Orxan Bahadırsoy 🖋
Bir dost gəlib deyə ki,
- dərd eləmə, düzələr,
payızdır da, payızda
yağır belə yağışlar.
Bir də Tanrının səsi
titrədə yeri, göyü,
üzgün-üzgün deyə ki,
üşüdünsə, bağışla...
Bir yandan anam gələ,
əlində yun jaketim,
dillənə ki, soyuqdur,
bürün buna, ay bala!
Beləcə dostum kimi,
beləcə Tanrı kimi,
beləcə anam kimi
hamı qayğıma qala.
Mənsə səndən nigaran,
bir mesaj yazam sənə,
soruşam ki, necəsən,
soyuqdan üşümürsən?
Hamı məni düşünür,
mənim vecimə deyil,
mənə sən maraqlısan,
sən məni düşünürsən?
Yazam bir dostun kimi.
- dərd eləmə, düzələr,
payızdır da, payızda
yağır belə yağışlar,
Əynini qalın geyin,
bir yun jaketə bürün,
sən mənim yoxluğuma,
üşüdünsə, bağışla...