Zülfü Livanelinin “Serenad” əsəri ilk baxışda bir eşq hekayəsi kimi görünsə də, mahiyyət etibarilə dərin mövzulara toxunur. Oxuduqca aydın şəkildə görmək olar ki, roman sevgi ilə yanaşı, xalqların və dövlətlərin qaranlıq tarixini, fərdlərin seçimlərini, təsadüfi qarşılaşmaların insan həyatında yarada biləcəyi böyük dönüş nöqtələrini işıqlandırır. Əsər, oxucunu yalnız qəhrəmanların duyğusal hekayəsinə deyil, həm də tarixin gizlədilən, danışılmaqdan çəkinilən səhifələrinə aparır.
Romanda təsadüfi bir qonağın gəlişi ilə əsər qəhrəmanı Maya Duran'ın həyatının və düşüncələrinin dəyişməsini, insan taleyinin təsadüfi yönlərini göstərməklə yanaşı, tarixi yaddaşla üzləşmənin zəruriliyini də vurğulayır. Livaneli burada dövlətlərin siyasi rejimlərini, qərarlarını tənqid etməklə oxucunu həm fərdi seçimlərin, həm də kollektiv məsuliyyətin yükü ilə qarşı-qarşıya qoyur. Qəhrəmanların yaşadıqları faciə, oxucunun da tarixi hadisələrin şahidinə çevrilməsinə səbəb olur.
Romanın gücü ondadır ki, müəllif real tarixi faktları bədii təxəyyülün dili ilə elə ustalıqla birləşdirir ki, sərhəd demək olar ki, itir. Oxucu həm qaranlıq qalmış tarixin ağırlığını, həm də bədii sözün duyğusal təsirini eyni anda hiss edir. Əsər qəhrəmanlarının dialoqlarında yönləndirilən suallar oxucunu dərindən düşünməyə vadar edir. Bu sintez nəticəsində “Serenad” yalnız bir roman olmaqdan çıxır, həm də tarixin, ədəbiyyatın və fəlsəfənin kəsişməsində dayanan dərin bir mətnə çevrilir.
Əsərdə vurğulanan siyasi göndərmələr, dövlətlərin maraqlar uğrunda törətdiyi haqsızlıqlar, xalqların kollektiv yaddaşına vurulan zərbələr oxucunu düşündürür: tarixi unutmaq, yoxsa onunla üzləşmək? Bu sual romanın mərkəzi xəttini təşkil edir. Livaneli isə cavabı oxucunun öz vicdanına buraxır.
Nəticə etibarilə, mənim üçün “Serenad” sadəcə bir sevgi hekayəsi deyil; o, tarixin sükutla ört-basdır etdiyi həqiqətləri gündəmə gətirən, insanın taleyini həm şəxsi, həm də ümumbəşəri səviyyədə sorğulayan möhtəşəm bir türk romanı oldu. Əsər göstərir ki, bədii söz yalnız duyğuları ifadə etmək üçün deyil, həm də tarixi gerçəkləri üzə çıxarmaq, insan vicdanını silkələmək üçün güclü bir vasitədir. Zülfü LivaneliSerenad