·68 syf.··Beğendi
···Okunma: 20 Mayıs 2025 11:16 Mən bu kitabı bir oturumda oxuyub bitirdim. Həqiqətən də elə bir əsərdir ki, başlayanda dayana bilmirsən. Amma bu “davam etmək” halı sadəcə süjetin maraqlı olmasından yox, eyni zamanda insanın içinə işləyən bir şeylərdən gəlir. Hər səhifədə insanı narahat edən, düşündürən, bəzən də acı verən cümlələr var.
Əsərdə məni ən çox təsirləndirən şey həkim Andrey Yefimıçın dəyişimi oldu. Əvvəldən onu bir az uzaq, sanki həyatla əlaqəsini kəsmiş biri kimi görürsən. Hər şeyə “filosofca” baxır, amma bu baxış sanki canlı həyatın içində yox, uzaq bir qüllədə yaşayan bir insanın baxışıdır. İnsan əzablarına “normaldır”, “qədərdir” deyə münasibət göstərməsi, əslində onun həyatla nə qədər əlaqəsiz olduğunu göstərir.
Amma sonra İvan Dmitriçlə tanış olur. Və bu adam — yəni dəlixanada qalan bir “dəli” — onun içindəki ölü ruhu oyadır. Bu dialoqlar, bu fəlsəfi qarşılaşmalar o qədər təsirlidir ki, insan öz həyatına da baxır. Biz əslində nə qədər şeyə susuruq? Nə qədər şeyi “normal” sayıb keçirik? Bəlkə də bu kitabda “dəli” olanlar ən çox düşünən, ən çox hiss edən adamlardır…
Ən sarsıdıcı an, təbii ki, həkimin özü də dəlixanaya salındığı hissə idi. Oxuyanda ürəyim sıxıldı. Öz həyatına uzaqdan baxan bir adam, birdən-birə o həyatın içində, ən dibində, ən aşağı nöqtəsində tapır özünü. Əvvəllər nəzəri baxışlarla izah etdiyi iztirabı indi özü yaşayır. Və orada bütün ideyalar, bütün fəlsəfələr çökür. Qalır tək bir şey: insanlıq.
Bu kitabı oxuyanda düşündüm ki, insan ağlı ilə qəlbini bir yerdə yaşada bilməyəndə, ya donuqlaşır, ya da tamamilə sınır. Bəzən bir sistemin içində yaşamaq, amma heç nəyi dəyişməyə cəhd etməmək də bir növ səssiz qəddarlıqdır. Ragin bu qəddarlığın fərqinə gec vardı.
Sonda deyə bilərəm ki, “6-cı Koğuş” təkcə ruhi xəstəxanadakı insanların hekayəsi deyil. Bu kitab, cəmiyyətin içində susqunlaşmış, mexanikləşmiş, hisslərini itirmiş insanların portretidir. Bəlkə də bir az da bizim.