George Orwell-in “Heyvan Çiftliyi” əsərini oxuduqca özümü sadəcə bir hekayənin içində deyil, insanlıq tarixinin çox acı bir səhnəsində hiss etdim. Əsər bəzən donuzlar, atlar və qoyunlar haqqında danışsa da, bu heyvanların arxasında gizlənmiş olan insan obrazları məni silkələdi. İlk baxışdan bu kitab sadə bir nağıl kimi görünə bilər. Amma oxuduqca anlayırsan ki, bu əsər azadlığın necə yalanlara çevrilə biləcəyini, bərabərliyin necə istismar vasitəsinə dönə biləcəyini göstərən bir çığırışdır.
Əsərin əvvəlindəki ümid dolu atmosfer — heyvanların üsyanı, azadlıq arzusu, ədalətli bir sistem qurmaq istəyi — məni də onlarla birgə həyəcanlandırdı. Snoubollun planları, heyvanların birgə əməyi və bir anda hər şeyin mümkün görünməsi… Bu, insan təbiətindəki ən gözəl hisslərdən birini – ümidi oyadır.
Amma bu ümidi Napoleonun qəddarlığı və sistematik yalanları qısa zamanda boğur. Snoubollun qovulması, ard-arda dəyişdirilən qaydalar, “Bütün heyvanlar bərabərdir, amma bəziləri daha bərabərdir” kimi cümlələr mənə yalnız kitab deyil, cəmiyyətin özü haqqında da düşünmək imkanı verdi.
Ən çox təsirləndiyim səhnələrdən biri isə Boxer adlı atın sonu oldu. Ən sadiq, ən çalışqan, ən təmiz niyyətli heyvan idi o. Həmişə “Mən daha çox işləməliyəm” deyirdi. Amma sistemə ən çox inanan da o oldu və nəhayət, qocalanda satıldı. Ədalətin yoxluğu insanın içini göynədir bu səhnədə. Boxer sanki real həyatda istismar olunan milyonlarla insanın simvoludur.
Kitabın son səhifəsində isə, donuzlarla insanlar birlikdə içki içəndə və heyvanlar onların kim olduğunu ayırd edə bilməyəndə, içimdə qəribə bir boşluq yarandı. Sanki müəllif mənə pıçıldayırdı:
“Bax, hər şey belə baş verir – idealizm sona çatır, yalanlar qalır.”