·424 syf.····Okunma: 10 Şubat 2025 14:00 Romanda nəzərə çarpmayan çoxlu sayda detal yazıçının həyatı ilə səsləşir. Məsəlçün, romanın baş qəhrəmanı Uinston Smitin otağının nömrəsi olan 101 rəqəmi əslində Oruelin ikinci dünya müharibəsi illərində BBC-də işləyərkən böyük sıxıntı ilə oturduğu otağının nömrəsidir. O, həmçinin BBC-də arxivlərin saxtalaşdırılmasının və kütlənin idarə edilməsinə yönəlmiş yalan məlumatların yayılmasının da şahidi olmuşdu. Müəllifə görə insanı totalitarizmin köləsinə çevirmək üçün, onun təbiətini dəyişdirən uzun müddətli, çətin bir əməliyyata ehtiyac var. Oruel diktaturların yorulub-usanmadan yenidən və yenidən tətbiq etdiyi bu əməliyyatı seyr etməkdən zövq alır. O insan təbiətini idellaşdırmır. Əslində hamımızın içində bir Böyük Qardaş oturub, fürsət ələ keçən kimi, istər polis, istər məmur, istər təhlükəsizlik işçisi kimi başqalarını izləməyə, tabe etməyə, idarə etməyə çalışır. Hər bir insanı sındırmaq mümkündür, amma buna görə insana nifrət etmək lazım deyil. İnsan təbiəti, hakimiyyətə, totalitarizmə və aqressiyaya yönümlüdür, amma bu bir müddət sonra əyləncəsini itirir, maraqsız, zövqsüz bir şeyə çevrilir. Oruelin bütün deməyə çalışdığı budur, əvvəl-axır absurd vəziyyətə çatan diktatura nəyə lazımdır ki? Əsərə gəldikdə, Uinston Smit adlı bir şəxs, 1984-cü ildə, azadlığın olmadığı, insanların dövlətin əmrləriylə və onun nəzarətində yaşadığı bir ölkədə – Okeaniyada yaşayır. Hakimiyyət prollardan başqa bütün insanları, xüsusilə də partiya üzvlərini manqurtlaşdırır. Onlar Böyük Qardaşın istədiyi kimi yaşayır, onun dediyi kimi düşünürlər. Uinston isə hələ də azad düşünmək qabiliyyətini itirməmişdir. Azad düşünmək isə ən ağır cinayət – fikir cinayəti sayılır. Tezliklə özü kimi azad düşünən bir xanımla tanış olur və onlar o dövrə zidd olan bir eşq macərası yaşayırlar. Bundan sonra isə Culiya və Uinston birlikdə partiyaya qarşı mübarizə aparmağa cəhd etsələr də bu yolda uğur qazana bilmirlər. Gəlin, birlikdə bir dünya təsəvvür edək: Evlərinizdə sizi izləyən, dinləyən, bütün əməllərinizə, sözlərinizə, hətta yuxunuza belə nəzarət edən ekranlar quraşdırılıb. Evdə, işdə, küçədə – heç bir yerdə və heç bir zaman azad olmursunuz. Hər an Böyük Qardaş sizi izləyir. Dövlət harada işləyəcəyinizi, kiminlə evlənəcəyinizi, nə zaman yeyəcəyinizi, yatacağınızı, səhər idmanında hansı hərəkətləri edəcəyinizi, hansı məhsuldan nə qədər yeyə biləcəyinizi və hətta nə vaxt öləcəyinizi təyin edir. Tarix hər gün dəyişdirilir, yenidən yazılır, saxtalaşdırılır, şahidlər və sənədlər məhv edilir və yeniləri yaradılır. Onların fikrincə azadlıq köləlik, sülh müharibə, cəhalət isə qüvvədir. Sülh nazirliyi müharibə, sevgi nazirliyi işgəncələrlə məşğul olur, iqtisadi rifah nazirliyi isə şişirtmə rəqəmləri kütləyə təqdim edərək onları keçmiş dövrdən daha yaxşı yaşadıqlarına inandırmağa cəhd edir. İnsanların sanki avtomatlaşdırılmış beyinləri isə bütün bunlara nəinki dözür, hətta bunları təqdir də edir. Dövlət hər zaman haqlıdır və hər şeyə qadirdir. Bu fikrə uymayanlar isə bir gecənin içində buxarlaşır, haqlarında olan bütün məlumatlar silinir və onlar heç zaman mövcud olmayan varlığa çevrilirlər. Belə dünyanı təsəvvür etmək bizlərə çox da çətin olmamalıdır. Bu roman insanın beynini dağıdacaq, düşüncə və arzularını yerlə yeksan edəcək qədər qorxuludur məncə. Bütün qorxu filmlərində qorxmayan MƏN bu romandan qorxdum. Daha doğrusu, belə dünyadan, belə düşünməkdən qorxdum. Axı o qorxu filmlərinin bir uydurma olduğunu bilərək baxırıq, lakin bu əsər yalnız və yalnız reallıqdır. Bəzən düşündüm ki, o illərdə yaşamış yazar indiki dünyanı necə bu qədər aydın təsvir edə bilib? Bəzən oxumağı saxlayıb yaşadığımız dünyanı müşahidə etdim. Kor-təbii inamı, məhkum köləliyi olan insanları və onları bir sürü kimi idarə etməyə çalışan rejimi…Həyat yalnız bu dərəcədə qorxunc və dözülməz ola bilər. İnsanlar sadəcə bu qədər alçala və çarəsiz qala bilərlər. İnsan necə də zərif məxluqdur. Məhz bu səbəbə görə də onu qorxudaraq, ona təzyiq göstərərək istədiyini edə bilərsən. Kitabın özündə də bu fikir dəfələrlə vurğulanır və fəlsəfi yönlərdən təhlil edilir. İnsana əzab verərək hətta öz-özünü satması kimi alçaqlıq dərəcəsinə də çatdırmaq olar. Bəlkə də mənəvi ehtiyaclar və əzablar qarşısında hələ də dözüm göstərə biləcək biri belə fiziki ağrı və ehtiyaclar qarşısında acizliyini göstərir. Böyük Qardaş partiya üzvlərini allahıdır. Klassik mənada bildiyimiz allah, tanrı anlayışları isə yoxdur. Sadəcə qadağan olunub. Böyük Qardaş bizi izləyir və sınayır. O, bizim üçün çalışıb-vuruşur. Ona qarşı nə isə düşünən insan fikir cinayəti törətmiş olur və dərhal Sevgi Nazirliyində islah olunmalıdır. Böyük Qardaşa nə isə şəkk-şübhə ola bilməz. Yaşasın Böyük Qardaş! Bu fikirlər əsərin ana xəttini təşkil edir. Böyük Qardaşlar həmişə olub və olacaq. Sadəcə əvvəllər müvəqqəti yaşayan belə Qardaşlar zamanla əbədiləşəcək və bizim Allahımıza çevriləcəklər. Sonda isə, bir deyimlə yazımı tamamlamaq istəyirəm: İnsan azadlığına inandığı müddətcə azaddır. Bacarsanız siz də azad olun. Çünki köləlikdən daha qorxunc şey ola bilməz!