F. Dostoyevski – Bəyaz gecələr
Puan vermedi·104 syf.··
Beğendi
·
2025 2. kitabı
Dostoyevskinin sürgündən öncə yazdığı, 1948-ci ildə çap olunan novellası. Əsərin adının təsadüfi seçilmədiyini demək olar. Bəyaz gecələr – yəni işıqlı gecələr may-iyul aylarında Peterburqda müşahidə olunur. Bu həm də baş qəhrəmanın xəyal və reallıq arasında tərəddüdünü simvolizə edir. Ürəyi dilə gəldiyi zaman susmağı bacarmayan, Peterburqun evləri arasında az qala boğulan, yarımcan şəhərli, 26 yaşlı adsız qəhrəmanımız cəmiyyətdə özünə yer tapa bilmirdi, -böyük şəhərlərdə nə qədər çox insan varsa, bir o qədər aralarında məsafələr var, sanki hər kəs bəşəriyyətin bir parçası deyil... O həm də işsiz və kasıb idi, diqqət mərkəzində ola bilmirdi. Təbii ki də, burda öz təbiəti də (“adamayovuşmaz” olması da) önəmli rol oynayırdı. Və beləliklə, qəhramanımız tənhalığa, xəyallara sığınır. Yaşadığı hadisələr, başına gələnlər sadəcə zehnində baş verirdi, onun heç gerçək macərası yox idi. Bəyaz gecələrin birində küçədə gəzdiyi zaman Nastenka ilə tanış olur və bu tanışlıq yaşadığı yeganə reallığla dəhşətli qarşılaşmasına səbəb olur. Nastenka 17 yaşlı bir qızdır. O illərdir, nənəsinin sancağından asılı həyat yaşayır. Sərbəstliyi əlindən alınıb. Keçən söhbətlərdən belə hesab edirəm ki, nənəsi özünün yaşadığı travmaları nəvəsinin də yaşamaması üçün bu nəzarət formasından istifadə edir, tamamilə yanlış olduğunun isə fərqində deyil. Nastenka gənc idi, enerjili idi, o əylənmək istəyirdi, sevilmək istəyirdi, azad olmaq istəyirdi. Önünü kəsən nənəsindən qurtuluş yolu isə həmin kirayəşin idi ki, Nastenka yalnızlıq içində olarkən o, halına acıyıb ona yardım edəcəyinə söz verir. Həyatda bir mövqe tutmadan ailə qurmaq istəmirdi, bu təbii haldır. Nastenkanı isə nə dərəcədə sevirdi, deyə bilmərəm, çünki özündən bir şey eşitmədiyimiz təqdirdə ittiham etmək kimi çıxa bilər.  Xəyalındakı Çin şahzadəsini real insan – kirayəşinlə əvəz etdi. Xəyalpərəsti isə onun üçün öz xəyalını gerçəkləşdirməkdə kömək edəcək olan qüvvə hesab edirdi. O, ona dost idi, qardaş idi. Əslində hər iki qəhramanımızın sevgili obrazı beynində yaratdıqları idi. Fərqli şəxsiyyətlər olması isə qovuşmaqlarına mane oldu. Nastenkanın sevgisində ümid vardı, həyatının son ilini həsr etdiyi gözlənti var idi. O Xəyalpərəstlə birgə olanda nə qədər yaxşı hiss etsə də, 4 gün kifayət deyildi ki, ona dərindən sevgi bəsləsin. Sonluqdakı seçim onun öz sevgisinə sədaqətini göstərir. Nastenkanın səhvi nədir bəs? Əlbəttə, onu sədaqətli biri adlandırmağımız birmənalı qarşılanmaya bilər. Çünki kiçik bir müddətlik də olsa, xəyalpərəstin içində saxlaya bilmədiyi sevgisinə qarşılıq verdi. Təhqir olunduğunu hesab etmək, səbrin tükənməsi, yəni tanış olduğu sevilmək duyğusu onu qərar verməyə tələsdirdi. O sadəcə təcrübəsiz, həyatın “toz-pəmbə” olacağını düşünən 17 yaşlı qız idi... “Mən onu sizdən artıq sevsəm də, o, sizdən pisdir” deyirdi Nastenka. Elə özünün dediyi kimi “bəzən ən pis adama da mərhəmətlə yanaşırlar”. Axı nə üçün insan öz xoşbəxtliyini seçməkdə azad olmasın? Axı nə üçün Nastenkanı qınayanlar həyatda ilk dəfə ciddi seçim qarşısında qaldıqda, öz qəlbinin səsini dinləyib, azad qərar verməsini nəzərə almır?! Nastenka xoşbəxtliyini seçdi. Öz reallığını seçdi. Nastenkanın qərarına Xəyalpərəstin reaksiyası təsirli idi. O sarsılmışdı. Xəyal qırıqlığı yaşayırdı, reallıq ilə üz-üzə gəlmişdi. Amma o buna rəğmən Nastenkanı bağışladı. Çünki Nastenka həqiqi insan münasibəti ilə onun həyatına az müddətlikdə olsa, rəng qatdı. Xəyallar xoşbəxtlik və sevgiyə ilham verə bilər, amma əsası reallıqdadır. Gerçək dünya ilə xəyallar arasında tarazlığı, harmoniyanı qorumaq olduqca vacibdir. Tamamilə xəyallara təslim olan insan yalnızlığa düçar olacaq... “Bəyaz gecələr” bizə bunu deyir.
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2019102,4bin okunma
·
59 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.