Gönderi

Həqiqət, yalan və seks
Puan vermedi·376 syf.··
2025 1. kitabı
·
40 günde okudu
·
Okunma: 23 Mart 2025 22:10
Yazıda spoyler yoxdur. Mənasız yol yoldaşı Əvvəlki yazılarımın birində qeyd etdiyim kimi, Qdansk soyuq, rütubətli və depressiv yerdir. Əgər siz hər gün on iki saat işləyirsinizsə, bu depressivliyin dozası daha da artır, pessimizm isə adamı udur. Sən mübarizə aparıb həmin pessimizm girdabından çıxmaq istəyirsən, amma hər cəhdində daha da batırsan. İnsan kimi qalmaq belə məqamlarda fövqəladə güc tələb edir. Bəs mən nə edirəm? İki saat sürən uzun yolda kitab oxuyur, işdə isə musiqi dinləyirəm. Çıxış yolu budur. Qulaqcıq və kitabı evdə unudanda isə sadəcə papağımı gözümə çəkib mürgü döyürəm. Axırıncı yol yoldaşım Qaraqanın "Art və Xaos" romanı idi. Hər gün bir az vərəqləyir, diqqətimi çəkən hissələrin altını xətləyir, başımı avtobusun soyuq şüşəsinə söykəyib fikrə gedirdim. Böyük həcmli olsa da, hər gün az-az oxuyub bitirə bildim. Kitabın tənqidinə keçməzdən qabaq istəyirəm Qaraqan barədə ötən paylaşdığım "Qaraqan niyə özünə hörmət etmir?" adlı tənqidi yazımın özünü tənqid edim. Əvvəla, həmin yazının adı yersiz radikal olub. İndi yazsam, başqa ad seçərdim, yəqin. Qaraqana qarşı isə ona görə tənqidi mövqedəyəm ki, onun dediyi hər söz, atdığı hər addım şəxsilik sərhədindən çoxdan çıxıb və onu sevən, ilahlaşdıran kütlənin düşüncələrinə və hərəkətlərinə istiqamət verir. Qaraqanın onu sevən gəncliyə vurduğu ən böyük zərbə etiraz duyğusunu onların normativləri ilə uyuşmayan şeylərə - əxlaqsızlığa, dinsizliyə, cəmiyyətin cahilliyinə və bu qəlibdən olan şeylərə yönləndirməsi idi. Sadaladıqlarımın içində mübarizə aparılmalı olan tək şey cəhalət olsa da, məncə, Qaraqan da cəhalətin nədən qaynaqlandığını çox gözəl bilir. Əxlaqsızlığa gəlincə, bu, geylərin, lezbianların efirlərə çıxması, fahişəliyin tüğyan etməsi, qeyrətin əldən getməsi yox, günahsız insanların işgəncələrə, təqiblərə məruz qalması, körpələrinin gözləri önündə döyülməsi, şərlənib həbs edilməsi, xalqın sərvətlərinin bir qrup adam tərəfindən daşınmasıdır. Ciddi kütləsi olan, ələlxüsus da, yaradıcılığında pafoslu haqq-ədalətdən bəhs edən biri manipulyasiya edib həqiqəti gizlədirsə, bütün günahı cəmiyyətin üzərinə atırsa, deməli, amansız formada ağ yuyulub qara sərilməlidir. "Art və Xaos" - forma barədə bir neçə söz "Art və Xaos" rus dilindən olduqca uğursuz şəkildə tərcümə edilmiş iri bir cızma-qaradır. Onun cızma-qara olması məni narahat etmir. Mənim də həqiqət və yalan, sevgi və nifrət, ədalət və xoşbəxtlik barədə cızma-qaralarım çoxdur. Hətta "Məleykə" və "Gözəl qızların polis sevgisi" adlı iki cızma-qaramı (saytdan oxuya bilərsiniz) Qaraqanın kitabından daha sanballı əsər hesab edirəm. "Məleykə" ilə "Art və Xaos"un ssenarilərində kiçik bir bənzərlik də var - hər ikisində nakam sevgi qələmə alınıb. Amma mən həyasızlıq edib onu kitab kimi buraxmadım, Qaraqan isə bu qədər iri həcmdə cızma-qaranın ədəbi məhsul, bədii roman adlandırdı. Belə adlandırmasaydı, yəqin ki, bu cızma-qara ilə heç vaxt tanış olmazdım. Vaxt itkisi olması məsələsi isə mübahisəlidir, situasiyaya görə dəyişir. Bu uzun cızma-qaranı normal şəraitdə heç vaxt oxumaz, ilk səhifələrdəcə ondan imtina edərdim. Amma olduğum şərait normal deyildi. Nəsə oxumalı idim və əlimdəki tək kitab bu idi. Bir az da əsərin dili barədə. Kəramət Böyükçölün "Səs" romanına yazdığım tənqiddə belə bir hissə vardı: "...Bədii təsvir və ifadə vasitələri ilə topla rəqs edən və driblinqlərlə azarkeşləri coşduran braziliyalı futbolçu kimi davranmış yazıçının istedadını danmaq üçün qərəzli olmaq lazımdır. Odur ki, romanın forması barədə yalnız xoş sözlər söyləmək olar. Amma formanın mükəmməlliyi oyunun birinci və ən vacib hissəsidir. Mükəmməl forma oxucunu yormur, onu həqiqətən də keyfiyyətli ədəbi nümunə oxuduğuna inandırır və kitabın vərəqlərinə təhkim edir." Təəssüf ki, eyni şeyi Qaraqanın "Art və Xaos"u barədə deyə bilməyəcəm. "Art və Xaos" bədii təsvir və ifadə vasitələri sarıdan çox kasad, hədsiz uzunçu və quru kitabdır. Buna görədir ki, onu nə az, nə çox - düz qırx günə bitirdim. Bu, sürətli oxuyan biri üçün olduqca uzun müddətdir. Bir çox yerdə lüzumsuz ifadələr var. Məsələn, bizim dilimizdə "barbekü" sözü yoxdur. Onun əvəzinə "kabab" işlətmək lazım idi. Ümumiyyətlə, kitabda bizim dilə yad çoxlu sayda ifadə görmək olar. Deyək ki, tərcümə xətalarıdır. Birini xatırlayıram, "simple-black". Bunun əvəzinə "sadə qara" işlətmək olardı. Qarşılığı səhifənin aşağısında, sözlərin izahı yerində verildiyi üçün bunu tərcümə xətası yox, müəllifin öz hoqqabazlığı hesab etmək lazımdır. Həmçinin "flirt" sözünü də. Dilimizdə yer almasa da, tutaq ki, müəllif bunu neologizm kimi işlədib. Bu halda tələffüz qaydasında yazmalı idi. Yəni "flört". Dialoqlardakı ingilis sözlərinə isə irad bildirməyəcəm. Bu, situasiyaların daha canlı təsvirinə nail olmaq üçün müəllifin verdiyi qərardır. Həddini keçmiş yekəxanalıq Baş obrazın Qaraqan olduğunu dəqiq bilmirik. Çoxlu sayda oxşarlıq var və, çox güman ki, elə özünü qələmə alıb. Amma yenə də biz ədəbi tənqid ediriksə, gərək obrazın çıxdığı hoqqaları müəllifin ayağına yazmayaq. Yazdıqlarının bir çoxu, həqiqətən də, uydurma ola bilər. Əlqərəz, yaratdığı obraz hədsiz özündənrazı və həyatın faniliyini dərk etməmiş tipdir. Qadınlara qarşı əzici münasibəti, böyük xalq kütlələri, öz fanatları və geridəqalmış insan cəmiyyətləri barədə aşağılayıcı fikirləri musiqi karyerasını çox ciddi bəşəri uğur kimi hesab edən obrazın nə qədər yekəxana olduğunu göstərir. Obraz ulduz xəstəliyinə tutulub və bunun müalicəsi üçün yox, həqiqi mənini tapmaqdan ötrü Amerikaya köçüb. Sağalmadığını isə kitab boyu davam edən pessimist eqoizmlə görmək olar. Müəllif bir yerdə Nyu-York şəhərini səkkiz milyon siçovulun yaşadığı yer adlandırır. Qadınları ötəri həzz verən ərzaqlara bənzətdiyi hissə də var. Cəmiyyət, xalq barədə fikirləri isə klassik Qaraqan mövqeyidir. Yəni xalq özü yalanlara sarılıb, sağalmaq istəmir, cəhalət bataqlığında özü boğulmağı seçib. 308-ci səhifədə isə belə bir maraqlı hissəni qələmlə çevrələmişəm. "...siz azad ölkədə böyümüsünüz, hər zaman fikirləşdiyinizi deyə bilmisiniz. Mən isə uzun müddət azadlığın olmadığı keçmiş sovet imperiyasının ərazisində böyümüşəm." Sovet imperiyası dağılanda Qaraqanın cəmi üç yaşı vardı. Deyək ki, müəllif özündən yox, həqiqətən də, Sovet imperiyasının ərazisində böyümüş neytral bir obrazın həyatından yazır. Bir haqq-ədalət carçısı kimi bu hissədə və digər yerlərdə öz ölkəsindəki haqsızlıqlara sətiraltı toxunsaydı, həm onu oxuyan arif kəslər söhbəti tutacaqdı, həm də "Art və Xaos" nisbətən daha ciddi əsər olacaqdı. Amma sırf buna görə müəllifi qınamaq mənasızdır. Qaraqan siyasi əsər yazmayıb və bu hissədə də manipulyasiya etməyib. Bu da böyük şeydir. Müəllif dərindən bələd olmadığı mövzular barəsində arxayınlıqla danışır, çoxlu sayda həm dəxlisiz, həm də yanlış statistik məlumatlardan istifadə edir. Məsələn, bir yerdə yazır: "Təyyarə qəzalarının 90 faizi buludların üstündə yox, məhz təyyarə havaya qalxarkən baş verir." Bu informasiya mənə çox qəribə göründüyü üçün kiçik araşdırma etdim. Həm statistikaya, həm də qəzaların səbəblərinə nəzər yetirdim. Məlum oldu ki, müəllifin oxucuya "yedizdirdiyi" rəqəm həqiqətdə tam tərsi, təxminən 10 ilə 11 faiz arasında dəyişir. Bu qəzalar da əksərən mühərrik problemləri, təyyarənin və pilotun tam hazırlıqlı olmaması üzündən baş verir. Əksər qəzalar eniş mərhələsində baş tutur. Ən aşağı faiz isə havada olarkən baş verən qəzalara aiddir ki, bunun da səbəbi quşlarla və ya yad cisimlərlə toqquşma, uyğunsuz hava şəraiti və sair olur. Hər şey bir qırağa, axı nə ehtiyac vardı buna? Həm yanlış, həm lüzumsuz söz yığını. Boş yerə həcmi böyüdür. Bir yerdə də neandertalların homo-sapienslərdən gəldiyini yazır. Belə olmadığı, hər iki insan növünün paralel şəkildə mövcud olduğu çoxdan sübut olunmuş elmi faktdır. Əcdadları bir olub, amma biri o birindən törəməyib. Bu barədə uzun-uzadı yazmaq mənasızdır. İnternet doludur məqalə ilə. Əlqərəz, müəllif oradan-buradan oxuduğu mənasız, alayarımçıq və yanlış informasiyalarla sadəcə kitabın səhifə sayını artırıb. Həqiqət və seks Müəllif cinsi əlaqə səhnələrinə həddindən artıq geniş yer ayırıb. Axı nə gərək vardı bu həngaməyə? Hamının məşğul olduğu adi bir aktın bu qədər detallı təsviri oxucunu bezdirir. Əlbəttə ki, bu problemə etik prizmadan yanaşmıram. Bayaq qeyd etdiyim statistik məlumatlar və uzun fəlsəfi ehkamlar kimi, bunlar da boş söz yığınından başqa bir şey olmayıb. Müəllif əgər girdiyi cinsi əlaqə aktlarını detallı təsvir etməkdənsə, həqiqət və yalanlarla seks arasındakı əlaqəyə yer ayırsaydı, daha ciddi iş görmüş olardı. Bunu oxuyanlar arasında seksi tabu hesab edən və bu kəlmənin özündən belə diksinən yoldaşlar da olsun deyə başlığı belə seçdim. Həmin yoldaşlar sual verə bilərlər: Qaraqan seksin həqiqət və yalanlarla əlaqəsi barədə nə yaza bilərdi ki? Sən olsaydın, nə yazardın? Ümumiyyətlə, bunlar arasında nə əlaqə var? Nitsşe deyirdi ki, insan həqiqəti daşıya bilməyəcək qədər zəifdir, ona görə də miflər və yalanlar içində yaşayır. Cəmiyyətin normativləri, dinlərin qoyduğu qadağalar, əxlaqi qaydalar - fikir verin, əksəriyyəti insanın içindəki həqiqi istəklər, onun təbiətindən doğulan arzularla tərs düşür. Niyə diktaturalar, şəriət dövlətləri həmişə seks mövzusunda həssas olub, bu sahəyə ciddi nəzarət həyata keçirib, məhdudiyyətlər qoyub, qadağalar gətirib? Niyə heç bir diktatura, heç bir şəriət rejimində seks azadlığı yoxdur? Mişel Fuko bu məsələyə əla toxunub. O deyirdi ki, seks sadəcə şəxsi bir məsələ deyil, eyni zamanda, dövlət və kilsə kimi güc maşınlarının idarə etdiyi bir alətdir. Seksuallıq üzərində qurulan tabular, qadağalar və normalar əslində cəmiyyətin fərd üzərindəki nəzarət mexanizmidir. Seksual azadlıq isə insanın daha müstəqil düşünməsinə səbəb ola bilərdi, çünki seksual azadlıqla birlikdə fərd öz bədəninin və zövqlərinin sahibi olmağa başlayır. İstədiyi vaxt istədiyi insanla qarşılıqlı razılaşma əsasında cinsi əlaqə quran insanlardan ibarət toplumu zəncirləmək, səsini boğmaq daha çətindir, nəinki seks aclığı çəkən cəmiyyəti. Yalan və seks Seks həm də yalanın ən çox yayıldığı sahələrdən biridir. İnsanlar cinsi istəklərini basdırır, onu müxtəlif çərçivələrə soxmağa çalışır. Bu, bəzən dindən, bəzən əxlaq normalarından, bəzən isə dövlət qadağasından qaynaqlanır. Freydin psixoanalitik nəzəriyyəsinə görə, insan psixikasının təməlini cinsi istəklər təşkil edir. Yəni seks çılpaq həqiqətdir. Amma həm din, həm dövlət, həm də cəmiyyət əl-ələ verib bu istəkləri boğur və nəticədə insanlar öz həqiqətlərini basdıraraq yalançı şəxsiyyətlər formalaşdırırlar. Məsələn, dini cəmiyyətlərdə insanlara seksin yalnız çoxalma məqsədi daşıdığı aşılanır, müqəddəs kitablar zinanı, fahişəliyi qadağan edir. Amma fikir versəniz, görərsiniz ki, bar-bar bağıraraq qadağan etdikləri şeyləri özləri gizlincə edirlər. Həmin cəmiyyətlərdə elitada yer alan və imtiyazı olan adamlar arasında gizli münasibətlər, zina, fahişəlik geniş yayılıb, yerdə qalan insanlar, yəni xalq isə bu yalanları yeyib həmin uydurma qaydalara boyun əyir. Həqiqət budur ki, seks insan təbiətinin ayrılmaz hissəsidir və onu inkar etmək yalan üzərində qurulmuş sistemlərin kökünə gübrə tökməkdir. Axı azadlıq da məhz insanın öz istəklərini tanıması və başqalarının yaratdığı yalanlardan uzaqlaşması ilə başlayır. Qaraqan hansısa eksortla qurduğu cinsi əlaqəni, əsərin digər qəhrəmanları ilə yataq səhnələrini çox detallı təsvir etmək əvəzinə bu mövzuya toxunsaydı, "Art və Xaos"u həqiqətən ciddi əsər hesab etmək olardı. Çünki kitabın mövzusu həqiqət və yalandır və müəllif onun, yalan olmasın, azı iyirmi-otuz səhifəsini seks səhnələrinin təsvirinə ayırıb. Müəllifin bu əlaqələndirməsi də məhz buna görə yerinə düşərdi. Amma biz çox gərəksiz söz yığını, detallı təsvirinə ehtiyac olmayan səhnələr, bu səhnələrin saqqız kimi uzadılması və kitabın hər yerində təkrarlanmasından yoruluruq. Yalanlar və həqiqət barədə yazdığı fikirləri bəyəndiyim üçün bunu ayrıca təhlil etmirəm. Təkrarçılıq hər yerdə adamı yoran şeydir. Plagiatizm ümumilikdə Qaraqan yaradıcılığına xas xüsusiyyət olduğuna görə bu fikirləri haradansa götürməsi ehtimalı barədə də başımı yormadım. Götürübsə də, canı sağ olsun. Yekun Son olaraq, bunu oxuyan sənə dostyana tövsiyəm budur ki, ciddi əsərlər mütaliə et, vaxtını düzgün qiymətləndir. Həyat kiminsə kitab adı ilə "soxuşdurduğu" böyük cızma-qaraları oxumaq üçün çox qısadır. Başa düşürəm, Azərbaycanda həyat təsəvvür etdiyimizdən də darıxdırıcı keçir və ciddi insanlar öz vaxtlarını belə mənasız işlərlə öldürürlər. Amma Qaraqanın pafoslu fəlsəfi cümlələrindən təsirlənib “Döyüşçü klubu” kitabından kopyaladığı “A” adlı cızma-qarasını, ssenarisini “Pasxa tamaşası” filmindən götürdüyü “Mələk” adlı cızma-qarasını və digərlərini də oxumayasan deyə bir neçə ciddi hesab etdiyim əsər tövsiyə edəcəm və yazını bununla yekunlaşdıracam: 1. "Sapiens" və "Homo Deus" , Harari 2. "Yad" , Kamyu 3. "Edam məhkumunun son günü" , Hüqo 4. "Səfillər" , Hüqo 5. "Master və Marqarita" , Bulqakov 6. "Yeraltından qeydlər" , Dostoyevski 7. "Dövlət" , Platon 8. "Martin İden" , London 9. "Hərb və sülh" , Tolstoy 10. "Gün var əsrə bərabər" , Aytmatov
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019881 okunma
·
252 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.