·272 syf.····Okunma: 03 Aralık 2024 17:43 İlk olaraq əsərin yazılma tarixçəsi ilə bağlı maraqlı məqamı qeyd etmək istəyirəm. Antoni Börcess xərçəng xəstəliyinə görə ömrünə 1 ildən az qaldığını öyrənir. Buna görə də həyat yoldaşının tək qaldıqdan sonra maddi rahatlığını fikirləşərək kitablar yazmağa başlayır. Bu dönəmdə yazılan kitablardan biri də "Mexaniki Portağal" idi. Sonradan isə həkimin yazara yanlış diaqnoz qoyduğu ortaya çıxır. Nəticə etibarilə yazıçı məşhur olur. Distopik əsərdə əsas ortaya qoyulan problemlər azad iradə, yaxşılıq və pislik, vicdan məfhumu çıxış edir. Qeyd edəcəyimiz süjet XX-ci əsrin 60-cı illərindəki İngiltərə küçələrinin acınacaqlı vəziyyətini təsvir edir. Əsərin qəhrəmanı Aleks 15 yaşında olmasına baxmayaraq, qoşulduğu qrupla birlikdə ağıla gələ biləcək hər cür əxlaqsız əməl törədir. Gedişatda dostlarının qurduğu tələ nəticəsində Aleks həbsxanaya düşməli olur. Burada isə Aleks cinayətkarları cəmiyyətə qazandırmaq məqsədilə təcrübə obyektinə çevrilir.Elmdə "Ludoviko taktikası" kimi bilinən metod qəhrəmanın üzərində yoxlanılır. Aleks məcbur edilərək özündə dəhşət əks etdirən filmlərə baxmalı idi.Nəticədə bədənini pis hiss etməsi ilə filmlərdəki qəddarlıq arasında bağlantı qurması onda pisliyə nifrət oyadırdı. Lakin bunun səbəbi Aleksin iradəsi deyil də, bədəninin tələbi idi.Lakin din xadiminin dediyi kimi seçim edə bilməyən biri insanlıqdan çıxmış hesab olunur. Aleks azadlığa çıxdıqdan sonra təbii olaraq daxili ziddiyyətlərlə dolu hisslər keçirir və intihar etməyə cəhd edir. Bu mərhələdən sonra isə Aleks sərbəst iradəsinə qovuşmuş olur. Yenə də murdar əməllər Aleksi izləməli olur. Əsərin sonunda isə nə qədər təəccüblü olsa da, Aleks yaxşı biri olmağa qərar verir və evlənmək, oğul atası olmaq sevdasına düşür. Sonda onu qeyd edim ki əsər, fərqli üslubuna, süjet xəttinin dinamikasına, ortaya qoyduğu ideyaya görə oxucuda rahatlıqla özünə maraq oyadır. Kitabı oxuduqca malik olduğumuz dəyərləri sorğulamalı oluruq.