·464 syf.··Beğendi
···Okunma: 18 Haziran 2025 18:28 Təbii ki, dörd-dördlük klassikanı oxuduqdan sonra yazıya başlamaq üçün dəfələrlə fikrini toplamağa məcbur olursan.
Fransa burjua inqilabı Avropanın düşüncə tərzini dəyişdirən, demokratiyanın yaranışı, inkişafı üçün taleyönümlü hadisə idi. Hər nə qədər tarixi tərəflərini araşdırsam belə, bu kitabda sosioloji yönümlərinin necə ön plana çıxdığına şahidlik etdim. "İki şəhərin hekayəti" təkcə Paris və Londonun harayı ilə kifayətlənməyərək, bütün bir dövrün insanlıq taleyini, kasıb xalqın səfalətini, aristokrat təbəqənin necə ədəbsiz, təkəbbürlü olduğunu bariz şəkildə əks etdirir. Əsəri oxuduqca zaman dilimini aşmaqla, özünü o dövrün savaş, küçə səhnələrində hiss etmə duyğusuna qərq olursan. Diqqətlə təhlil etdikcə görürsən ki, adı keçilən hər bir obraz, məkan Çarlz Dikkensin simvolizmində qurğunun tərkibi kimi hamısı bir birini tamamlayır. Hətta Londonda yerləşən Tellson bankı belə köhnəlmiş, işə yaramayan sistemi sətiraltı təsvir edirdi. Obrazların fərdi faciəsi üzərindən isə cəmiyyətin necə ağır dönəmlə qarşılaşdığını görmək mümkün idi. Romanla bağlı ən çox ortaya atılan tənqid ondan ibarətdir ki, inqilabda xalqın iştirakının ifrat dərəcədə qisasçılığa, zülmə çevrilməsidir. Corc Oruellin bununla bağlı mövqeyi ondan ibarət idi ki, müəllif inqilabın səbəblərini başa düşsə də, nəticələrindən dəhşətə gələrək bu metoda əl atıb. Hekayədə davranışları ilə məndə xüsusi simpatiya doğuran personajlardan biri Dr. Manette idi. 20 il yaxın müddətə Bastiliya həbsxanasında haqsız yerə saxlanılan həkim, sonrasında aldığı travmalarla insanın bərpa prosesinin simvolu kimi dəyərləndirilməlidir. Onun timsalında bir daha əmin oluruq ki, çəkdiyimiz acılar gücün, dirənişin inkişafına təkan verir.
Dünya ədəbiyyatının ən fədakar obrazını unutmaq günah olardı. Synder Cartonun başlanğıcdan etibarən hər sahədə özünü arxa plana atması, artıq onun başqalarının xoşbəxtliyi üçün öz xoşbəxtliyindən keçə biləcəyi siqnalını verirdi. Çünki bu qəbildən olan insanlar öz dəyərini unudur, kənarda qalmaq hissi ilə yaşayır. Həlledici məqamda özünü qurban verməsi, ruhu üçün xilas olsa belə,oxucunu Carton üçün hər şeyin daha yaxşı ola biləcəyi düşüncəsi tərk etmir.
Tarixin keçmişində dram, azadlıq,sevgi, yoxluq,hüzn, savaş mövzularına maraqlı olan hər bir kəs ürək rahatlığı ilə bu romanı oxuya bilər.