·121 syf.··Beğendi
···Okunma: 13 Eylül 2024 21:42 Deməli belə: "Halqa" - çağdaş yerli ədəbiyyatdan oxuduğum qısa, amma özündə bir dərinlik daşıyan kitab.
Bəzilərinə görə siyasi mahiyyət daşıyan və siyasi məqsədlər güdən, bədii-siyasi kitablar ciddi sayılmamalıdır. Ola bilər, onda gərək "1984" romanı da ciddi hesab edilməsin (yeri gəlmişkən, belə düşünənlər və hətta onun əsər olmadığını müdafiə edənlər də var)...
"Halqa" Azərbaycan cəmiyyətinin sosial-siyasi problemlərini ələ alan nəhəng əsərdir. Kitabdakı kiçik hekayələrdə böyük cəsarətin və ümidin gizləndiyini azca təcrübəli olan bütün oxucular görə, sezə bilər. "Halqa" roman deyil, sadəcə hekayələr toplusudur. Hər bir hekayənin ortaq yanı dili boğazında düyünlənmiş cəmiyyətdə baş verənlərin çeşidli mistik-qarışıq ssenariləri ilə oxucunu düşündürməsidir.
3 hekayə var. Hər hekayə bir ideyaya xidmət edir, baxmayaraq ki, hər biri bəşəri, cahanşümul xarakter daşıyır (öz lokallığını qoruyaraq). Əsər(lər)in mövzusundan danışaq.
Sonuncu hekayə xaric, digər ilk iki hekayə distopiya-zad deyil, gerçəklikdir; mistisizmlə gerçəkliyin iç-içə keçdiyi reallıqdır. Birinci hekayədə (hissədə) hüquq-mühafizə orqanlarındakı məmur özbaşınalığını görürürük. İkincidə seçki müşahidəsi zamanı saxtakarlıqları, üçüncü distopik hekayədə isə gələcəkdəki potensial aqibəti, boynu halqalı xalqı görürük. Şübhəsiz, qısa hekayələr olduğundan hər biri haqqında, mövzuları haqqında yazmaq çətindir - ən azından bu məndə belədir. Ən yaxşısı, şans verib oxumaq lazım. Yalan deməyəcəm: yüksək gözləntim yox idi, amma gözləntimi dəfaətlə aşdı... mövzular çox qəşəng, yerli-yerində işlənmişdi; hər hekayənin sonluğu faciə ilə yox, mistik ürəkaçanlıqla bitməsi mənimçün sözün əsl mənasından qəribə bir təcrübə oldu. Yox, yəni sonu "yaxşı" bitən çox hekayə və s. oxumuşam, fəqət sonu "mistik nikbinlik" ilə qurtaran heç nə oxumamışdım. Bu yenilik, tazəlik zövq verdi. Odur ki, müəllif də qətiyyən bədbin deyil və oxucularını da bədbin olmamağa çağırır (distinktiv nikbin sonluqlarıyla). Özünün də dediyi kimi: "Gecənin ən qaranlıq dəqiqələri sübhə yaxın olar". Hər hissənin, hər hekayənin mövzusunu bəyəndim. O üzdən mövzu seçimi üzrə dəyərləndirməm 2 xaldan 2.
Obrazlardan narazılığım var. Xüsusilə, məmurların hər biri eyni "kişiliy"i daşıyırdı. Fərqli məmurlarla bir çox dəfə qarşılaşsaq da, sanki hamısı eyni bir məmur imiş kimi gəlirdi mənə. Burda demək istədiyim obrazlar arasında fərqlənmələr olmalıydı. Əks halda obrazların üzərində çox işlənilmədiyi sezilir. Lakin (keçmiş həyat) memuarını gördüyümüz polis məmuru, ikinci hissədəki Müzəffər və Haqverdi unikal obrazlar idi. Onların haqqına girmək olmaz. Nəticədə obrazların yaradılmasına görə dəyərləndirməm 1 xal.
Müəllifin dili rəvan, üslubu səlis idi. Yormadı, sıxmadı. Amma mistik təsvirlər xaricində məkan-ab-hava-personaj təsvirlərinin azlığı məni narahat edirdi. Sanki yeməyi saladsız yeyirmiş kimi. Amma olsun, arada belə də lazımdır. O mistik təsvirlər nəyə desən, dəyər. Hər nəysə mövzudan kənara çıxmayaq; əsər axıcıdır, bu isə mənim üçün düşünməyimə mane olan nüansdır. Bununla belə, qeyd edim ki, hekayələrin parçalar halında ulduzlarla ayrılması balansı qoruyurdu, fasilə verib yazılanlar barədə düşünə bilirdim. Qərəz, üsluba görə dəyərləndirməm 2.
Süjet boyunca tez-tez "Azərbaycan nə gündəsən?" deyirdim. Hekayələrin fraqmentvari süjetləri çox yaxşı qurulub; bəzən tüklərim biz-biz olur, bədənim vicvicəyə düşür və Tanrıdan məni bu süjetdən qurtarmasını xahiş edirdim, çox keçmirdi ki, o mistik qüvvə dadıma çatırdı: 2 xal.
Kitab "mütəəssirlik gücü"nə malik idi, təsir etməyi, yeri gələndə manipulyasiya etməyi yaxşı bacarırdı: 2.
Kitab mənə emosional olaraq da hədsiz təsir bağışladı: 2.
Hekayələrdəki personajlarla əlaqə qurmaqda çətinlik çəkməməyimə baxmayaraq, bəzi dialoqlar bayağı alınmışdı: 1.
Bu hekayələrdən çox şey öyrəndim. İbrətamiz məqamlar aşıb-daşırdı: dini kitablara referanslar, real həyatda üzləşdiyimiz alçaq fenomenlər...
Hətta real həyatda bilmədiyim ciddi bir siyasi-sosial hadisəni də bu kitabdan öyrəndim. 2 xal.
Hekayələr məndə iz buraxdı, yerli ədəbiyyatda belə bir kitabın olması qürurvericidir. O gün olsun ki, Azərbaycan, həmin hekayələrdəki təsvir edilən pis günlərdən, bədbəxt hadisələrdən və mənfur şəxslərdən uzaq bir diyara çevrilsin! (2 xal)
Öz təcrübəmlə hekayələr arasında yaxından əlaqələr qura bilmədim, təəssüf - 0 xal.
Toplamda 16 xal, onu da yarıya bölək 10 üzərindən 8 xal.
Uğur olsun!
Daha narazı qaldığım məqamlarla bağlı Qeyd: təsvirlər sadə idi, mürəkkəblik sezmədim - bir az komplekslik olsa daha yaxşı olardı; sonuncu hekayə 1984-dən (onun dünyasından, strukturundan) ən pis halda götürülüb, ən yaxşı halda isə ilham alınıb, deyə bilərəm; bütün məmurlar niyə "villain" olaraq çıxış edir? - burada qərəz olduğunu düşünürəm, hər halda yaxşı polislər də var, əlhəmdülillah)