Serkan Karaismailoğlu Öncə onu qeyd edim ki, kitab 3 hissəli mater seriyasının sonuncu hissəsi idi. Ona görə də incələməni bu kitabla yanaşı Pia mater (1-ci kitab) və Arachnoid mater (2-ci kitab) haqqında da yazıram. Roman elmi-fantastik janrdadır və sözün əsl mənasında insanı içinə çəkir. Hətta elmi yazıları sıxıcı hesab edən şəxslər belə bu kitabı maraqla oxuyacaqdır. Çünki müəllif elmi məlumatları çox maraqlı və yorucu olmayan şəkildə, personajların başına gələn hadisələr üzərindən oxucuya çatdırır. Ssenarisindən də çox deyərdim ki, burdakı həmin məlumatları öyrənmək həvəsi məni daha çox bağlayırdı kitaba. Roman mənə görə axıcı olsa da əsla birnəfəsə oxunmamalıdır, çünki o qədər informasiya alınır ki, insanın fasilə edib bu məlumatları həzm etməsi lazım gəlir. Eyni zamanda da özümüz, bədənimiz, beynimiz haqqında nə qədər az bilgiyə sahib olduğumuz həqiqəti ilə üz üzə qalırıq.
İndi isə təsiri haqqında yazım; öyrəndiyim məlumatlar bir yana, əsəri oxuyarkən sanki bir film izləyirəmmiş kimi gözümdə canlanırdı və sanki mən də həmin dünyanın içindəyəm. Oxuduqca ətrafı unudub kitaba həbs olunurdu varlığım. Eləcə də bəzən sadəcə oxuduqlarımı düşünüb özümü olduğum mühitdən uzaqlaşmış hiss edirdim. Kitabı oxuyarkən personajlarla bir yerdə yaşadım bütün hissləri; bəzən sevindim, bəzən üzüldüm, bəzən güldüm, bəzən ağladım, bəzən qorxdum, bəzən əsəbiləşdim, amma ən çox da heyrətləndim. İlk kitabı oxuyarkən əsəbiləşdiyim personajlara qarşı hisslərim digər kitablarda zamanla dəyişdi və bu bizim hisslərimizin də nisbiliyini və dəyişə bildiyini göstərdi.Romanın sonuna doğru da bütün ssenari qarışır və gözlənilməz bir sonluq gözləyir.
Kitab üçün müəllifə sonsuz təşəkkür edir və hər kəsə bu seriyanı oxumağı tövsiyə edirəm. Özüm də bir müddət sonra təkrar oxumağı düşünürəm artıq. Oxuyacaq olanlara indidən xoş mütaliələr.