumatı yazmazdan öncə demək istəyirəm ki, əgər mənim kimi tarixdən, siyasətdən çox da başı çıxmayan, amma araşdırmağı sevən və eləcə də, bu kitabı daha yaxşı (təbii ki, siyasi cəhətdən) başa düşmək istəyən birisinizsə, sizə tövsiyəm o ola bilər ki, İranın tarixi haqqında bir az araşdırma edəsiniz. Ya da bu qısa videoya baxmaq da bütün məsələni həll edəcək;
youtu.be/ogXq_gFdBZU?si=...
Çox vaxt etdiyim kimi bu dəfə də müəllif haqqında danışmaqla başlamaq istəyirəm. Düzdür, o qədər də məlumatlı deyiləm, amma müasir yazıçılardan biri olduğunu bilirəm. Hətta, yenilərdən olmasına baxmayaraq, çox gözəl, zərgər dəqiqliyində bir işə nöqtə qoyub. Marjan Kamali -ın bu ay çapa verdiyi romanı ilə bir yerdə 3 əsəri mövcuddur. Onun kitabları 20-dən çox dilə tərcümə olunub. Bu dillərdən biri də yaxşı ki, bizim dilimiz olub. Düzü Qanun Nəşriyyatını o qədər də ahım şahım sevməsəm də, bu barədə həqiqətən, öndə gedən bir nəşriyyatdır. Həmişə yeniliklərə müsbət yanaşırlar zənnimcə. Amma çapda bir neçə səhvliklər var idi ki, o qədər də xoşagələn deyildi. Sözlərin yazılışında olan səhvlər adi haldır təbii ki, amma məsələn, qeyd etmək istədiyim xüsusi səhv var ki, yəqin başqaları da mənim kimi o hissədə təəccüblənib. Səhifə 13də personajlardan birinin yaşı səhv qeyd olunmuşdu. Normalda 77 yazılmalıdır. Bir də ən sevmədiyim şey odur ki, kitabın bütün sujet xətti niyə arxasında qeyd olunmalıdır? Vallah belə etməsəniz də alınır onsuz bu kitablar... Nə bilim, belə... Ümid edirəm bu kimi səhvlər sonrakı nəşrlərdə düzəldilər. O qədər də abardılacaq deyil bəlkə də, amma mən bir az bu mövzuda dəqiqliyin olmasına dəyər verirəm.
Yeri gəlmişkən, kitablarda aylara, illərə diqqət yetirən biri olaraq, həqiqətən, müəllifi təbrik edirəm ki, əsərin üzərində bu qədər incəliklə işləyib. Hər şey yerli yerində, düzgün hesablanmış şəkildə idi. Bundan əlavə, blkə 9 qiyməti verərəm deyib sujet xəttində də tənqid etmək üçün bir şeylər axtardım, amma həqiqətən tapa bilmədim. Xüsusilə də, kitabın sevdiyim yanlarından biri o oldu ki, sonda heç bir cavabsız sual qalmır. Yəqin ki, irəli bir zamanda fürsət tapdıqca Marjan Kamali -nin əsərlərindən yenə oxuyaram.
Bilmirəm, kitabın mövzusu haqda yazmağıma ehtiyac var ya yox, amma mən yenə də qeyd edim özüm üçün. Əslində, bu kitabı ilk dəfə instagram reelsində görmüşdüm. Mövzusu haqda oxuyan kimi gedib sifariş vermişdim, çünki çox xoşuma gəlmişdi. Amma heç cür əlim getmirdi oxumağa, bu yaya qismət imiş demək ki. Hə, deməli, reelsdə də eynilə belə yazırdı ki, "Kitabxanada başlayan sevgi...Çevrilişdən sonra bir-birindən uzaq düşən gənclər 60 il sonra qarşılaşdılar." Elə məncə bu qədəri kifayət eləyir. Artıq danışmağıma ehtiyac yoxdur, çox təəccüblü, ağladan, eləcə də kitabın içinə çəkən səhnələrlə qarşılaşacaqsınız. Oxuyun, həqiqətən, çox sevəcəksiniz.
Son bir qeyd də etmək istəyirəm. Volter obrazı mənə ilk başlarda qəribə təəssürat bağışlayırdı. Sonra isə kitabda ən sevdiyim obrazlardan birinə çevrildi. Mənə bir az "Past Lives" filmini xatırladırdı bu kitab. Xüsusən də, Volteri oradakı Arthura bənzətdim. (hətta bir sirr verim, bir ara beynimdə də elə Arthur olaraq canlandırırdım xjskdjs) Yəni, uzun sözün qısası, bu kitabı sevsəniz əgər, o filmə baxmağınızı da tövsiyə edirəm. (Və ya əksinə, filmi sevmisinizsə bu kitabı da sevəcəksiniz. Həmçinin The Notebook filmi də)
Xoş mütaliələr :)