“Çərpələng Uçuran” romanı yalnız bir dostluq və xəyanət hekayəsi deyil, həm də insanın vicdanı ilə apardığı uzun və ağrılı mübarizənin təcəssümüdür. Xalid Hüseyni bu əsərində oxucunu həm Əfqanıstanın faciəli tarixi ilə, həm də insan ruhunun ən gizli qatları ilə üz-üzə qoyur.
Əsərin qəhrəmanı Amir uşaqlığını Kabilin köhnə küçələrində, zəngin ailədə böyüyür. Onun ən yaxın dostu isə evlərində xidmətçi işləyən Hazara millətindən olan Həsəndir. Çərpələng yarışları, uşaq oyunları və bir-birinə bağlılıq onların həyatını bəzəsə də, bu dostluğun dərinliyində gizli bir qeyri-bərabərlik dayanır: Amir sahibkarın oğlu, Həsən isə xidmətçinin balasıdır.
Əsərin qırılma nöqtəsi çərpələng yarışında baş verir. Həsən Amirin uğuru üçün özünü fəda edir, lakin qarşılaşdığı zorakılıq anında Amir susur. Bu səssizlik isə onun bütün həyatına damğa vurur. Vicdanının səsini boğan Amir bir müddət sonra Həsəni uzaqlaşdırır, lakin yaddaşından və içindəki günahkarlıqdan qurtula bilmir.
İllər keçir. Əfqanıstan işğala məruz qalır, Amir atasının yanında Amerikaya köçür. Lakin keçmiş daim arxadan onu izləyir. Vətənə qayıdışı Amirin öz vicdanı ilə son dəfə üz-üzə gəlməsi, Həsənin oğlunu xilas etməsi və “yenidən yaxşı olmaq” üçün cəsarət toplaması ilə nəticələnir.
“Çərpələng Uçuran” oxucunu həm ağladan, həm də düşündürən bir romandır. Bu əsər bizə öyrədir ki:
Günahdan qaçmaq olmaz, vicdan səsi hər zaman arxamızca gələcək.
Həqiqi güc var-dövlətdə deyil, insanın sədaqətində və fədakarlığında gizlidir.
Hər bir insanın həyatında “yenidən yaxşı olmaq” şansı var – əsas odur buna cəsarət tapasan...