·300 syf.··Beğendi
···Okunma: 27 Eylül 2024 21:32 Corc Oruell dedikdə hər oxucunun ağlına yəqin ki, ilk olaraq "1984", sonra isə "Heyvanıstan" əsərləri gəlir. Gəlin bu dəfə onun ilk kitabı olan, ancaq digərlərindən daha az tanınan "Paris və Londonda qara qəpiksiz" əsərindən danışaq.
"Paris və Londonda qara qəpiksiz" 1933-cü ildə nəşr olunmuşdur. Oruell burada Paris və Londonda keçən səfalətli günlərindən bəhs etmişdir. Kitab haqqında araşdırdığım zaman oxudum ki, ədəbi tənqidçilərin çoxu bu əsəri avtobioqrafiya olaraq qəbul edir, ancaq yazılanların gerçək, yoxsa uydurma olduğu haqda dəqiq bir məlumat da yoxdur. Oxuduqca üzərimdə buraxdığı təsirə əsasən, mən əsəri avtobioqrafiya olaraq qəbul edirəm. Nə qədər bacarıqlı yazıçı olsa da, yaşamadan səfil həyatın, səfalətin incəliklərini, təfərrüatlarını bu qədər aydın verə bilməzdi deyə düşünürəm. Keçən dəfəki təhlilimdə qeyd etmişdim ki, müəllif müharibə iştirakçısı olduğu zaman müharibə mövzusunda yazdığı əsəri də daha dərin, daha təsirli və gerçəkləri əks etdirən olur. Burada da eynilə. Həmin həyatı yaşamamış biri bu qədər möhtəşəm ifadə edə bilməzdi.
Deməli, əsər iki hissədən ibarətdir: Parisdə keçən səfil günlər və Londonda keçən səfil günlər. Londonlu olan qəhrəmanımız bir müddət Parisdə "qara qəpiksiz" həyat sürdükdən sonra fikirləşir ki, bəlkə vətənində iş tapa bilər və həyatı daha normal bir şəkil alar. Di gəl ki, Londonda onu Parisdəkindən də ağır, səfalət dolu günlər gözləyir. Hələ bir sonda qeyd edir ki, "Elə düşünürəm ki, mənim gördüklərim aclıq və səfalətin sadəcə kiçik bir parçasıdır."
Əsər boyu ağır yoxsulluq həyatından bəhs edən yazıçı hərdən haşiyəyə çıxaraq Parisin otellərindən, insanlarından, Londonun dilənçilərindən, jarqonundan və s. geniş şəkildə danışır.
Oxuduqca kitab mənə Knut Hamsunun "Aclıq" əsərini xatırlatdı. Necə ki o kitabı oxuduqca qəhramanın düçar olduğu yoxsulluğu, aclığı dərindən duymuşdum, bu əsəri oxuduqca da həmin səfil həyat qapılarını açdı və o qapıdan içəri daxil oldum...
Qeyd edim ki, bu tip kitabları oxuduqda nə qədər təsirlənsə də, qəribə bir həzz alır insan. Volfqanq Borxertin yazdığı kimi: "Qarnı tox, kürəyi möhkəm olanda başqalarının yoxsulluğunu oxumaq, mərhəmət duyaraq ah çəkmək necə də şirindir." Qəbul edək ki, bu, həqiqətən də belədir.
Ümumi olaraq bəyənsəm də, kitabın sonu xüsusilə gözəl idi. Qəhrəmanımız (bir çox ədəbi tənqidçinin qəbul etdiyi və mənim də düşündüyüm kimi Oruelin özü) sonda əsəri belə yekunlaşdırır: "Bundan sonra heç vaxt səfillərin boş-boş gəzən əyyaşlar olduğunu düşünməyəcəm, hansısa dilənçiyə bir penni verdiyim üçün mənə təşəkkür etməsini gözləməyəcəm, işsiz adamın tənbəlləşməsinə təəccüblənməyəcəm, mənə uzadılan bütün əl elanlarını götürəcəm və böyük restoranlarda yediyim heç bir yeməkdən zövq almayacam. Və bu hələ başlanğıcdır..." Təsirlidir, deyilmi?