·208 syf.····Okunma: 27 Ağustos 2024 00:00 Hər kəsə salam. Bugün Yusuf Atılganın "Sərgərdan" (Türkcədə "Aylak Adam") adlı romanının təhlili ilə qarşınızdayam. İlk olaraq onu demək istəyirəm ki, mən Yusuf Atılganla keçən il tanış olmuşam. 2023-də "Anayurt Oteli"ni, 2024-ün əvvəlində isə "Sərgərdan"ı oxumuşam. Bu, "Sərgərdan" romanını ikinci oxumağımdır və bu dəfə Azərbaycan dilində oxudum.
Yusuf Atılgana qədər oxuduğum kitablarda ətraf aləmi detallı işləyən çox roman olsa da, obrazların gündəlik həyatda nə etdikləri barədə belə detallı yazan bir kitabla qarşılaşmamışdım. Atılganın romanında bu cür detallara geniş yer ayrılır, və bu, məni dərin təsirləndirdi. Bununla bağlı bəzi hissələri sizinlə bölüşəcəm.
"Taun" kitabının təhlilində olduğu kimi, burada da sitatlara və müəyyən hissələrə əsaslanaraq kitab haqqında danışacağam. Yusuf Atılgan bu romanında baş qəhrəmana ad vermək zəhmətinə belə girməyib; baş qəhrəmanımız sadəcə "C." olaraq tanınır. Bu qədər sadə! Əslində, qəhrəmandan çox ona "anti-qəhrəman" desək, daha doğru olar. C., cəmiyyətə yadlaşmış, bivec, həssas, bütün dəyərlərə, qayda-qanunlara qarşı çıxan bir şəxsdir. O, insanların həyatı yaşamadıqlarına həm əsəbiləşir, həm də onları lağa qoyur. Hətta elə daxili monoloqları var ki, özünə belə dişlərini qıcayır.
Qayda-qanunlara qarşı çıxmaq və öz qanunlarını yaratmaq... Bu ifadə bir az sərt səslənə bilər. Burada söhbət dövlətin qoyduğu qayda-qanunlardan deyil, insanların cəmiyyət üçün yaratdığı qayda-qanunlardan gedir. Bir növ, bu, Nietzsche'nin üstinsan modeli ilə toqquşur desək, yalan olmaz. Lakin burada azca fərqlilik var: C., öz qanunlarını yaratmaq niyyətində deyil, sadəcə mövcud qayda-qanunlara qarşı çıxır.
Məsələn, bir səhnədə C., simitini yeyərək irəliləyir və yanından keçənlər ona dönüb baxırlar. "Yaxşı geyinmiş bir adamın küçədə simit yeməsi qadağandır. Bütün qadağalar kimi, buna da bir çarə tapmaq olar. Simiti qırıb cibinə qoy, kiçik bir tikə qoparıb heç kimə bildirmədən ağzına at. Ancaq nə qədər ki, ağzımda dişim var, dişləyib yeyəcəyəm." Bu, çox elementar bir misaldır. O dövrlər üçün belə bir hərəkət normal qarşılanmırdı. Səbəbi yəqin ki, var, amma bunu göz qabağında edərkən insanlar sənin içini bilmədən, qərəzli şəkildə xaricdən qiymət verirlər. C. bunun mənasını bilir və inadla yeriyə-yeriyə simitini yeyir.
Başqa bir səhnədə isə, C. belə bir fikir irəli sürür: "Bilirsinizmi? Amma, çətin ki, yerinizdən tərpənəsiniz. Qorxursunuz... Ya soyuqdan, ya istidən, ya da küçənin ortasına dəzgahınızı qurub rəsm çəkdiyiniz zaman insanların sizi lağa qoyacağından... Amma başlaya bilsəniz, hamı alışacaq. Bir gün çəkdiyiniz rəsmə maraqla tamaşa edən nadinc oğlan uşağından başqa heç kəs fərqinizə varmayacaq. Çəkinməyin…"
Bu yuxarıdakı hissə daha başadüşüləndir fikrimcə. İndi öz həyatımıza baxsaq, nə qədər etmədiyimiz şey var ki, bizə gülərlər, bizi qınayarlar, ya da yaxşı danışmazlar deyə, cəsarət etmirik. İçimdə mən qarışıq, 95% insan belə düşünür. Halbuki psixologiyada belə bir prinsip var: bir insan hansısa hərəkətinizə gülüb keçdikdən sonra, bir neçə dəqiqə sonra bu hərəkət yadından çıxır. Bəzi şeylərə göz öyrəşdikdən sonra onlar normal hal kimi qəbul edilir (burada küçədə çılpaq gəzməkdən danışmıram ).
C.-nin sevdiyim xarakterlərindən biri də onun daim özünü analiz etməsidir. Amma bunu daim etdikdə, müəyyən vaxtdan sonra bu davranış takıntı halına gələ bilər. Çünki nə qədər qayda-qanunu rədd etsə də, öz prinsiplərini pozmaqdan qorxurdu.
Vərdişlər barəsində: Bayaq dediyim kimi, C.-nin müəyyən prinsipləri var idi. Bu prinsiplərdən biri də müəyyən şeyləri vərdiş etməkdən qorxması idi. Məsələn, saxtalıq görmədiyi bir yerə bağlanmaq qorxusu:
"Hər dəfə bura gələndə oğlanın işdən qovulmamasına təəccüb edirdi. İstəyirdi ki, qovulsun, əvəzinə yaltaq, zəhlətökən, həqiqi bir ofisiant gəlsin, beləliklə, Gülərlə daha bu masada görüşməsinlər. Öyrəşməkdən qorxurdu."
Həmin restorana yenidən gəldikdə, həmin ofisiantın artıq orada olmadığını eşidib, daha ora getmədi. Çünki ofisiant ona saxta münasibət bəsləmirdi, olduğu kimi hərəkət edirdi. Demirəm ki, hər yerdə özümüz olduğumuz kimi olaq; işlərimizdə bəzən müəyyən rollara bürünmək məcburiyyətindəyik. Amma bu maskaları çox artırsaq və əsas üzümüzü unutsaq, onda özümüzə baxmağa çalışanda neçə maskanı qırağımıza çıxara biləcəyik?
Başqa bir hissə:
Atası deyirdi ki, iş adamın başını qatır. Ona isə belə bir təsəlli lazım deyildi. Onların iş dedikləri şey nəsə yazmaq, dərs demək, ya da çəkic döymək idi. Maşın siqnalına digərlərindən fərqli basan sürücü də, çəkicini başqa bir ahənglə döyən dəmirçi də ikinci gündən etibarən özünü təkrarlamağa başlayırdı. Yaşamağın məqsədi alışmaqdır, rahatlıqdır. Bir çoxları cəhd etməkdən, yenilikdən qorxur. Onlara uymaq necə də asandır. İstəsə, gündüzlər bir məktəbdə dərs deyər, gecələr gözəl qadınlarla yatardı. Əziyyətsiz-filansız... Ancaq bilirdi ki, bu kifayət etməyəcək. Ona başqa şeylər lazım idi. Çətinliklə, ümidsizcəsinə mübarizə aparmağın gözəlliyi...
Albert Camusun "Xoşbəxt Ölüm" kitabında isə zaman və pul haqqında belə deyilir:
"Lakin o da anlayırdı ki, çox zaman pul vasitəsilə zaman qazanmaq lazım gəlir, ancaq biz həyatımızı pul qazanmaqla tükədirik. Bu isə onun üçün heç vaxt maraqlı olmamış yeganə məsələ idi. Bu dəqiq idi."
Bu iki mətn arasında əlaqəni qurmaq üçün qeyd etməliyik ki, hər iki kitabda da qəhrəmanların bol vaxtı var. "Sərgərdan"dakı qəhrəman atasından miras qalan pulla, "Xoşbəxt Ölüm"dəkı qəhrəman isə xəstə bir adamı öldürərək əldə etdiyi pulla bu vaxta malikdirlər. Amma deyə bilərsiniz ki, pulları var, istədikləri kimi yaşayırlar. Demək istədiyim, zaman və pul arasındakı əlaqədir.
İlk hissədə qəhrəman, həyatın monotonluğundan və cəmiyyətin təkrarlanan normativlərindən qaçmağa çalışır. O, sadə işlər və rahatlıqla dolu bir həyatın özünə kifayət etməyəcəyini anlayır. Onun üçün həyatın gözəlliyi çətinliklərə qarşı mübarizədədir. Lakin bu mübarizədə bir dilemma var: Zaman qazanmaq üçün pul lazımdır, lakin insanlar çox vaxt bu pulu qazanmaqla həyatlarını tükədirlər.
İkinci hissədə vurğulanan fikir, insanın pul qazanmaq üçün sərf etdiyi həyatın mənasızlığına diqqət çəkir. Pul, zamanı satın almaq üçün vasitə olsa da, əslində insanlar bu prosesi həyatlarının əsas məqsədi kimi qəbul edirlər və bu, həyatı mənasızlaşdırır. Qəhrəman üçün isə bu məsələ maraqsızdır, çünki onun məqsədi pul qazanmaqla vaxtı idarə etmək deyil; əksinə, çətinliklərə qarşı mübarizə apararaq mənalı bir həyat yaşamaqdır.
Bir başqa vacib məsələ isə özümüzün fərqinə varmaqdır. Son iki təhlilimdə də bu özünüdərkin önəmi üzərində durmuşam. Demirəm ki, hoppanaq, ya da hər gün dəli kimi özümüzlə danışaq. Ən azından heç olmasa yarım saat özümüzlə tək başına qalaq. Nə hiss etdiyimizi, hansı duyğular içində olduğumuzu bilək. Demirəm didik-didik edək, sadəcə kənardan baxa bilək özümüzə.
"Bəlkə də, insanlar özləri haqqında düşünmək üçün kifayət qədər tənha qala bilmədiklərinə görə başqalarını başa düşmürdülər."
Qalanını yazacam, amma ikinci hissədə. Bu biraz uzun oldu.
Başlıqlar:
1) Çeşidlilik
2) Yazıçının obrazın hərəkətləri üzərinə detallı danışması/
3)Yazı stili.
4) Başqa əsərlərlə oxşarlığı.