9/10
·394 syf.··
Beğendi
·
2025 20. kitabı
·
3 saatte okudu
·
Okunma: 10 Mayıs 2025 17:33
Mən bu kitabı oxuyanda elə bildim ki, Dostoyevski illər əvvəl mənim beynimə girib, orda dolaşıb, sonra çıxıb deyib: “Gəl, sənə səni göstərim”. Və göstərdi. Deyim ki, xoş oldu? Xeyr. Amma həqiqət idi. Həqiqət heç vaxt rahat olmur. Gecə yarısı bitirdim bu romanı. Amma bitirmək deyəndə – kitab qapanır, amma insanın içində bir şey açılır, açıldıqca da ağrıyır. Gözüm tavanı görürdü, beynim Nataşanın gözlərində idi, Vanyanın acizliyində, Nelli'nin ölü bədənində... Mən dostlarımı, özümü, sevdiklərimi düşündüm. Düşündüm ki, bu roman heç də bir hekayə deyil – bu roman bizim haqqımızda yazılıb. Mənim haqqımda. Sənin, onun, hər kəsin. “Dostoyevski psixoloji yazır” deyirlər. Yox. Dostoyevski psixoloji yazmır – psixologiyanın özüdür. Kitabdakı bütün obrazların – yaxşısının, pisinin – içi açılıb önümüzə qoyulub. Knyaz Valkovski'yi oxuyanda nifrət edirəm. Amma bir də baxıram ki, o nifrətin içində tanış bir şey var – bəlkə də məndən bir parça. Sonra utanıram, susuram. Dostoyevski mənə bunu çox edir – mənə özümü göstərir, və deyir: "Gör, sən də beləsən". Ən pisi də budur – bəli, mən də beləyəm. Vanya – sevgisini içində boğub başqasının xoşbəxtliyi üçün yaşayan bir yazıçı. Elə yazıçı deyil, bir ağrıdır o. Kitabı oxuyarkən elə bildim, Dostoyevski Vanya vasitəsilə susduğumuz bütün duyğuları danışır. Bu qədər sevib susmaq – bu qədər bağlı olub imtina etmək – yalnız əzilənlərin alfabesidir. Nataşa – ailəsindən ayrılmış, sevgiyə sığınmış bir qadın. Amma o sevgi də onun içini parça-parça edir. O qədər güclü, bir o qədər də qırılmışdır. Mən çox insan gördüm bu həyatda – amma onların heç biri Nataşa qədər mənim qəlbimi sındırmadı. Nelli – o artıq bir obraz deyil. O, uşaq üzlü, acı gözlü, yetim bir insanlığın heykəlidir. Onun əli Vanyanın əlində olanda mən özümü tutub ağlamamaq üçün gözlərimi yumdum. O yaşda bir qızın bu qədər ağrını daşıması – Dostoyevski'nin bəlkə də ən böyük fəryadıdır. Sanki deyir: "Baxın, budur sizin cəmiyyətiniz!" Dostoyevski bizi öyrətmir. Bizi ifşa edir. Bizi bizimlə tanış edir. Sözlərlə deyil, şillə ilə. Bu kitabı oxuyanda sadəcə "ədebiyyat" oxumursan. Öz içini oxuyursan. Və görürsən ki, biz hamımız natamamıq. Heç birimiz təmiz, dürüst, saf deyilik. Hər birimiz ya Valkovski kimiyik – manipulyator, ya Vanya kimiyik – susqun, ya da Nataşa kimiyik – qırıq. Əgər heç biri deyilsənsə, yəqin Nelli kimisən – susqun və təslim olmuş. Dostoyevski'nin dili bəzən ağırdır, düşüncələri dərin. Amma elə bu dərinlik insanı batırır. Mən bu kitabı oxuyanda başa düşdüm ki, Dostoyevski xoşbəxt insanlar üçün deyil. Əgər həyatında hər şey qaydasındadırsa, onu oxuma. Çünki onu anlamaq üçün qaranlıqla tanış olmaq gərəkdir. Öz içində itmiş biri olmalısan. Yoxsa sadəcə sözlər görərsən – o dərinliyi hiss edə bilməzsən. "Ezilənlər" oxuduğum əsərlər arasında qara bir dəftər kimidir. O dəftərdə günahlar yazılıb – insanın günahları. Bəlkə də elə buna görə hər kəs oxumalıdır bu kitabı. Hər kəs öz günahını oxumaq üçün. Mən Dostoyevski ilə təkcə bir yazıçını deyil, bir xəstəni, bir peyğəmbəri, bir güzgünü tanıdım. Və onun dediyi kimi: "Hər birimizin içində açılmamış qaranlıq otaqlar var. O otaqları açsan, insanın kim olduğunu görərsən." O otaqları mən bu kitabla açdım. İşıq yox idi. Amma həqiqət var idi. Dostoyevski oxumaq – özünə dürüst olmaq cəsarətidir. Əgər bu cəsarətin varsa, "Ezilənlər" səni gözləyir. Yoxsa... qayıt geri. Hələ hazır deyilsən
EzilenlerFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 202223,8bin okunma
·
106 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Ne güzel bir inceleme olmuş. Yeni bitirdiğim bu kitabı öyle güzel anlatmışsınız ki. Özellikle "Dostoyevski bizi öyretmir bizi ifşa edir" Cümlenize hayran kaldım. Tam olarak böyle bir kitaptı. Teşekkürler bizimle paylaştığınız için 🍀
Amil
Gönderi Sahibi
Təşəkkürlər😊