Ülviyyə Tahirin Ülviyyə Tahir "Taxta Məktub" Taxta Məktub əsəri tarixi roman janrında yazılmış, repressiya illərinin acı həqiqətlərini bir uşaq dünyagörüşü ilə əks etdirən təsirli bir əsərdir. Müəllif oxucunu ədalətsiz repressiya dövrünə apararaq, cəmiyyətin məruz qaldığı haqsızlıqları və fərdi insan talelərini kiçik bir qızın gözündən göstərir.
Kitabın dili olduqca sadə və axıcıdır. Bu, əsərin əsas qəhrəmanı olan balaca Qəmərin dünyagörüşünə uyğunlaşdırılıb. Müəllif uşağın həyatla bağlı verdiyi suallar və onun hissləri vasitəsilə böyük tarixi hadisələrin içində bizi kiçik bir dünyaya daxil edir. Qəmərin baxış bucağı romanın emosional təsir gücünü daha da artırır. Oxucu onun düşüncələri ilə tanış olduqca, repressiyaların fərdi insanlara necə təsir etdiyini dərindən hiss edir.
"Taxta Məktub" təkcə bir ailənin yox, bütöv bir xalqın yaşadığı zülmü əks etdirən bir əsərdir. Qəmərin atasız qalması, onun bu hadisələrə uşaqlıq saf düşüncəsi ilə yanaşması oxucunu dərindən təsirləndirir. Müəllif burada tarixlə insan taleyi arasında gözəl bir balans yaradır.
Məncə tarixi romanlara marağı olmayan oxucular üçün belə bu əsər uyğundur, çünki burada hadisələr akademik və quru tarix dili ilə yox, canlı insan taleləri ilə təsvir olunub.
"Taxta Məktub" sadə dili, dərin mövzusu və təsirli süjeti ilə yadda qalan bir əsərdir. Kitab təkcə tarixi hadisələri anlamaq üçün deyil, həm də insan duyğularını hiss etmək üçün oxunmalıdır. Qəmərin gözlərindən baxaraq, unudulmaz bir tarix səhifəsinə şahidlik edirik. Unutmamaq və unutdurmamaq üçün oxumağa dəyər.