Uzaqlıq, bir köç arzusu, sosiallıqdan maksimum dərəcədə uzaqlaşmaq…Gəncliyin gətirə biləcəyi bir bu yazdıqlarım, bir də solda deyil, mədəndə atan ürəyindir. Arada adam elə düşünür ki, ürəyi bulanır. Sonra görürsən ki, ürəyə o boyda yer dar gəlib və mədənə köçüb. O belə köçüb. Aidlik hissini itirmək çox bədbəxt bir hisdir. Bu saat bu hissi ən pik həddə yaşayan biri olaraq deyə bilərəm ki, insan bir həddən sonra artıq aid olmaq və hiss etmək üçün də mübarizə aparmır. Bir yeri tərk etmək istəyi heç bir zaman o yeri sevməməklə bağlı deyil, oradakı özünü sevməməyinlə bağlıdır. Bu hər zaman bir məkan olaraq qəbul edilməməlidir, bir insanda (insanlarda) ola bilər. Ruh çox yaxşı bilir harada yaşamaq lazımdır və nəyi istəyir. Onun istəklərini qarşılamaq üçün isə cəsarət lazımdır. Amma nə vaxta qədər? Nə vaxta qədər hər şeyin sonu böyük bir nəticəsizlik olacaq? İnsan özünü nə vaxt harasa aid hiss edəcək? Və… nə vaxt bu ürək mədəmizi tərk edəcək???
Elə bir yaşdayıq ki, aid hiss etmə duyğumuzu itirmişik. Zaman keçmişə nəzərən hər şeyi öz yoluna qoyur, amma mənəvi olaraq hər şey yolunu itirmiş kimidir. Səmimiyyətsiz üzlər, bulanıq beyinlər, ruhsuz düşüncələr, əzici baxışlar…. İşdə, məktəbdə, cəmiyyət içərisində bizi əzən hər şey bizi daha da tənhalaşdırır. Yəni bu o deməkdir ki, insan reallıqla olmasa da , idealist olaraq ana bətninə geri qayıdır. Çünki bu yaşdan sonra heç kim tüpürdüyünü yalamaq istəmir.
Bu il yaxşı və yaxud pis anları ilə məni dəyişdirən bir il oldu. Həyat itirməyi və qazanmağı eyni anda yaşatmağı bacardı.Mən hər iki haldan razıyam. 2026-da düşünürəm ki, həyatımla bağlı atacağım ən böyük addım dönüb keçmişimə baxmamaq olacaq. Xatırlayaraq unutmağı seçmək daha gözəl olacaq, yəni ən azından mən belə düşünürəm.
Geridə buraxdığım il mənə sadəcə bu cümləni pıçıldadı:
- Həyata səni anlamağı bacaran insanların pəncərəsindən, yəni öz pəncərəndən bax!
Nifrət — içindəki sevgi ilə,
sevgi — gizlətdiyi təhdidlə,
təhdid — kölgəsində duran qorxu ilə,
qorxu — bağrında doğulan təşvişlə,
təşviş — mərkəzində gizlədiyi sənlə,
sən — içində bitib-tükənməyən sənsizliklə