·388 syf.··Beğendi
···Okunma: 01 Mayıs 2025 00:37 Çağrı – Məncə, bu əsəri oxuyarkən hər kəs öz Çağrısını tapacaq.
Son bir ayda oxuyub bitirdiyim bu əsər Elçin Əzimlinin ikinci romanıdır və deyim ki, müasir Azərbaycan ədəbiyyatında bu qədər bədii dəyəri olan, eyni zamanda tarixi bir nəfəs kimi oxunan romanlara çox az rast gəlmişəm.
Əsər XIII əsrdə, Çingiz xanın yürüşləri zamanı baş verir. Hadisələr baş qəhrəman Çağrı bəyin gözü ilə təsvir olunur. Gənc, 18 yaşında bir insanın yaşadıqları, düşüncələri, çarəsizliyi, eyni zamanda içindəki təmizliyi əsərə çox xüsusi bir ruh qatır. O, sadəcə bir qəhrəman deyil – oxucu üçün də güzgüdür.
Ən çox nəyə vuruldum? Açıq deyim, bədii təsvirlərə. Bəzi cümlələr var idi ki, altından xətt çəkib dönüb bir də oxudum. Hadisələr, təbiət, hisslər o qədər gözəl və yumşaq dillə təsvir olunmuşdu ki, elə bil yazılanları oxumurdum, yaşayırdım. Çağrı ilə birgə səhralarda gəzdim, at çapdım, qorxdum, düşündüm...
Bu arada, kitabı yalnız "tarixi roman" kimi səciyyələndirmək istəmirəm. Əslində, bu janr sevənlər üçün mükəmməl seçim olsa da, dərin emosional xətti və bədii dili ilə çox fərqli oxuculara da xitab edə bilər.
Məncə, bu əsəri oxuyarkən hər kəs öz Çağrısını tapacaq. Kimimiz üçün bu, keçmişlə barışmaq olacaq, kimimiz üçün isə sadəcə keyfiyyətli Azərbaycan dilində yazılmış gözəl bir romanla tanışlıq.
Və sonda nəşr keyfiyyətindən danışmadan keçə bilmərəm. Kitabın üz qapağı, ümumilikdə dizaynı çox zövqlə hazırlanıb. Oxuduqca həm məzmunun, həm də fiziki toxunuşun həzzini aldım. @teaspress.az-a böyük təşəkkürlər!
Alın, aldırın. Mütləq oxuyun!