Məsudə Cabbarın "Cahan" əsəri mənim üçün təkcə bir roman deyil, hisslərin, ağrıların və qadın gücünün səssiz fəryadı oldu. Kitabı oxuyarkən özümü bir kənardan izləyici kimi hiss etdim. Elə bil bir otağın pəncərəsindən baxır, Cahanın həyatını səssizcə izləyirdim. Toxuna bilmədən, müdaxilə etmədən, sadəcə şahid olaraq...
Əsərdə məni ən çox sarsıdan hissə Rəvanın Cahanın sevdiği insanın onu axtararkən dünyasını dəyişməsi oldu. Həyatda bəzən sevgi çatmağa bir addım qalmış bitər. Rəvanın ölümü bu romanın ən ağır, amma ən dərin yerlərindən biri idi. Onun bu səssiz vedası, həm gecikmiş sevginin, həm də taleyin acı gülümsəməsi kimi gəldi mənə.
Cahan isə mənə görə güclü qaldı. Çünki o, sonda sevdiyinə qovuşdu. Bəzən güc, həyatda qalmaq deyil – inanmağa davam etməkdir. Onun inancı, sevgisi və səssiz dözümü ilə yaşaması – bu onun həqiqi gücü idi.
Kitabın dinlə bağlı hissələrini oxuduqca bir cümlə canlandı beynimdə:
“İnanclar... insan inandığı qədər var ola bilir ancaq.”
Bu cümlə mənim içimdə bir şeyləri silkələdi. Bəlkə də bu dünyada yaşamağın yeganə yolu bir şeyə inanmaqdır. Və o inanc insanı var edir.
Bu kitabı oxumaq mənim üçün həm ağır, həm də düşündürücü oldu. Özümü Cahanın yerində görmək istəməzdim, çünki o həyat mənim üçün çox qaranlıq, çox yorucu və çox sarsıdıcı idi. Amma onun hekayəsini izləmək həyatın nə qədər sərt və eyni zamanda nə qədər dərin olduğunu bir daha xatırlatdı.
Sonda deyə bilərəm ki:
“Cahan” sadəcə bir qadının hekayəsi deyil. Bu, hər şeyə rəğmən sevə bilən, yaşaya bilən və inana bilən insanların səssiz fəryadıdır. CahanMəsudə Cabbar