Uşaq olanda gilas mürəbbəsini çox sevirdim. Amma təbii ki insan böyüdükcə zövqlər dəyişir və əvvəl sevdiyin bir çox şeyi artıq sevməməyə başlayırsan. Amma ananın gözündə sən hələ də gilas mürəbbəsini sevən o balaca qız olaraq qalırsan və bəlkə də qalmalısan. Elə buna görə də hər dəfə tələbə evində kənddən gələn sovqatlara göz gəzdirdiyim zaman mütləq bir banka gilas mürəbbəsi çıxmalıdır. Çox qəribədir ki, bu mürəbbə xarab olmur. Sevdiyim bütün şirniyyatlar yadımdan çıxıb bir gün başqa yerdə qalanda çox pis vəziyyətə düşür və yeyə bilmirəm. Amma bir ildir stolun üzərində qalan bir kasa gilas mürəbbəsi hələ də zamana meydan oxuyur. Bu gün şirniyyatım bitdiyi üçün dedim bir dadına baxım. Sonra başladım bu situasiyanı həyatla əlaqələndirməyə və anladım ki, çevrəmizdə olan insanlar da belədir. Nə zaman çox dəyər verirsən xarab olurlar. Elə ki saymırsan, sən onlar üçün daha dəyərlisən. Ona görə də məsafəli və dəyərin ölçülə bilmədiyi bütün əlaqələr bizim üçün daha cazibəlidir. Bir növ dəyərsizlik dəyərlə ölçülür, lakin dəyərin qiymətindən layiq olanın xəbəri yoxdur.
İnsanlar tale və alın yazısına daha çox inanır, ya da qibtə etməyə çalışdıqları nələrsə var. Zamanın isə çox nadir hallarda öz sözünü şiddətlə deməyə çalışdığı məqamlar olur, amma qorxulu olur. Zaman gücün zəif nöqtəsindən tutmağı çox yaxşı bacarır. Bir də baxırsan zəifin gücüsən. Bir də baxırsan etdiyin bütün toleransların bir səbəbə belə ehtiyacı yoxdur. Sadəcə yaşayırsan və bəlkə də indi olmalı olduğun yerin ən zirvəsindəsən.