7/10
·200 syf.··
Beğendi
·
2025 37. kitabı
·
29 günde okudu
·
Okunma: 18 Ağustos 2025 20:25
Franz Kafka bəlkə də dünya ədəbiyyatının ən paradoksal yazıçılarından biridir. Onun əsərlərində biz həyatdan çox bir yuxunu, amma yuxudan da çox bir kabusu xatırladan atmosferlə qarşılaşırıq. “Ceza Kolonisinde” və “Bir Açlık Sanatçısı” hekayələri də məhz bu kabusvari dünyanın iki müxtəlif üzünü göstərir: biri sistemin amansız mexanizmini, digəri isə insanın içindəki boşluğu. “Ceza Kolonisinde” hekayəsində bir zabit, köhnə bir cəza aparatına kor inancla bağlıdır. Aparat insanın dərisini deşərək “hökmü” yazır, onu öldürür, amma guya ona “aydınlanma” gətirir. Burada mən Kafka’nın ən çox tənqid etdiyi məqamı görürəm: qanunun, ədalətin və ya ideologiyanın insandan üstün tutulması. Ədalət insanı xilas etməlidir, amma mexanikləşmiş sistemlərdə ədalət insanı əzir, hətta məhv edir. Kafka deyir ki, köhnəlmiş qanunlara fanatik dərəcədə inanmaq yalnız mənasız ölümlərə gətirib çıxarır. Zabitin özünü aparata qurban verməsi, amma heç bir “aydınlanma” yaşamadan ölməsi də bunu təsdiqləyir. Mənim fikrimcə, bu hekayə hər bir cəmiyyətdə avtoritar təfəkkürün necə təhlükəli ola biləcəyini göstərən çox güclü bir metaforadır. Digər tərəfdən, “Bir Açlık Sanatçısı” tamamilə fərqli bir istiqamətdən danışır. Burada heç bir zorakılıq, qanlı aparat yoxdur. Sadəcə bir qəfəsin içində aclıq çəkən bir sənətçi var. Amma mənim üçün bu hekayə daha da sarsıdıcıdır. Açlıq sənətçisi özünü fədakarlıqla göstərsə də, əslində sadəcə həyatla əlaqəsini itirmiş bir insandır. O, yeməyi sevmədiyi üçün yemir – yəni aclığı fədakarlıq yox, boşluqdan doğur. Daha da acısı budur ki, insanlar əvvəlcə ona maraq göstərsə də, sonra unudurlar. Yerinə qəfəsə qoyulan panter isə həyatın özünü, gücünü, canlılığını təcəssüm etdirir. Məncə Kafka burada deyir: cəmiyyətin gözü hər zaman canlı, güclü, parlaq olanın üzərindədir; mənasız bir fədakarlıq isə heç kəsin yadında qalmır. Bu iki əsəri yanaşı oxuyanda belə bir nəticəyə gəlirəm: Kafka üçün əsas problem həm sistemin insanı əzməsi, həm də insanın öz içində həyat anlamını tapa bilməməsidir. Birində insan xaricdən məhv olunur (koloniya, aparat, zorakılıq), digərində isə daxildən (boşluq, biganəlik, mənasızlıq). Bu mənada Kafka’nın fəlsəfəsi mənə çox pessimist görünsə də, eyni zamanda çox realdır. Çünki biz də gündəlik həyatımızda ya sistemin sərt qaydaları, ya da öz daxili boşluqlarımızla mübarizə aparırıq. Mənim şəxsi qənaətim odur ki, Kafka əsərlərində həmişə xilas yolunu göstərmir, amma problemi açıq şəkildə üzümüzə çırpır. Bəlkə də bu, daha qiymətlidir. Çünki insan əvvəlcə problemin fərqinə varmalıdır. “Ceza Kolonisinde” bizə soruşur: qanunun, ədalətin arxasında doğrudan da insan varmı? “Bir Açlık Sanatçısı” isə soruşur: sənət və ya həyat – hansına daha çox bağlısan? Kafka’nın dili soyuq, hadisələri amansız olsa da, onun sətirlərində gizli bir çağırış var: insanı gör, insana dəyər ver, sistemi, ideologiyanı, şüarı deyil, insanın özünü önə çək. Məncə, bu iki əsərin ən dərin mesajı da elə budur.
Ceza Kolonisinde ve Diğer ÖykülerFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 201711bin okunma
·
16 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.