Piyanist Nazi Almaniyasının törətdiyi soyqırım zamanı həyatda qalmağı bacaran, məşhur yəhudi pianoçu Wladyslaw Szpilman 'ın gerçək həyat hekayəsidir.
Wladyslaw Szpilman kitabda yalnız sağ qalma mübarizəsini deyil, eyni zamanda insanlığın necə amansızca susdurulduğunu, əziyyət edildiyini, yox edilməyə çalışıldığını yazır.
Kitabda Nazi Almaniyasının Varşavada törətdiyi soyqırımdan bəhs edilir. Gettoya toplanan yəhudilər, durduğu yerdə güllələnən, öldürülən insanlar, məhv edilən həyatlar.. Kitab boyunca bir şəhərin necə səssiz bir qəbiristana çevrildiyini oxuyuruq. Təkcə aclıq, qorxu və yoxsulluq yox, həm də bir xalqın kimliyinin silinməyə çalışıldığı, vicdanın susdurulduğu bir dövrdür bu.
Ən dəhşətlisi isə bu idi ki, heç bir günahı olmayan insanlar sadəcə "yəhudi" olduqları üçün öldürülürdü. Qadınlar, uşaqlar, qocalar.. Durduq yerə yox edilən həyatlar, heç nə olmamış kimi üzərindən keçilən cəsədlər...
Szpilman'ın yaşadığı çarəsizlik, acından ölümlə üz-üzə qalması, sığınacaqdan sığınacağa keçməsi, pəncərədən ölümə baxıb sağ qalmağa çalışması... Bunları oxumaq, insanı reallığın sərtliyi ilə üzləşdirir.
Mənə ən çox təsir edən hissələrdən biri isə, alman zabiti olan Wilm Hosenfeldin Szpilmanı gizlədib qoruması oldu. Bu səhnə, zorakılıq və susqunluq içində bir nəfərin hələ də insan qaldığını göstərir. Hər şeyin dağıldığı, milyonların susduğu zamanda bir nəfər insanlıq adına danışır, hələ də düzgün olanı edirdi.