Keçən günlərdə kitab klubumuzda oxucuların sevdiyi janrlar haqqında maraqlı bir müzakirə apardıq. Çoxları hər janrda kitab oxuya biləcəklərini, amma romantika janrında olan kitablara maraq göstərmədiklərini qeyd edirdilər. Onların fikrincə, bu cür kitablar adətən bir-birinə bənzəyir. Hekayələrdə sevgi, ayrılıq, xəstəliklər və peşmanlıq kimi mövzular tez-tez təkrarlanır və bunun onlar üçün yeni bir şey qazandırmadığını düşünürlər.
Dünən bitirdiyim kitab da məhz bu xüsusiyyətlərə sadiq kitablardandı:) Ümumi mövzusu tamamilə fərqli olmasa da, daha öncə bənzər məzmunlu bir neçə kitab oxumuşam. Kitab sevgi, anlaşılmazlıq, ayrılıq, ölüm və peşmanlıq üzərində qurulmuşdu. Kitabı ümumi mövzusuna görə Təhminə və Zaur -a çox bənzətdim.
Kitabda baş qəhrəman Səhra Bakıda dünyaya gəlmiş və böyümüş, cəmiyyətin müəyyən əxlaqi normalarına uyğun gəlməyən gənc bir qızdır. Ali təhsilini Gəncədə davam etdirən Səhra burada Nəsimi ilə tanış olur. Nəsimi, atasız böyüməsinə baxmayaraq, "Qadağalar şəhərinin"- Gəncənin adət-ənənələrinə uyğun, ciddi və mühafizəkar düşüncəli bir gəncdir. Zaman keçdikcə, Səhranın açıqfikirli davranışları və azad düşüncə tərzi Nəsimiyə xoş gəlməməklə yanaşı, müəyyən anlaşılmazlıqlar yaradır və ayrılıqlar gətirir. Kitabın sonluğu isə oxucular üçün artıq gözləniləndir:)
Kitabda canımı sıxan məqamlardan biri Gəncədə Pedaqoji Universitetin qeyd olunması oldu. Gəncədə belə bir universitet artıq mövcud deyil. Bu kimi detalları kitabda görmək kitabı oxumağıma olan tək marağımı da azaldırdı. Kitab boyunca Nəsiminin adını bir dəfə o da sonda qeyd olunması da cansıxan hissələrdəndi.
Kitab ümumilikdə yeni bir baxış qazandırmasa da, eyni hadisələri fərqli yaş dövrlərində müxtəlif düşüncə tərzi ilə qiymətləndirməyimə şərait yaratdı. Hər il bu tip kitablarla qarşılaşmağımın sadəcə təsadüf olub-olmadığını artıq sorğulamağa başlamışam.:))